RU

Sevgini çörək kimi ovub qumrularamı səpdin? Fəridənin yeni şeirləri

ain.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Fəridənin yeni şeirlərini təqdim edir.

1.

Ağrının transmutasiyası

(Dayıma, Əlisəmid Kürə və ağrı kimi içimizdən keçənlərə)

Göz qapaqlarının altında bir şəkil kimi qalmaq istərdim ömrüncə.

ya da, ölüncə.

Məni əbədi sev istərdim - ölücə...

Gözəllik hekayədədirsə, bəs hekayə hardadı?

Biləyini doğrayan sınmış güzgü misalı

son dəfə kimi gördün aynada?!

Xoşbəxtliyin arxasında gizlənmiş hər səssizlikdə

kiminsə bədbəxtliyi yatır.

Bunu külək də bilir, qapı da, pəncərə də

Niyə heç kim danışmır?!

Xoşbəxtlik ağrı içində yuvadırsa...

Ağrı - içində yuvadırsa...

Al bu daşı,

istəsən, yuva qur, istəsən divar hör.

Yetər ki, xilas et bu səssizlikdən.

Unudulmağın ağırlığını daşdan yaxşı bilmirsən...

Hər ağrı bir şeirsə,

hər susqunluq melodiya,

bəs niyə yorur səni yaşamaqla sevməyin ağrılı eyniliyi?!

2.

Bakıya elegiya

Bakı - Yarımçıq hekayələrin şəhəri

nə bitməz, nə başlamaz.

Xoşbəxtliyini heç kimə bağışlamaz.

Yollar şəhərin üzündəki yara izləridi Bakıda.

çiçəklər - adamların əlində günah ləkəsi...

Hərə öz qaranlığını sürüyür ardınca

işıq yoxdu.

Bu şəhərdə hamı kölgədi.

Xəyallar arzulara sığmaz bu şəhərdə

bir anlıq sükuta yerləşər amma bir ömrün səs-küyü.

İçində gəzdirdiyin sükutla,

Şəhərin səsinə qarışarsan sən də,

anlayarsan:

Bakı bütün limansızların sığındığı sonuncu Bəlkədi.

3.

Vaveyla!

(Xilas üçün boğulanların şeiri)

Bu eşqin dərinliyini öz əllərimlə toxudum

indi bu qaranlıq mağarada

daşdan daman su səsi kimi əks-səda verir adın.

Vaveyla!

Adın - yolumu kölgələyən qədim küçə fənəri...

Xilas edərsən deyə atıldım sulara,

boğuldum, gəlmədin.

“Qəlblər kor olmaz” yalan imiş,

Səni qəlbim bilirdim, görmədin.

Etibarsızlığına güvənirəm daha

gəlməməklə sahilə çıxmağın yolunu öyrətdin mənə.

“Biz hər canlını sudan yaratdıq” - mən də belə yarandım.

Ağırlığıyla dərinlərə çəkən ümidlərdən qurtuldum, sağ ol.

(Allah səbr edənlərləymiş).

Özünü sökmək fəna imiş (Rəbbim, mən özümə zülm etdim)...

Şəhərin tozlu təlaşında hərdən

səni görüb yavaşıyıb soruşmaq istərdim:

Sevgini çörək kimi ovub qumrularamı səpdin,

ürəyin boylandığın sularda balıqlaramı düşdü, hanı?

gözlərinin işığını qaranlıqlarmı apardı

mənə qalmadın?!...

4.

Beynimdə köz kimi yatar adın

dodaqlarından qopacaq mehə bənd: "necəsən, neynirsən?"

Sən uzaq gəzdikcə böyüdərəm içimdə tənhalığı

böyüdərəm ki, qayıdıb daha rahat yerləşəsən...

Nə vaxtsa anlayacaqsan sən də

min yol əlvida desək də

ölsək də

ayrılmarıq.

Səninlə eyni ağrının

iki başqa ünvanlarıyıq...

5.

Sənin yanında

evə qayıtmış kimi hiss edirəm - əsrlərlə sürən müharibədən sonra.

Yaralarımızı görməsək də ağrılarımızdan tanıyarıq -

Mən susduğum, sən küsdüyün yerlərdən.

Divardakı bir yazının üstünü örtsən də

altında nə yazıldığını ikimiz də bilirik, necə olsa...

Nə sən divsən canı şüşədə, nə mən şahın gözünün ağı-qarası, bilirəm...

Noolar, başımı dizinə qoyum, saçlarımı dara, oxşa...

"Nağılların o biri üzündəki xoşbəxtliyimsən", de...

"Səndən başqası yalandı", pıçılda...

De ki,

itirməyə bircə səni saxlamışam.

“İşquz dövləti” adlı bədii-sənədli filmi çəkilir

Prezident Kitabxanasında virtual sərgi hazırlandı

100 illik tarixə malik kinoteatr yenidən qapılarını açdı: 20 illik sükut pozuldu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
kulis.az

2Источники