RU

"Milli kimlik və soydaşlıq irsi" - Ankarada beynəlxalq konfrans

Ankara, 26 Aprel, AZƏRTAC

Türkiyənin paytaxtı Ankara şəhərində "Milli kimlik və soydaşlıq irsi" mövzusunda beynəlxalq konfransın keçirilməsi İraq, Suriya, Livan kimi ərəb ölkələrində yaşayan və etnik cəhətdən Azərbaycan türklərinə bağlı olan türkmanlarla ədəbi-mədəni və elmi əlaqələrin inkişafı istiqamətində atılmış önəmli addımlardan biridir.

Bu fikri AZƏRTAC-a Ankarada səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstututunun böyük elmi işçisi, "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə Kərkük Kültür Dərnəyi tərəfindən təşkil olunan konfrans türkmanların problemlərinin öyrənilməsi və Türk dünyasına inteqrasiya etmələrində onlara göstəriləcək dəstək baxımından da əhəmiyyətlidir.

“Azərbaycan xalqının etnogenezində xüsusi rol oynamış türkmanlara diqqətin artırılması istiqamətində ADDF-nin gördüyü işlər olduqca təqdirəlayiqdir. Soykökə qayıdış, milli kimliyin dərki, ərəb ölkələrində tarixən mövcud olmuş varlıqlarını qoruyub saxlamış türkmanlarla ortaq layihələrin həyata keçirilməsində fondun fəaliyyəti böyük önəm daşıyır. Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin türkman soydaşlarımız arasında yaşadılması da buraya aiddir. Hansı ki, müasir dövrdə bu məsələlər kifayət qədər aktual və əhəmiyyətlidir”, - deyə alim qeyd edib.

Orxan İsayev diqqətə çatdırıb ki, bu gün İraqda, Suriyada, Livanda yaşayan türkmanların tarixi vətənləri olan Azərbaycandan diqqət və qayğı hiss etmələri onların dəyərlərini yaşatmalarına və inkişaf etdirmələrinə təkan verir: “Bu istiqamətdə də ADDF bir sıra layihələr həyata keçirib. "Milli kimlik və soydaşlıq irsi" mövzusunda konfransın keçirilməsi də bu layihələrdən biridir”.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
23
azertag.az

1Источники