RU

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

(Əvvəli ötən cümə saylarımızda)

Cənubi Afrika Respublikasının görkəmli siyasi xadimi, dustaqxanadan çıxdıqdan sonra ölkənin prezidenti seçilmiş Nelson Mandelanın, uşaqlıqda adı Xolilala idi. Özünün yazdığına görə, bu ad ingilis məktəbinin ibtidai sinif müəlliməsinə xoş gəlmədiyindən, onun adını dəyişdirib, məşhur ingilis admiralının şərəfinə Nelson adlandırdı, bu isə heç də ad deyil, soyad idi. Adı tətbiq etsəydi, onda Mandela Horatsi adlanmalı idi.

Amerikanlarda da soyadı ada çevirmək qaydası yaranmışdı. Yazıçı Vaşinqton İrvinq 1783-cü ildə Nyu-Yorkda doğulanda, sərkərdə Corc Vaşinqton bu şəhəri ingilislərdən azad etdiyinə və İnqilabi müharibəni qələbə ilə başa çatdırdığına görə, onun şərəfinə belə adlanmışdı. Qadın siyasi xadim Hillari Klinton isə bu adı, 1953-cü ildə ilk dəfə dünyanın ən uca zirvəsi olan Everesti fəth edən avstraliyalı Edmund Hillarinin soyadından götürmüşdü.

Qərbin iqtisadi çiçəklənməsi heç vaxt müstəmləkələrdə öz əksini tapmırdı, onun ərazilərinə genişlənmirdi. Afrikalıların çoxu üçün müstəmləkəçilik, onların öz ferma torpaqlarının itirməsi, plantasiyalarda və ya əcnəbilərin yaratdıqları istismarçı mağazalarda və fabriklərdə dəhşətli zəhmətlə məşğul olmaları ilə nəticələnirdi.

Orta sinifə məxsus olan afrikalıların, yoxsul kəndlilər və fəhlələr kimi, plantasiyalarda əzab çəkməmələrinə baxmayaraq, onlar da öz narazılıqlarını bildirirdilər. Onlar adətən hökumətdə və biznesdə əl əməyi işləri işlə məşğul olurdular. Avropalıların yerlilər üzərində aliliyi, üstünlüyü müxtəlif şəkillərdə ifadə olunurdu. Ayrıca klublara, məktəblərə və kilsələrə avropalı rəsmilərin çoxu öz arvadlarını gətirir və ailələrini məhz bu qaydada ayağa qaldırmağa başlayırdı. Avropalılar yerlilərlə ünsiyyətdə olanda, onları ya ilk adları ilə çağırır, ya da yaşlı kişilərə də "boy"- "oğlan" deyə müraciət edirdilər.

Ən biabırçı hal isə Avropa şəhərlərində insan zooparklarının yaradılması idi. Paytaxt şəhərlərində XIX əsrin sonunda və XX əsrin başlanğıcında insan zooparkları var idi və onlarda afrikalılar vəhşi heyvanlar kimi nümayiş etdirilirdi. Avstraliya aborigenləri isə Köhnə Dünyada sirkdə heyvan kimi tamaşa göstərməyə məcbur edilirdi. Amerikada isə bir afrikalı zəncini hətta şimpanze qəfəsinə salmışdılar.

Yeni şəhər təhsili görmüş sinfi, öz müstəmləkə ağaları və onların təmsil etdikləri sivilizasiya barədə belə şərait, mürəkkəb hisslərlə yaşamağa aparıb çıxarırdı. Baxmayaraq ki, onlar bir sıra cəhətlərinə görə Qərb mədəniyyətinin fövqəl xüsusiyyətlərini qəbul etməyə hazır olduqları halda, həmin yeni intellektuallar müstəmləkə idarəçiliyinə qəzəbli şəkildə nifrət edirdilər və qərara gəlirdilər ki, öz millətini və onun mədəni ləyaqətini müdafiə etsinlər. Ümidin və zəhləgetmənin qarışığından, Afrikada millətçilik uğrunda ilk mübarizlər meydana gəldi. XX əsrin ilk rübü ərzində bütün Afrikanın müstəmləkə cəmiyyətlərində təhsil görmüş yerli adamlar siyasi partiyalar təşkil etməyə və əcnəbi idarəçiliyinə son qoymağı axtaran hərəkatlar yaratmağa başladılar.

Yeni imperializmin nəticələrinə gəldikdə, 1900-cü ildən Afrikanın və Asiyanın, demək olar ki, bütün cəmiyyətləri bütövlükdə müstəmləkə idarəçiliyi altında idilər və ya Çində və Osmanlı imperiyasında olduğu kimi, bu vəziyyət virtual süqut nöqtəsində idi.

