RU

Sənətkarın son mənzili: Məzar yoxsa mədəni yaddaş abidəsi?

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın sevilən aktrisası, Xalq artisti Afaq Bəşirqızı illərdir müzakirə olunan, lakin hələ də sistemli həllini tapmayan bir yaranı yenidən qanatdı: Sənətkarların dəfn yeri məsələsi. Aktrisanın Rusiyadakı məşhur Novodeviçye qəbiristanlığını nümunə gətirməsi əslində sadə bir "yer davası" deyil, bir xalqın öz dəyərlərinə sahib çıxma formasına çağırışdır.

Sənətkar xalqın mənəvi sərvətidir. O, sağlığında səhnədə, ekranda milyonların sevimlisi olur. Lakin sənətkar dünyasını dəyişəndə, bəzən onun dəfn olunduğu yer nə onun adına, nə də xalqın ona olan sevgisinə cavab verir. Afaq xanımın dediyi kimi, bəzən böyük bir sənət fədaisi elə əlverişsiz, elə sıradan bir yerdə dəfn olunur ki, sevənləri onun məzarını ziyarət etmək istəyəndə maneələrlə qarşılaşır.

Bu gün Fəxri Xiyabanlarımız var bura milli qürur yerimizdir. Lakin sənət dünyası o qədər genişdir ki, hər bir istedadlı aktyoru, musiqiçini və ya rəssamı orada dəfn etmək fiziki olaraq mümkün deyil. Elə isə alternativ nədir? Şəhərin uzaq, baxımsız bir küncündə itib-batmaq?

Afaq Bəşirqızının vurğuladığı "Novodeviçye" və ya Parisdəki "Pere Lachaise" kimi məzarlıqlar sadəcə dəfn yeri deyil. Buralar mədəni turizm marşrutlarıdır. İnsanlar ora sadəcə ağlamağa deyil, sənətə ehtiram göstərməyə, tarixlə təmas qurmağa gedirlər.

Aktrisanın qeyd etdiyi "giriş pullu olsun, işçilər o pulla oranı təmiz saxlasın" təklifi isə əslində mədəni idarəçilik modelidir. Əgər biz sənətkarlarımız üçün xüsusi, mütəşəkkil bir panteon yaratsaq, bu həm də gənc nəsil üçün bir canlı tarix dərsliyinə çevrilər.

Nikulinin, Popovun məzarlarının ziyarət edilməsi sənətə olan sevginin davamlılığını təmin edir. Bizdə də niyə belə olmasın?

Sənətkarın məzarı onun yaradıcılığının son nöqtəsidir. O nöqtənin necə qoyulması, həmin xalqın öz keçmişinə verdiyi qiymətdir. Afaq Bəşirqızının bu çağırışı, əslində sənət adamlarının unudulmaq qorxusunun bir əks-sədasıdır.

Torpaq tapmağın çətin olduğu bir dövrdə, sənət fədailəri üçün ayrılmış xüsusi, səliqəli və ziyarət üçün əlverişli bir "Sənətkarlar Park-Məzarlığı"nın yaradılması həm şəhər mədəniyyətimizə, həm də mənəvi borcumuza xidmət edərdi. Çünki sənətkarın cismi torpağa tapşırıla bilər, amma onun yeri "adi qəbiristanlıq" olmamalıdır.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
93
bizimyol.info

1Источники