Zamanın sıxdığı Tehran üçün daralan geosiyasi halqa
İslamabad vasitəçiliyi ilə Ağ Ev və Tehran arasında bu günlərdə ikinci raund danışıqların baş tutma ehtimalı bölgədə yeni mərhələnin başlandığını göstərir. İlk baxışda bu, diplomatik aktivliyin artması kimi görünür. Lakin prosesin mahiyyətinə diqqət yetirdikdə ortaya daha sərt reallıq çıxır. Belə ki, danışıqlar sülh üçün deyil, təzyiqin nəticəsini rəsmiləşdirmək üçündür.
İran tərəfinin əvvəlcə görüşdən imtina etməsi, daha sonra isə diplomatik kanalların yenidən aktivləşməsi Tehranın daxilində və xaricində artan təzyiqin göstəricisidir. Abbas Əraqçinin İslamabada səfəri və Ağ Ev nümayəndələri Stiv Uitkofun və Jared Kuşnerin aprelin 24-də İslamabada gözlənilən səfəri də danışıqların artıq texniki mərhələyə keçdiyini göstərir.
Sanksiya + blokada: Vaşinqtonun ikiqat təzyiq modeli
Vaşinqtonun strategiyası açıqdır: Təzyiq diplomatiyası ilə paralel olaraq iqtisadi boğucu mexanizmlərdən, daha Ağ Evin bəyan etdiyi “İqtisadi Qəzəb" əməliyyatını həyata keçirir.
ABŞ Maliyyə Nazirliyi tərəfindən Çinin Hengli Petrochemical zavoduna tətbiq edilən sanksiyalar bu siyasətin növbəti mərhələsidir. Bu addım sadəcə bir şirkətə qarşı yönəlməyib. Bu, İranın əsas gəlir mənbəyinə, yəni neft ixracına zərbədir. Eyni zamanda İran neftini daşıyan “kölgə donanması” hədəfə alınır, vasitəçilər və alıcılar sanksiya riskinə salınır. Bu isə o deməkdir ki, İranın qlobal bazara çıxışı sistemli şəkildə daraldılır.
Amerikanın maliyyə naziri Skot Bessentin “İqtisadi Qəzəb” əməliyyatı ilə bağlı açıqlaması da bunu təsdiqləyir: məqsəd Tehranın maliyyə axınlarını kəsmək və regional təsir imkanlarını zəiflətməkdir.
Atəşkəs: sülh yox, strateji fasilə
Bu proses fonunda atəşkəsin qeyri-müəyyən müddətə uzadılması xüsusi diqqət çəkir.
Donald Trumpın “Mənim vaxtım var, İranın yoxdur” fikri əslində bütün strategiyanı izah edir. Qeyri-müəyyən müddətə təxirə salınan atəşkəs ABŞ-a nə verir? İstənilən anda hərbi əməliyyatları bərpa etmək imkanı, İranı daimi psixoloji təzyiq altında saxlamaq, danışıqlarda maksimum üstünlük, zaman uzandıqca rəqibin zəifləməsini izləmək taktikasıdır. Yəni bu, klassik “dondurulmuş münaqişə” deyil, idarə olunan zəiflətmə mexanizmidir.
Hörmüz boğazı: iqtisadi nəfəsin kəsilməsi
Hörmüz boğazı bu qarşıdurmanın mərkəzi nöqtəsidir. Bu boğaz üzərindən gələn gəlirlərin məhdudlaşdırılması isə İranın dövlət büdcəsini daraldır, sosial xərcləri azaldır, daxili narazılığı artırır. Beləliklə, müharibə artıq tanklarla deyil, valyuta və logistika ilə aparılır.
İranın daxili zəif nöqtələri
Bugünkü reallıqda İran üçün əsas təhlükə hərbi deyil, struktur xarakter daşıyır. Yüksək inflyasiya və işsizlik, sosial narazılığın artması, beynəlxalq təcrid, investisiya və texnologiya çatışmazlığı. Bu faktorlar birlikdə “yavaş eroziya” effekti yaradır. Yəni ölkə birdən-birə çökmür, lakin davamlı şəkildə zəifləyir.
Hərbi ssenari masadadırmı?
İsrail faktorunun aktivləşməsi riskləri artırır.
İsrail müdafiə naziri İsrael Katzın “daha dağıdıcı zərbələr” barədə açıqlamaları göstərir ki, hərbi ssenari tam aradan qalxmayıb, sadəcə gözləmə rejimindədir. Bu həm də Tehranı şərtlərə razı salamaq üçün hərbi-psixoloji təzyiqdir. Əgər iqtisadi və siyasi təzyiq istənilən nəticəni verməzsə, məhdud və ya genişmiqyaslı hərbi əməliyyatlar ehtimalı real olaraq qalır.
Zaman kimin xeyrinə işləyir?
ABŞ vaxt qazanır, İran isə vaxt itirir və bu da Tehranın ziyanınadır. Zaman uzandıqca Tehran vəziyyəti öz xeyrinə dəyişə bilmədiiyndən iqtisadi resurslar tükənir, daxili təzyiq artır, geosiyasi manevr imkanları azalır. Lazımi beynəlxalq dəsətk ala bilmədiyindən ABŞ-a təzyiq imkanlarını itirir. Bu səbəbdən “zaman Tehran üçün neytral faktor deyil”, həm də birbaşa strateji təzyiq alətidir. Ağ Ev bunu yaxşı anlayır və ona görə də hazırkı mərhələdə əsas xətti dəyişməz olaraq qalır. Blokada, sanksiya və diplomatic və hərbi-psixoloji təzyiq taktikası davamlı olaraq həyata keçirilir. Atəşkəs isə bu oyunda son deyil. Sadəcə fasilədir. Və bu fasilədən ən çox zərərçəkən tərəfsə Tehrandır.
Mürtəza