RU

Daha yazdıqlarım qalmır yadımda

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xanəli KƏRİMLİ

HƏLƏ DƏ...

Hərdən oxuyuram özüm özümü,

Daha yazdıqlarım qalmır yadımda.

Hərdən axtarıram özüm özümü,

Görürəm, yadımdan çıxıb adım da.

Deyim ki, yaşdandı, yaş o yaş deyil,

Yaxını uzaqdan seçə bilirəm.

Arandan vururam, dağdan çıxıram,

Haradadır bizim küçə - bilirəm.

Bilsəm də dünyanın gəlir-çıxarın,

Baş aça bilmirəm özüm özümdən.

Əlimdən alırlar halal tikəmi,

Bir kəlmə söz demək gəlmir üzümdən.

Adımı qoyublar "yaxşı adamdı",

Kimsənin işinə dəyib dolaşmaz.

Özləri bir gündə min ev yıxırlar,

İnsanlıq adına, vallah, yaraşmaz.

Bu nə zəmanədi, bu nə dövrandı,

İnsanı şeytandan ayırmaq olmur?..

Bilirsən ki, şeytan şeytandı, qardaş,

İnsan iştahasın doyurmaq olmur.

Milyon illərdir ki, yol gəlir insan,

Hələ də özündə-sözündə deyil.

Bütün ömrü boyu haqq arasa da,

Haqqın yolunda yox, izində deyil.

Onunçün də dünya yaranışından

Qana bələnibdi, qana düşübdü.

Doğmalar yadlaşıb, yaddaşlar itib,

Hərəsi bir səmtə, yana düşübdü.

...Özümdə özümü çox axtarmışam,

 Ayaq yer tutandan, ağlım kəsəndən.

Hələ də özümü tapa bilmirəm,

Bu çaşqın dünyaya yolum düşəndən.

ÇƏTİNDİ

Nə qəfil görüşdü... Görüşdük yenə,

Aradan əlli il keçəndən sonra.

Çox çətin tanıdıq bir-birimizi,

Yadlar tək hal-əhval tutandan sonra.

Bəlkə də bu da bir tale qarğışı,

Qismətin sonuncu əzabı idi.

İllərcə yuxusuz gecəmiz olan

Nakam sevgimizin turş dadı idi.

Əllərin, gözlərin, qaşın-qabağın,

Şaxtada don vuran çiçək kimiydi.

Ümidlər, arzular, sonsuz diləklər

Budaqdan üzülən ləçək kimiydi.

Aradan əlli il, əlli il keçib,

Hələ də utanıb qaçırırıq göz.

Elə o vaxtlar da, elə indi də

Elə bil qəhədə çıxmışdı hər söz.

"Heyif o sevgiyə, o məhəbbətə"*

Qədrini bilmədik, bilmədik niyə?!

İndi o sevgilər, o məhəbbətlər

Yağlı əppək olub çəkilib göyə.

Baxışlar pərişan, baxışlar üzgün,

Daha əlimizdən nə gəlir indi.

Ortada bir nakam sevgi ağlayır,

Onu kiritməksə...

daha çətindi!!.

*misra Nüsrət Kəsəmənlinindir.

AĞLA

Çox ahı-zar eyləmə sən,

Öz dərdini özün ağla.

Paralanmış ürəyini

Öz əlinlə özün bağla.

Yad bağlasa, yalan bağlar,

Sonra ağrın daşıb çağlar.

Ömrün yarı yolda ağlar,

Ağlını vermə ağıla.

Hərənin də var öz dərdi,

Hara baxsan, dərd göyərdi,

Rəhmətlik babam deyərdi:

"Sən özün özünü saxla".

Onsuz da dünyadı fani,

Hərəyə əzizdi canı.

Gəl qaraltma nahaq qanı,

Özün özünə gün ağla.

QIŞ LÖVHƏLƏRİ

Təbiət uyuyub qış yuxusuna,

Ağaclar qırovdan çiçəkləyibdi.

Cığırlar itibdi qar topasında,

Quşla da yem üçün qəribsəyibdi.

Bürünüb ağ tülə dağlar, dərələr,

Zirvələr sükutda mürgü döyürlər.

Gözü yolda qalan ürkək təpələr,

Bahar sorağıyla yol gözləyirlər.

Torpaq nəfəs alır qış yatağında,

Hərarət bürüyüb yorğun canını.

Çaylar sakit-sakit gumuldanırlar,

Bulaqlar unudub həyəcanını.

Döyür qapıları qış püsəkləri,

Arabir xəfifcə əsir külək də.

Hərdən duman gəlir, hərdən çən gəlir,

Yellənir ağaclar sakit, ahəstə.

Bu qışın qışlığı başqa bir aləm,

Canlı da, cansız da öz aləmində.

Bir şair dünyası heyrət içində,

Çaşıb, çabalayır söz aləmində.

BAŞIN UCA OLSUN...

Güllər açıb, ətir saçır aləmə,

Bahar gəlib, ana yurdum güllənir.

Novruz gülüm, qar çiçəyim, nərgizim

Dil açaraq şirin-şirin dillənir.

Gül-çiçəyə bürünübdü təbiət,

Kəpənəklər çiçək-çiçək dolaşır.

Bal arısı hər çiçəkdən bal yığır,

Böcəklər də nəğməsiylə yarışır.

Lalələr, reyhanlar, tül örpəklilər,

Oxşayır çəməndə xalı rənginə.

Təbiət uyduqca şeh nəfəsinə,

Dönür bulaqların xoş ahənginə.

Nə qədər gözəlsən, canımız Vətən,

Hər qarış torpağın cənnətdi, cənnət.

Başın uca olsun, ana təbiət,

Hər an yetirirsən bir yeni nemət.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
525.az

1Источники