RU

Bir qrup "mənzil zincirləri" qurur: Digərləri hələ də evsizdir...

Türkiyədə Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən İstanbulda həyata keçirilən "Əsrin Mənzil Proqramı" çərçivəsində reallaşdırılan və minlərlə ailəyə yeni ev ümidi verən püşkatma bu gün saat 14:00-da başlayır.

500 min nəfərlik sosial mənzil layihəsinin birinci mərhələsinin nəticələri üç günlük püşkatma ilə müəyyən ediləcək.

Aşağı gəlirli vətəndaşları ev sahibi etməyi hədəfləyən layihə üçün ən çox müraciət İstanbuldan gəlib. Şəhərdə ümumilikdə 1 milyon 235 min 169 nəfər müraciət edib.

Layihə çərçivəsində İstanbul üçün müəyyən edilmiş ev təsərrüfatları üçün aylıq xalis gəlir limiti 145 min lirə, digər əyalətlərdə isə bu rəqəm 127 min lirə olaraq tətbiq edilib. 

İstanbulda tikiləcək evlərin 1+1 və 2+1 tipli olacağı açıqlanıb. TOKİ satışa çıxarılan evləri 10 % ilkin ödəniş, 240 aylıq müddət və 7 313 lirədən başlayan hissə-hissə ödənişlərlə təklif edəcək.

Taksit məbləğləri dövlət qulluqçularının əməkhaqqı artımından asılı olaraq hər 6 aydan bir yenilənəcək.Püşkatma mərasimi İstanbul Atatürk Hava Limanı Milli Bağçasında keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın və Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun mərasimdə iştirakı gözlənilir.

Püşkatma bu gün saat 14:00-da başlayacaq və 3 gün davam edəcək. Proses 27 apreldə başa çatacaq və ümumilikdə 100 min evin sahibləri müəyyən ediləcək Vətəndaşlar püşkatmanı TOKİ-nin “YouTube” kanalında canlı izləyə biləcəklər.

Qeyd edək ki, TOKİ aşağı və orta gəlirli vətəndaşlar üçün sosial mənzil, infrastruktur və ictimai binalar tikən Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə bağlı bir dövlət qurumudur. 

1984-cü ildə qurulan qurum, uzunmüddətli hissə-hissə ödənişlər və əlverişli ödəniş şərtləri ilə ev sahibliyini təmin etməyi hədəfləyir. Ümumiyyətlə, qeydiyyatdan keçmiş evi olmayan və müəyyən gəlir səviyyəsindən aşağı olan Türkiyə vətəndaşları müraciət edə bilərlər.

Bildirək ki, bu gün Azərbaycanda da evsiz vətəndaşların sayı kifayət qədərdir. Paytaxtda davamlı olaraq yeni binalar tikilir və həmin məzillər də alıcılara təqdim edilir.

Yəni hazırda paytaxtda tikilən yeni binaların demək olar ki, əksəriyyəti satılır. Ancaq maraq doğuran odur ki, yeni tikilən binalardakı mənzilləri alanların əksəriyyəti də nağd alış imkanı olan, eləcə də ipoteka ilə almağa maddi gücü çatan, öz evi olduğu halda digər bir mənzilə ehtiyacı olmadan yenisini alan vətəndaşlardır.

Yəni burada pulu çox olduğu üçün bir neçə ev alan insanlara məhdudiyyət qoyulmasını təklif etmirik. Eləcə də ipoteka ilə ev almaq üçün ən azı 10 minat ilkin ödəniş edən yüksək maaşı olanlara da irad bildirmirik.

Bizim iradlarımız məhz ömür boyu aşağı gəlirlə kirayələrdə yaşayan vətəndaşların problemlərini həll etməyənlərlə bağlıdır. Çünki evsiz və kirayədə yaşayan vətəndaşların istər adi ipoteka, istərsə də güzəştli ipoteka krediti faizlərini  ödəmək imkanı yoxdur.

Qeyd edək ki, güzəştli şərtlərlə ipoteka krediti almaq hüququna malik şəxslər də müəyyən bir qrupu əhatə edir. Son illər evsiz və maddi imkanı olmayan vətəndaşlarda mənzil sahibi olmaq üçün yeganə bir ümid yarandı ki, bu da kirayə mexanizmi vasitəsilə mənzil sahibi olmaq idi.

Beləliklə, 2019-cu ildən ölkədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrasına başlandı.

2026-cı il aprelin 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə inidiyə qədər 9305 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Göründüyü kimi ötən müddətdə cəmi minə yaxın ailənin mənzil şəraiti yaxşılaşıb ki, onlardan əksəriyyəti gənc ailələrdir. Bu gün kirayədə yaşayan, evsiz insanların sayı minlərlədir. Onların bir qismi heç gənc ailə də deyil.

Həmin ailə aşağı gəlirli olduğu, eləcə də gənc ailə olmadığı, ipoteka faizlərini ödəməyə imkanı çatmadığı üçün ömür boyu evsiz yaşamağa məhkumdurlar. Ümid bəslədikləri kirayə mexanizmi vasitəsilə də ev almaq mümkün deyil. 

Burada yaş rol oynamaqla yanaşı çox az sayda mənzilin, adətən 200 mənzilin təqdim edilməsi də özünü göstərir. Onu da nəzərə alsaq ki, bir müddət öndə həmin evlərin də satışı zamanı neqativ hallar aşkarlanmışdı. 

Beləliklə, bu gün Azərbaycanda təəssüf ki, məhz TOKİ kimi qurumlar yoxdur. Aşağı gəlirli, evə ehtiyacı olanlar mənzil sahibi ola bilmirlər. Evi olan insanlar təkrar mənzil sahibi olurlar. Evsizlər isə yenə də kirayədə yaşamalı olurlar.

Nə qədər ölkəmizdə TOKİ kimi qurumlar yoxdur, yüksək gəliri ilə "mənzil zincirləri" quran şəxslər ev almaqda davam edəcək, aşağı gəlirli vətəndaşlar ancaq kirayədə yaşayacaqlar. 

Избранный
22
1
cebheinfo.az

2Источники