Şərqi Asiyadakı Yaponiya və cənubi-şərqdəki Tailand, Orta Şərqdə Əfqanıstan və Persiya, Şərqi Afrikadakı Həbəşistan kimi bir ovuc dövlət daxili parçalanmadan və müstəmləkə ağalığından qaçmağı bacarmışdılar. Tailand buna, Britaniya və Fransa rəsmilərinin ölkəni bufer ölkəyə çevirməyi daha məqsədəuyğun hesab etmələrinə görə nail olmuşdu. Həbəşistan və Əfqanıstan uzaqda yerlşmələrinə və dağlıq ərazi olduqlarına görə salamat qala bilmiş, müstəmləkə ağalığı altına düşməmişdi. Persiya isə Rusiyaya qarşı olan bir dövlət kimi öz mövcudluğunu saxlamalı idi. Yalnız Yaponiya özünün siyasi və iqtisadi islahatlar strategiyası ilə ümumi taledən uzaqlaşmağı bacarmışdı.

İmperializmin meydana gəlməsi ilə nəhayət, qlobal iqtisadiyyat quruldu və Qərb sivilizasiyasının Afrikada və Asiyada ağalığı bütövlüklə yekunlaşdı. Bu vaxt xaricdəki torpaqlar uğrunda rəqabət daha da yüksəldi və Avropa dövlətləri arasında rəqiblik münasibətləri yarandı.

İmperializm, latın sözü "imperium"dan əmələ gəlmişdir, "hakimiyyət, dövlət" deməkdir. İmperializm monopolist kapitalizm növü olmaqla, kapitalizmin ən yüksək və son stadiyasıdır. Lakin bu formanın sonu arzu olunsa da, baş vermir, əksinə, onu əvəz edən sosializm iqtisadi yarışda məğlub olub, sıradan çıxır və onu doğan ananın - kapitalizmin ağuşuna, özü də tam uğursuz qaydada qayıdır. İmperializmdə cəmiyyətin iqtisadi və siyasi həyatına maliyyə oliqarxiyası ağalıq edir.

İmperiya güclülərin zəiflər üzərində hərbi və iqtisadi qələbəsi hesabına meydana gəlir. Bəşər tarixinin başlanğıcından imperiyalar da yaranmışdır. Alkad imperiyası b.e.ə. XXIV-XXII əsrlərdə mövcud olmuşdu. Min il sonra, XIV-IX əsrlərdə Assuriya imperiyası işğallar hesabına bütün Şimali Mesopotamiyanı və yaxındakı əraziləri özünə tabe etmişdi. Sonra Yeni Babilistan imperiyası meydana gəlmişdi. Persiya imperiyası qısa müddətdə iri ərazilərə sahib olmuşdu. Qədim Roma imperiyası üç qitənin - Avropanın, Asiyanın, Şimali Afrikanın 5 milyon kv. km-lik ərazisini əhatə edirdi, onun hökmranlığı altında 80 milyon insan yaşayırdı. Şarl Monteskyenin öz "Qanunların ruhu" adlı məşhur əsərində çox təriflərə məruz qoyduğu Böyük Karl VIII əsrin sonu, IX əsrin əvvəlində Avropanı birləşdirərək, üç əsr əvvəl məhv olmuş Qədim Roma timsalında Qərb imperiyasını yaratmışdı.

XIII əsrdə Çingiz xan və varisləri Asiyada və Avropada tarixə məlum olan ən nəhəng imperiyanı yaratmışdı, onun ərazisini genişliyinə görə başqaları ilə müqayisə etmək olmazdı.

Sonralar Bizans dövlətini məhv edən Osmanlı imperiyası da üç qitədə böyük ərazilərə sahib olmuşdu. Napoleon yaratdığı Avropa imperiyasına daxil olan ölkələrə rəhbərliyi, öz yaxın adamlarına həvalə etmişdi. Hitler, öz saxta təbliğatı ilə şişirtdiyi arilərin digər xalqları idarə etməyə qadir olduğunu əsas götürərək, XX əsrdə Avropaya, mümkün olsa dünyaya ağalıq etmək iddiası ilə alışıb yanırdı. Yaponlar isə "Asiya asiyalılar üçün" şüarı altında bütün cənubi-şərqi Asiyanın ağası olmağa can atırdı.

Amerikan imperializmi yarandıqda Sakit okean adaları böyük dövlətlərin rəqabət səhnəsinə çevrilmişdi və Birləşmiş Ştatlar da bu hərəkata qoşuldu. Amerikanın ilk mühüm müstəmləkəsi Samoa adaları oldu. Sonra Havay adalarının Birləşmiş Ştatlar tabeliyinə düşməsi baş verdi və orada amerikanlar Pyorl-Harbor hərbi dəniz bazasını yaratdılar. XIX əsrin sonunda Havay adaları Amerika tərəfindən anneksiya edildi. İspaniyanı məğlub etdikdən sonra Birləşmiş Ştatlar Puerto-Riko, Quam və Filippin adaları hesabına öz imperiyasını genişləndirdi. Filippini əldə etmək üçün üç il ərzində 60 min nəfərlik qoşun lazım gəlmişdi.

