RU

Sözün gücü ilə insanlığa xidmət göstərən ədib

Görkəmli yazıçı, tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev çoxumuzun müəllimi olub. Amma onun müəllimliyi yalnız universitet auditoriyalarında dərs dediyi tələbələrlə məhdudlaşmırdı. O, eyni zamanda əsərləri vasitəsilə milyonların düşüncə tərzinə təsir edən bir həyat müəllimi idi. Onun qələmindən çıxan hər əsər insanın mənəvi paklığına, ictimai davranış mədəniyyətinə, cəmiyyət üçün faydalı və məsuliyyətli şəxsiyyət kimi formalaşmasına xidmət edirdi.

Yazıçı dövrün sosial-mənəvi problemlərini incə bədii vasitələrlə üzə çıxarıb oxucunun diqqətinə çatdırır, həll yolları üzərində düşünməyə sövq edirdi. Bu cür dərin və çoxşaxəli yaradıcılığın arxasında isə zəngin həyat təcrübəsi dururdu. Mir Cəlal Paşayev həm alim, həm də yazıçı kimi formalaşmaq üçün gərəkli olan bütün mərhələlərdən keçmişdi və ədəbiyyat tarixində zirvəyə yüksəlmişdi.

Zamanın axarında

Mir Cəlalın yeniyetməlik və gənclik illəri tarixin ən təlatümlü mərhələlərindən keçmişdi. Cəmiyyət köklü dəyişikliklər yaşayırdı, yeni ictimai-siyasi reallıqlar formalaşırdı. Bu dəyişikliklər onun taleyində də mühüm rol oynayırdı. Gəncə Türk Pedaqoji Texnikumunu başa vurduqdan sonra Mir Cəlal Paşayev üçün həyatın yeni mərhələsi başlandı. O, müəllim kimi ilk dərslərini keçdi, əvvəlcə Gəncə şəhərində çalışan gənc pedaqoq daha sonra Gədəbəy rayonundakı yeddiillik məktəbə rəhbər vəzifəyə göndərildi. Qısa müddət ərzində qazandığı təcrübə və etimad nəticəsində 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbinin direktoru təyin olundu. Bu illərdə o, təkcə müəllim kimi deyil, ədəbi mühitdə ilk qələm təcrübələri görünən gənc yazıçı və tərcüməçi kimi də diqqət çəkməyə başlamışdı.

Mir Cəlalın qələmindən çıxan yazılar və tərcümələr dövri mətbuatda mütəmadi dərc olunurdu. 1926-1930-cu illər ərzində "Yeni fikir" qəzeti, "Qızıl Gəncə", "İlk addımlar", "Hücum" kimi nəşrlərdə onun həm tərcümə etdiyi şeirlər və hekayələr, həm də ilk bədii nümunələri oxuculara təqdim edilirdi.

Müəllim kimi fəaliyyəti dərinləşdikcə təhsilin insan və cəmiyyət üçün həlledici rolunu daha aydın dərk edən Mir Cəlal Paşayev 1930-cu ildə Kazan Şərq Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə qəbul olunur. İki il sonra institutu uğurla bitirərək 1932-1935-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında oxuyur. Bu dövrdə o, həm də "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində isə məsul katib kimi çalışaraq jurnalistika sahəsində də təcrübəsini genişləndirirdi.

Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Mir Cəlal bədii yaradıcılığa da ara vermirdi. Qəzet və jurnallarda mütəmadi olaraq bədii-publisistik yazıları dərc olunurdu. 1932-ci ildə ədibin "Sağlam yollarda" adlı oçerklər kitabı çapdan çıxır. 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında İctimai elmlər bölməsində kiçik elmi işçi kimi fəaliyyətə başlayır, eyni zamanda EA-nın Ədəbiyyat İnstitutunun yaradılmasında fəallıq göstərir, sonradan isə bu qurumun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edir.

1936-1941-ci illər ərzində Mir Cəlal Paşayev elmi fəaliyyətini davam etdirməklə yanaşı, həm Azərbaycan Pedaqoji İnstitutunda, həm də Azərbaycan Dövlət Universitetində mühazirələr oxuyur. 1940-cı ildə o, "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi dərəcəsi alır. Filologiya elmləri doktoru Vaqif Yusifli yazır ki, füzulişünaslıqda yeni mərhələ 1939-1940-cı illərdən başlayır, böyük şair haqqında, onun yaradıcılığı barədə məqalələri ilk elmi monoqrafiyalar əvəz edir: "Burada Həmid Araslının "Füzuli" və Mir Cəlalın "Füzulinin poetik xüsusiyyətləri" (sonrakı təkmilləşdirilmiş adı "Füzuli sənətkarlığı") kitablarının adlarını çəkə bilərik. Deməli, bu iki alim Azərbaycan füzulişünaslığında yeni bir mərhələnin əsasını qoymuşdur".

