RU

Məşhurlar övladlarına adı necə seçib? - “Bətnimdə o adla sevmişəm”

Ad insanın taleyinə yazılan ilk söz, kimliyinə vurulan ilk möhürdür. Bəzən valideyn istəyi, bəzən nənə arzusu, bəzən də müqəddəs kitabdan açılan bir səhifə uşağın ömürlük daşıyacağı ada çevrilir. Məşhurlar da bu məsələdə istisna deyil. Onlar həm öz adlarının mənasını açıqlayıb, həm də övladlarına hansı düşüncə ilə ad seçdiklərini bölüşüblər.

Sənət adamlarının sözlərindən aydın olur ki, kimisi adın səslənişinə, kimisi mənasına, kimisi isə dini və ailə bağlarına üstünlük verir. 

“Yeni Sabah” tanınmış simaların ad hekayələri və övladlarına verdikləri adlarla bağlı maraqlı məqamları təqdim edir:

Nadir Qafarzadə: “Adımın mənası “nadir tapıntı”, “tək-tük” deməkdir. Gec tapılan mənasını ifadə edir. Oğlumun birinin adı Loğmandır, həkim deməkdir. Digərinin adı isə Əzizdir. Doğma mənasını verir. Bir nəvəm öz adımı daşıyır, digərinin adı isə Qafardır. Babamın adını daşıyır, lakin Qafar adının mənasını bilmirəm. (Qeyd: “Qafar” ərəb mənşəli olub, “bağışlayan”, “əfv edən”, “günahlardan keçən” və “çox mərhəmətli” mənalarını verir).

Nazirlə Səfərli: “Nazilə “naz ilə açıq aydın sözünü deyən” mənasını verir. Övladlarıma da ad seçəndə əlbəttə, mənasını düşünmüşəm. Bir də qulağa gələn səslərə diqqət etmişəm. Saitlərə diqqət etsək anlamış oluruq ki, Nurlan - iki qalın sait, Turan - iki qalın sait. Oğlanlarımın adaları pafoslu səslənir. Xoşdur mənə. Allah bütün balaları qorusun”.

Afət Fərmanqızı: “Adım ərəb mənşəlidir. Mənası “bəla”, “fəlakət” deməkdir. Şairlər şeirlərində gözəl mənasında da istifadə edirlər”.

Ofelya Şabanova: “Adım yunan sözündən götürülüb. “Ucaltmaq”, “yüksəltmək”,“artırmaq” mənasını verir. Övladlarımın adlarını isə yoldaşım qoyub. Böyük oğlumun adı ərimin adıdır – Ceyhun, “coşqun çay deməkdir”. Kiçik oğlumun adı Yusif peyğəmbərin adından götürülüb. Mənə maraqlı olan adın mənası deyil, yaxşı səslənməsidir”.

Günel Ələkbərova: “Adımı anamla, atam qoyub. “Günəş”, “el”, “oba” mənasında bilirəm. Lakin tam olaraq mənasını bilmirəm. Öz qızıma Məryəm adını vermişəm. Anamın adının da sonluğunda “xanım” sözü olduğu üçün sonuna da həmin sözü əlavə edərək Məryəmxanım qoymuşam. Atasının razılığı ilə. Şükür, müsəlmanam, lakin kilsəyə və sinaqoqa da gedirəm. Tolerant ölkədə yaşadığımız üçün hər yer mənim üçün Allahın evidir və müqəddəsdir.

Ümumiyyətlə uşaqlara vəfat edən insanın adını qoymağı və köhnə adları verməyin tərəfdarı deyiləm”.

Xuraman Şuşalı: “Adımı nənəm qoyub. Fars mənşəlidir. Xur - “günəş” “işıq”, “işıqlı”, “nur saçan”, “şən insan” deməkdir. Uşaqlarımın adını isə özüm qoymuşam. 1-ci övladıma Muhamməd Mehdi - sonuncu imamın adını vermişəm. 2-ci övladıma Sura - mənim adımı qoyan nənəmin adını qoymuşam. Bu həm də anamın istəyi idi. 3-cü övladımın adı yuxuda verilib – Abbas Hüseyn. 4-cü övladıma isə - Məryam - İsa peyğembərin anasının adını vermişəm. Mən adı verdikdən sonra bacım, qardaşım dedilər ki, onlar yuxuda görüblər ki, mən uşağa Məryam adı qoymuşam, ancaq yuxu gördüklərini deməyiblər. Ad mövzusunda çox həssas olduğuma görə, deməyiblər ki, özüm nə istəyirəm o adı qoyum. Üç övladımın adını hamiləliyimin ilk günündən qoymuşam. Bətnimdə o adla sevmişəm. Yalnız 4-cü övladımın adını dünyaya gələndə fikirləşmişəm”.

Əlikram Bayramov: “Mənim adımı atam qoydurub. Qurani-Kərimdən götürülüb. Anam deyirdi ki, atan Mirxas ağanın yanına gedib Quran açdırmışdı, orada Əli və Kərəm adı çıxmışdı. Əli - imamızın adı, Kərəm isə “Allaha şükür” deməkdir. Özüm isə heç kəsə ad qoymamışam. Nəvələrimin adını da evdəkilər qoyub. Adları Təmkin, Fərəh, Sara Xatun və Əli Kərəmdir.

Adın mənasının gözəl olması daha vacibdir. Hər söz qulağa xoş gələ bilər. Əsas olan mənadır. İndi bəzi adları da siyahıdan çıxartdılar. Əslində yaxşı oldu. Həmin adlar heç bir məna ifa etmirdi”.

Aydan Hacı


Telegram kanalımız
Избранный
40
1
yenisabah.az

2Источники