“Zirə”nin futbolçusu Ayron Qomis Sportinfo.az-a müsahibə verib.
26 yaşlı fransız yarımmüdafiəçi “Neftçi”ylə heç-heçə başa çatan (1:1) oyun haqda sualları cavablandırıb.
- “Zirə” sanki ikinci hissədə özünə gəldi. Nə dəyişdi? Nələri dəyişdiniz?
- İlk hissədə istədiklərimizi həyata keçirə bilmirdik. Düzdür, bəzi epizodlarda təhlükə yaratmağı bacardıq. Lakin bəzi əskikliklər var idi. İkinci yarıda əvəzetmələrin sayəsində təzyiqi artırmaqla rəqibi müdafiəyə çəkilməyə məcbur etdik. Çoxsaylı qol imkanlarına baxmayaraq, yalnız birindən yararlandıq. Bu 1 xal “Zirə” üçün önəmlidir.
- Qələbəyə bərabər?
- Xeyr-xeyr. Qələbənin öz yeri var. Bu isə sıradan heç-heçədir. Bizə 3 xal lazım idi.
- “Neftçi”demişkən, rəqibdən belə oyun gözləyirdin?
- Əlbəttə. Xüsusən son oyunlarda çox yaxşı təsir bağışlayır. Sürətli oynayırlar, intensivlik var. Məhsuldarlıq baxımından da artım var. Bilirdik ki, qələbə qazanmaq üçün daim hücum edəcəklər. Lakin “Zirə”ni “Neftçi”dən heç də zəif hesab etmirəm. Fikrimcə, bərabər səviyyəli komandalardır.
- Bərabərlik qolu zamanı Junior Martinslə Brahim Konatenin rəqibin ehtiyat oyunçular skamyasının qarşısında etdiklərinə reaksiyan necədir?
- Orada nə baş verdiyini görmədim. Çünki qolu xüsusi şəkildə qeyd etmirdim. Qələbə qolu olsaydı, sevinərdim. Lakin 1 xala görə sevinmədim. Əksinə, tələsirdim ki, bəlkə ikinci qolu da vurmağa vaxt qalar. “Neftçi”ni udmalıydıq.
- “Neftçi” cəbhəsi vurduğunuz qola kəskin reaksiya verdi. Ruan Renatonun Kenan Piriçin baxış bucağını bağladığını iddia edirdilər.
- Qol bir anın içində vuruldu deyə, dəqiq görmədim. Bir də baxdım ki, top qapıdadır, hamı sevinir. Təkrara da baxmamışam. Bir şey var, hakim qolu qeydə alıbsa, deməli, qoldur.
HƏBİB