RU

Azərbaycan BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasına qoşuldu

Prezident İlham Əliyev tərəfindən bu ilin fevralın 23-də imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının adından Birləşmiş Millətlər Təşkilatının “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasını imzalamaq səlahiyyəti Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Tofiq Musayevə həvalə olunub. Sərəncama görə, Xarici İşlər Nazirliyinə BMT Baş katibinə müvafiq bildiriş göndərilməsi tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Yenilik.az xəbər verir ki, cari ilin aprelin 23-də Prezidentin sərəncamına uyğun olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin “X” sosial şəbəkə hesabında yayılan məlumatda qeyd olunub ki, Tofiq Musayev 2018-ci il dekabrın 20-də Nyu-Yorkda qəbul edilmiş “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyanı Azərbaycan adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
Beləliklə, sözügedən Konvensiya Azərbaycan adından imzalanıb.
Məlumat üçün qeyd edək ki, “Mediasiya üzrə Sinqapur Konvensiyası” və ya “Sinqapur Konvensiyası” kimi tanınan “Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə” BMT Konvensiyası beynəlxalq kommersiya mübahisələri üzrə mediasiya vasitəsilə ilə bağlanmış barışıq sazişlərinin müxtəlif yurisdiksiyalarda tanınmasını və icrasını təşviq etmək və asanlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilədir. Konvensiya 20 dekabr 2018-ci il tarixində BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş və imzalanma üçün bütün dövlətlərə açıq elan edilmişdir. Hazırda Konvensiya 56 ölkə tərəfindən imzalanmış və Türkiyə, Gürcüstan, Qazaxıstan və Belarus daxil olmaqla, 11 ölkə tərəfindən ratifikasiya edilib.
Sinqapur Konvensiyası qəbul olunana qədər kommersiya mübahisələrində mediasiyadan istifadə ilə bağlı tez-tez istinad edilən problemlərdən biri mediasiya nəticəsində əldə olunmuş barışıq sazişlərinin xarici dövlətlərdə icrası üçün səmərəli hüquqi çərçivənin və vahid rejimin olmaması idi. Konvensiya məhz bu ehtiyaca cavab olaraq hazırlanmış və qəbul edilmiş, beynəlxalq ticarətin asanlaşdırılmasında və kommersiya mübahisələrinin həllinin alternativ və effektiv üsulu kimi mediasiyanın təşviqində mühüm alət kimi xidmət etmək üçün nəzərdə tutulmuşdur. Konvensiya mediasiya nəticəsində bağlanmış barışıq sazişinin xarici dövlətdə sadələşdirilmiş və səmərəli prosedur çərçivəsində tanınması və icra olunmasını təmin edir. Bununla da Konvensiya ədalət mühakiməsinə çıxışı və qanunun aliliyini gücləndirməyə kömək edir, beynəlxalq kommersiya mübahisələri üzrə mediasiya sahəsində müəyyənlik və sabitliyi təşviq edərək transmilli mübahisələrin mediasiya vasitəsilə həlli üsuluna və barışıq sazişlərinə etibarı artırır.



Избранный
30
yenilik.az

1Источники