Mir Cəlal füzulişünaslıqda ilk dəfə olaraq dahi şairin yaradıcılığını müəyyən mövzular üzrə qruplaşdırır və o, sanki gələcək tədqiqatçılar üçün sistemli bir kompozisiya yaradır. Müəllif bu tədqiqatla Füzulini sadəcə bir orta əsr şairi kimi deyil, dünya səviyyəli mütəfəkkir kimi elmi dövriyyəyə daxil edir. Alim Füzulini "qəm şairi" olmaqla yanaşı, həm də insan mənəviyyatının ən incə məqamlarını tərənnüm edən böyük humanist sənətkar kumi təqdim edir. Əsərdə şairin qəzəllərinin strukturu, rədif və qafiyə sisteminin mükəmməlliyi, eləcə də Azərbaycan dilinin inkişafındakı rolu geniş şəkildə araşdırılır. Tədqiqatçı Füzuli poeziyasına Şərq ədəbiyyatı kontekstində yanaşaraq onun özünəməxsusluğunu və digər klassiklərdən fərqlənən cəhətlərini üzə çıxarır. Mir Cəlal bu əsərində onu da sübut edir ki, Füzuli ərəb və fars sözlərindən istifadə etsə də, şeirinin ruhu, ifadə tərzi və sintaksisi doğma Azərbaycan dili üzərində qurulub.

Həyatdan doğan əsərlər

Mir Cəlal Paşayevin bədii yaradıcılığının ən məhsuldar, dinamik dövrü 1935-1939-cu illəri əhatə edir. Onun "Boy" novellalar silsiləsi, "Bostan oğrusu" hekayələr toplusu, "Gözün aydın" adlı hekayə və oçerkləri, həmçinin "Dirilən adam" romanı geniş tirajlarla nəşr olunaraq böyük oxucu marağı ilə qarşılanır. Bu əsərlər sayəsində Mir Cəlal artıq təkcə ədəbi çevrələrdə deyil, bütün ölkə miqyasında yetkin və sevilən bir yazıçı kimi qəbul edilir.

İkinci Dünya müharibəsi illəri isə onun yaradıcılığında xüsusi bir istiqamət formalaşdırır. Onun nəsrində yeni bir keyfiyyət - publisistik çalarlar diqqəti cəlb edir. 1941-ci ilin dekabrında bir qrup Azərbaycan yazıçı və şairi ilə birlikdə o, Novorossiysk cəbhəsində olur. 1942-ci ildə Uzaq Şərqdəki döyüşçülərlə mütəmadi görüşlər keçirir, onların həyatı haqqında bol təəssüratlar toplayır. Bu təəssüratlar ədibin əsərlərində öz əksini tapır. 1941-ci ildə nəşr olunan "Xalqın ürək sözü", 1942-ci ildə çapdan çıxan "Vətən hekayələri", "İlyas", "İsrafil", 1943-cü ildə işıq üzü görmüş "Vətən yaraları" və 1944-cü ildə nəşr edilən "Vətən" kitablarında, eləcə də dövrün mətbuatında yayımlanan hekayələrində xalqın həm ön cəbhədə, həm də arxa cəbhədə faşizmə qarşı apardığı mübarizə təsirli şəkildə təsvir olunurdu. Ədibin müharibə illərində yazdığı "Həzi Aslanov" adlı silsilə oçerklər janrına görə oçerk sayılsa da, yazıçı Həzi Aslanovun keçdiyi şanlı həyat və mübarizə yolunu bədii lövhələrlə elə təqdim edir ki, bunların hekayə, yaxud oçerk olduğunun fərqinə varmırsan.

Müharibə mövzusu sonrakı illərdə də Mir Cəlal yaradıcılığının aparıcı xətti kimi davam etmişdi. Zaman keçdikcə bu mövzu yeni məzmun və çalarlar qazanırdı. 1945-ci ildə işıq üzü görmüş "Od içindən çıxanlar" hekayələr toplusu cəbhədən qayıdan insanların sülh şəraitində quruculuq arzularını və onların yeni həyata uyğunlaşması prosesini əks etdirirdi. Sonrakı illərdə qələmə aldığı "Çin qızı" (1950), "Sülh istəyənlərə" (1951), "Badam ağacları" (1953), "Ərəb qızı" (1962) kimi əsərlərdə isə yazıçı insanlığın ən böyük arzusunu - sabitlik, əmin-amanlıq, humanizm və dinc həyat ideyasını bədii şəkildə dilə gətirirdi.

