RU

Boğazdakı böhran səmaya sıçradı Qiymətlər od tutub yanır

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dünya iqtisadiyyatının əsas arteriyalarından sayılan Hörmüz boğazındakı gərginlik artıq dəniz səviyyəsindən səmaya, uçuş qiymətlərinə qədər sıçrayıb. Yaxın Şərqdəki geosiyasi təlatümlər qlobal enerji bazarını silkələməklə yanaşı, beynəlxalq aviasiya sektorunu da qeyri-müəyyənliklə üz-üzə qoyub.Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, Hörmüz Boğazı bir sıra xüsusiyyətləri ilə qlobal iqtisadiyyatda və ticarət münasibətlərində əhəmiyyətli rol oynayır:"Xüsusilə enerji daşıyıcılarında, o cümlədən neft tranzitində təxminən 20-25 faiz paya malikdir. Sıxılmış qazın tranzitində 30 faizə qədər, neft məhsulları, o cümlədən gübrələrin idxal-ixrac əməliyyatlarında 30-35 faizə qədər, taxılın idxal-ixrac prosesində 40 faizə qədər payı olan çox əhəmiyyətli keçidlərdən biridir. Və bu qazın istifadəsi imkanlarının məhdudlaşdırılması, İran tərəfindən məhdudiyyətlərin tətbiq edilməsi, daha sonra ABŞ tərəfindən blokadanın tətbiq edilməsi qlobal ticarət zəncirinin halqaları arasında pozulmalara gətirib çıxarmaqla burada həm alternativ marşrutlar üzrə xərclərin yaranmasına, həm gecikmələrin ortaya çıxmasına və həmçinin bir sıra resursların, xüsusilə də körfəz ölkələrinin enerji resurslarının dünya bazarlarına çıxarılması imkanının məhdudlaşmasına gətirib çıxararaq qiymət artımlarını kəskin şəkildə şərtləndirir".O bildirib ki, konjonktur təbii ki, bütün mal və xidmətlərə öz mənfi təsirini göstərir, onların qiymətlərinə mənfi təsir edir:"Çünki dəyər zəncirində yaranmış fasilə qıtlığa, qıtlıq isə öz növbəsində qiymət artımlarına gətirib çıxaran əsas faktorlardan biridir. O cümlədən təbii ki, aviasiya sahəsində xüsusilə yanacaq xərclərinin əhəmiyyətli səviyyədə artmasına gətirib çıxarıb və bu günlərdə artıq müvafiq istiqamətdə aviasiya şirkətlərinin qərarlar alması ilə bağlı məlumatlar yayılır.Ötən gün Lufthansa artıq 20 min uçuşun təxirə salınması ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı. Digər hava yolu şirkətləri də bir çox istiqamətlərdə uçuşları təxirə salırlar. Xüsusilə də aşağı büdcəli hava yolu şirkətlərinin, yəni "low coster"lərin xərclərinə bu daha ciddi təsir göstərməklə müvafiq siyasəti davam etdirmək imkanlarını məhdudlaşdırır və bu prosesin nə qədər davam etməsindən asılı olaraq, təbii ki, qiymətlərə təsiri də bir o qədər dərin olacaqdır. Əgər proses uzanarsa, qiymətlər daha da artacaq, qalıcı xarakterli əsaslar formalaşacaq və bu uzun müddət aviasiya sahəsində qiymətlərin artmasına gətirib çıxaracaq. Burada proses iki istiqamətli gedir. Eyni zamanda qiymətlərin artması sifarişlərin də əhəmiyyətli səviyyədə azalmasına gətirib çıxarıb. Rezervasiyalardan imtina ilə nəticələnib. Bir çox istiqamətlər üzrə artıq bu özünü göstərir. Bu da başqa bir problemin yaranması ilə nəticələnə bilər. Belə ki, aviasiya sahəsində əsas parametrlərdən biri də hava nəqliyyatının doluluq əmsalıdır. Əgər doluluq əmsalı müvafiq qiymət artımları kontekstində hansısa formada aşağı düşəcəksə, insanların səyahət davranışlarında dəyişikliklər baş verəcəksə, bu zaman aviasiya sahəsində səmərəli fəaliyyətin təşkil imkanları məhdudlaşacaq".Onun sözlərinə görə, bütün bunlar Azərbaycan kontekstində də gözlənilən təsirlərdir və artıq aviasiya sahəsində qiymətlərin artması ilə bağlı müəyyən məlumatlar gəlir:"Hava yolu şirkətləri, eyni zamanda Azərbaycana uçuşlar təşkil edən digər xarici rezident hava yolu şirkətləri də qiymətləri artırır. Bu da səyahətlərin sayının azalmasına, turizm sahəsində, qlobal turizmdə daralmaya, o cümlədən Azərbaycanda da turizm sahəsində risklərin daha qabarıq formada ortaya çıxmasına gətirib çıxara bilər.Təbii ki, bütün bu qeyd etdiyimiz təsirlər prosesin dərinliyindən asılı olaraq özünü göstərəcək. Yəni prosesin nə qədər müddət davam edəcəyi və hansı səviyyələrdə qiymət artımları ilə nəticələnəcəyi əsas amildir. Çünki bunlar tələb və təklif istiqamətində bir-biri ilə birbaşa əlaqəlidir və ümumiyyətlə aviasiya sahəsində xərclərin bəzi hallarda 20-35 faizi yanacaq xərclərindən ibarət olur. Bunun qiymətinin bahalaşması isə aydındır ki, biletlərin qiymətinin bahalaşmasına, istehlak səviyyəsində tələbin aşağı düşməsinə, təyyarələrin tutumundan istifadə imkanının zəifləməsinə, səmərəli istifadə imkanlarının azalmasına və bunun yaratdığı əlavə xərc fonunda aviasiya şirkətlərinin fəaliyyətində zərər riskinin artmasına gətirib çıxarır", - deyə o qeyd edib.Nəticə etibarilə, biletlərin bahalaşması həm qlobal, həm də yerli turizm sektorunda daralmaya səbəb ola bilər. Prosesin nə qədər davam edəcəyi və qiymətlərin hansı həddə dayanacağı isə birbaşa Yaxın Şərqdəki siyasi temperaturdan asılı olacaq.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
1
demokrat.az

2Источники