ABŞ sonralar da imperialist davranışını tərk etməmişdi. 1962-ci ildən indiyədək qonşuluqdakı sosialist Kubasını iqtisadi blokadaya salmaqla, adanın əhalisini ağır yoxsulluğa cəlb etmişdir. Özü də daxil olmaqla, bütün dünya Tayvanı Çinin ayrılmaz ərazisi hesab etdiyi halda, Amerika Çinin ərazi bütövlüyünün bərpa edilməsinə hər cür maneələr göstərir.

Son dövrlərdə isə ABŞ-ın imperializm iddiaları yenidən baş qaldırmışdır, bu məqsədlə hətta 1823-cü ildə qəbul edilmiş "Monro doktrinası" da yada salınmışdır. Doktrina, ABŞ-ın, hər iki Amerika qitəsini Köhnə Dünyadan müdafiə etmək məsələsində, xüsusi hüquqlara malik olduğunu əsas götürürdü. Bu sənəddə, hansısa Amerika ölkəsinə təcavüz etmək niyyəti barədə isə bir kəlmə belə yox idi. Lakin az sonra, xoşagəlməyən bir hadisə baş verdi, heç üç onillik keçməmiş ABŞ Meksikaya təcavüz etdi. Bundan bir il əvvəl isə Texası anneksiya edib, sonra ştata çevirmişdi. 1846-48-ci illərdə gedən amerikan-Meksika müharibəsi nəticəsində Amerika Meksika ərazisinin yarısını özünə birləşdirmişdi, Kaliforniya və Nyu-Meksiko ştatları meydana gəlmişdi.  İndi Kaliforniya və Texas ştatları ən böyük və ən varlı olmaqla, ABŞ-ın iqtisadi qüdrətinin onurğa sütununu təşkil edirlər. 

XX əsrin sonunda, 1990-cü ildə  amerikan hərbi dəstəsi Panamanın diktatoru Manuel Noryeqanı dustaq götürmüş, Amerikada iki il sonra məhkəmənin hökmü ilə 40 il müddətinə azadlıqdan məhrum edilməklə, başqa dövlətin başçısı cəzalandırılmışdı. 

Təəssüf ki, XXI əsrdə də  ABŞ özünün təcavüz  hərəkətini davam etdirdi. 2026-cı ilin 3 yanvarına keçən gecədə amerikan xüsusi təyinatlı qüvvələri Venesuelanın paytaxtı Karakasa hücum edib, ölkənin prezidenti Nikolas Maduronu arvadı ilə birlikdə dustaq edib, Amerikaya apardılar. Dövlətə bu zərbənin vurulması, onun suvrenliyinin və beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasından başqa bir şey deyildir. ABŞ rəhbərliyi bunu,  vaxtilə öz neft istehsalı şirkətlərinin nəhəng mülkiyyətinin qanunsuz olaraq milliləşdirilməsi, ən başlıcası isə Venesuela prezidentinin narkoterrorizmə rəhbərlik etməsi barədəki ittihamla əlaqələndirir. ABŞ-a ötürülən nəhəng narkotiklər kütləsi ölkə əhalisinin sağlamlığına böyük ziyan vurur və narkoticarətə qarşı mübarizə, insanlıq nöqteyi-nəzərindən tam haqlı sayılmalıdır. Lakin bu mübarizədə də, beynəlxalq qanunlara əməl edilməlidir. 

Digər dövlətlər də köhnə imperialist iddialarından və davranışından əl çəkmək istəmirlər. Onlar yeri gəldikcə hazırkı və keçmiş müstəmləkə xalqlarına "fantom ağrılarını" xatırlatmaqdan yorulmurlar. Fransanın, Yeni Kaledoniyanın müstəmləkə ağalığından azad olmaq cəhdlərinə sərt cavab verməsi buna əyani sübutdur.

Maraqlı cəhətlərdən biri də odur ki, diplomatik münasibətlər eroziyaya uğramaqla, dəyişikliyə məruz qalmışdır. Diplomatiyanın Morze əlifbasına bənzər "bəsit" dili unudulmaqla, onun yerini hədələr, qorxutma ifadələri tutmuşdur. Fövqəldövlətin rəsmisinin dili onun malik olduğu hərbi gücə müvafiq olmalıdır, Zevsin ildırım çaxmasını xatırlatmalıdır. Başqa dövlətin rəhbərini lap "haramzada" adlandırmaq da olar, digərinə xəbərdarlıq etmək olar ki, dalını qorumağı yaddan çıxarmasın. Bir sözlə, tələffüz edilən söz, ağız adlanan artilleriyadan çıxan mərmi kimi məhvedici olmalıdır.

Yeni yaranan ənənə təsir gücünə malikdir, başqa tutuquşuları da bu praktikanı təqlid etməyə çalışırlar. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev gah özünü Yupiterə oxşadır, gah da nüvə silahına heyranlığı ifadə edən şərqilər söyləyir. Lakin onun mövqeyi zəif, olduqca kövrək olduğundan, sözləri havanı korlamaqdan uzağa getmir. Ancaq o, özlüyündə vəzifəsini yerinə yetirmiş olur, çünki ağasına xoş gəlməyi bacara bilmişdir.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
525.az

1Источники