Mir Cəlal Paşayev yaradıcılığı yalnız hekayə janrı ilə məhdudlaşmır, o, Azərbaycan ədəbiyyatında roman məktəbinin ən parlaq nümayəndələrindən biri kimi qəbul edilir. Ümumiyyətlə, dünya ədəbiyyatı tarixində roman yazmaq həmişə böyük yaradıcılıq cəsarəti tələb edən addım kimi qiymətləndirilir. Bu mənada, Mir Cəlal Paşayev öz qətiyyəti və geniş yaradıcı təfəkkürü ilə milli ədəbiyyatımıza bir-birindən dəyərli əsərlər bəxş edir və onun ədəbi irsində roman janrı xüsusi çəkisi ilə seçilir. O, Azərbaycan sovet romanının yaradıcılarından biridir. Mir Cəlal həm də mükəmməl xarakterlər ustası idi. Onun ustalığı xüsusilə romanlarında daha güclü şəkildə əks olunur. 

Yazıçının bu janrda ilk mühüm addımı 1934-1935-ci illərdə qələmə aldığı "Dirilən adam" əsəridir. Əsər XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələri, xalq azadlıq hərəkatını və o dövrün məişətini realist boyalarla əks etdirir. Romanda Qədirin başına gələn faciə bütöv məmləkətdə hökm sürən acınacaqlı vəziyyəti göstərir. Öz haqqını tələb etmək məqsədilə şəhər və kəndləri dolaşan Qədirə deyirlər ki, "sən ölmüsən. Özünün də dirilməyin məqsədəuyğun deyildir". Çünki varlı və sözükeçən adamlara onun diriliyi yox, məhz ölülüyü lazımdır. Nəticədə Qədir diriliyini sübut edə bilmir. Bunun ardınca gələn "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941-1944), "Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır?" (1952-1957) romanları müəllifə böyük oxucu sevgisi qazandırır. 

"Bir gəncin manifesti" romanında yazıçı mübarizə ruhunun, insanlıq ideallarının və vətən sevgisinin ən saf şəkildə təcəssümünü göstərmişdir. Bu əsər hansı mövzuda yazılmasından, hansı ideaları təbliğ etməsindən asılı olmayaraq, neçə-neçə nəslin mənəvi tərbiyəsində mühüm rol oynamışdır. 

Mir Cəlalın "Yolumuz hayanadır?" romanı böyük şairimiz Mirzə Ələkbər Sabirin keşməkeşli ömür yoluna həsr olunmuşdur. Sabir yaradıcılığını böyük məhəbbətlə öz elmi əsərlərində tədqiq hədəfinə çevirən, onu mənəvi ustadı sanan Mir Cəlal romanda şairin mükəmməl bədii obrazını yaratmışdır. 

"Yaşıdlarım" romanı isə hərbi vətənpərvərlik mövzusunda qələmə alınmışdır. Romanda üç dövr - müharibədən əvvəlki, müharibə dövrü və müharibədən sonrakı dövrlər təsvir olunmuşdur. Bir sözlə, bu əsərlərdəki geniş epik panoram, canlı obrazlar, zamanın sosial mənzərəsi oxucuların yaddaşında dərin iz buraxır.

Mir Cəlal elmi məktəbi

Mir Cəlalın yazıçı kimi güclü cəhətlərindən biri onun yüksək elmi hazırlığı idi. Ədəbiyyat nəzəriyyəsinə dərindən bələd olması, ali məktəblərdə tələbələrə bu sahənin incəliklərini öyrətməsi onun bədii yaradıcılığına da birbaşa təsir göstərirdi. 

Ayrı-ayrılıqda bədii yaradıcılıq sahəsində, yaxud elmi fəaliyyətdə uğur qazanan şəxsiyyətlər tarix boyu çox olub. Mir Cəlal Paşayev isə bu iki istiqaməti öz həyat və yaradıcılığında birləşdirərək irəli aparan çox nadir simalardan idi. Onun fəaliyyətinə nəzər saldıqda yazıçı və alim tərəflərindən hansının üstün olduğunu müəyyənləşdirmək xeyli çətin gəlir. Çünki Mir Cəlal həm ədəbiyyatımızın bədii xəzinəsini zənginləşdirmiş, həm də tədqiqatları ilə ədəbiyyatşünaslıq elmimizə mühüm töhfələr vermişdir.

Mir Cəlal Paşayevin namizədlik dissertasiyası ilə doktorluq dissertasiyası arasında yeddiillik zaman məsafəsi var. Onun 1947-ci ildə müdafiə etdiyi "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası bu gün də aktual elmi mənbə kimi dəyərini qoruyur. Klassik irsimizin yorulmaz araşdırıcısı olan Mir Cəlal Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əbülqasım Nəbati, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi dahilərin yaradıcılığını dərindən təhlil etmiş, Azərbaycan ədəbiyyatı tarixinin sistemli şəkildə öyrənilməsində müstəsna xidmətlər göstərmişdir. 

Görkəmli yazıçı 1944-1960-cı illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunda sovet ədəbiyyatı şöbəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetində (indi BDU) Azərbaycan ədəbiyyatı kafedrasında dosent kimi fəaliyyət göstərmişdir. 1948-ci ildə professor adına layiq görülən alim 1961-ci ildən etibarən həmin universitetdə Azərbaycan Ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir.

Universitet auditoriyalarında o, əsasən, estetikanın nəzəri problemləri və poetika məsələləri üzərində dayanır, ədəbiyyat nəzəriyyəsi üzrə mühazirələri ilə tələbələrə dərin biliklər aşılayırdı. Bununla yanaşı, elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi önəm verir, gənc tədqiqatçıların formalaşmasına yaxından dəstək olurdu. Məhz bu fəaliyyətinin nəticəsi kimi Mir Cəlal Paşayev öz elmi ənənələrini, məktəbini yaradan görkəmli ədəbiyyatşünas kimi tarixdə iz qoymuşdur.

Əbədiyaşarlıq 

Mir Cəlal Paşayev həm bədii, həm də elmi yaradıcılığı ilə daim layiq olduğu dəyəri qazanmış sənətkar idi. Onun ədəbiyyat tariximizdə yeni mərhələ kimi qəbul edilən "Bir gəncin manifesti" əsərinin 1968-ci ildə dövrün ən nüfuzlu mükafatlarından sayılan Respublika Komsomolu mükafatına layiq görülməsi, eləcə də ədibə 1969-cu ildə Əməkdar elm xadimi fəxri adının verilməsi bu qiymətin bariz ifadəsi idi. Ümumilikdə, ədibin elmi-pedaqoji və ədəbi fəaliyyəti müxtəlif orden, medal və fəxri fərmanlarla yüksək səviyyədə təqdir olunmuşdur.

Görkəmli yazıçının yubileyləri də dövlət səviyyəsində qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında onun 90 və 100 illik yubileyləri geniş miqyasda keçirilmiş, bu münasibətlə elmi konfranslar, yubiley tədbirləri təşkil olunmuşdur. 2007-ci il oktyabrın 16-da isə UNESCO baş konfransının 34-cü sessiyasında Mir Cəlal Paşayevin 100 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunması barədə qərar qəbul edilmişdir. Bakıda "Ədibin evi" muzeyinin, Gəncə və Gədəbəydə xatirə muzeylərinin yaradılması, paytaxt küçələrindən birinə onun adının verilməsi də bu böyük şəxsiyyətə göstərilən ehtiramın ifadəsidir.

1978-ci il sentyabrın 28-də vəfat edən Mir Cəlal Paşayev yalnız zəngin ədəbi və elmi irsi ilə deyil, yetirdiyi davamçıları, ailə ocağında tərbiyələndirdiyi dəyərli şəxsiyyətlərlə də əbədiyyət qazandı. Onun əsərlərinin formalaşdırdığı mənəvi mühitdə yetişən oxucuların sayı yüz minlərlədir. İnsan yetişdirmək, cəmiyyət üçün kamil şəxsiyyət formalaşdırmaq ideyası görkəmli yazıçının yaradıcılığının ana xəttini təşkil edirdi. Kiçik hekayələrindən tutmuş irihəcmli romanlarına qədər bütün əsərlərində bu məqsəd açıq şəkildə hiss olunur. İndi onun Azərbaycan ədəbiyyatındakı mövqeyi və oxucu sevgisi göstərir ki, Mir Cəlal Paşayev öz ideyasını - insan tərbiyəsi missiyasını uğurla həyata keçirə bilmiş nadir sənətkarlardandır.

Bu gün Mir Cəlal Paşayevin adı təkcə ədəbiyyat tarixində deyil, insanların düşüncəsində və həyat baxışında yaşayır. Onun yaratdığı əsərlər və formalaşdırdığı mənəvi dəyərlər zamanın sınağından çıxaraq hazırda öz aktuallığını qoruyur. Ən əsası isə Mir Cəlalın irsi bizə bir həqiqəti xatırladır: sözün gücü ilə insanı dəyişmək, cəmiyyəti formalaşdırmaq mümkündür. Məhz buna görə də onun qələmi hələ uzun illər boyu əmin-amanlığa, maarifə və insanlığa xidmət edəcək.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Избранный
56
azerbaijan-news.az

1Источники