ABŞ hökumətinin zəmanət verərık satışa çıxardığı qızıl narkokartellərin qanunsuz yollarla çıxardıqları xarici qızıldır...
Poliqon xəbər verir ki, ABŞ Sikkəxanası hər il investisiya keyfiyyətli qızıl sikkələrin satışından 1 milyard dollardan çox gəlir əldə edir. Hər bir sikkənin üzərində həkk olunan ağbaş qartal simvolu, qanunla tələb edildiyi kimi, qızılın 100 faiz Amerika mənşəli olduğuna dair dövlət zəmanətini ifadə edir. Lakin The New York Times-ın apardığı araşdırma bu hökumət proqramının yalan üzərində qurulduğunu üzə çıxarıb. Sikkəxana əslində qanunsuz çıxarılan xarici qızılın rəsmiləşdirilməsi zəncirinin son halqasına çevrilib və bu qızılın böyük qismi narkokartellərı aiddir.
Məxfi sənədlərə əsasən, ABŞ Sikkəxanası Kolumbiyanın narkokartelinə məxsus bir mədəndən çıxarılan qızılı satın alır. Bundan əlavə, Meksika və Peru lombardlarından əldə edilən qızıldan, qismən Çin hökumətinə məxsus Konqo mədənindən gələn metaldan istifadə edərək Azadlıq Heykəli təsviri olan sikkələr buraxır. Sikkəxananın qızıl tədarükçülərindən biri də Hondurasda hinduların qəbiristanlığını qazıb altındakı filizi çıxaran bir şirkətdir.
1985-ci ildə ABŞ Konqresi Sikkəxanaya xarici qızıldan külçə istehsalını qadağan edib. Bu qərar, ilk növbədə, aparteid dövründə Cənubi Afrikada baş verən insan hüquqları pozuntularından qorunmaq məqsədi daşıyırdı. Lakin araşdırma göstərir ki, Sikkəxana daxili xəbərdarlıqlara baxmayaraq, bu qanunu illərdir açıq şəkildə pozur.
Qızıl ticarəti Sudandakı qanlı vətəndaş müharibəsini, Rusiyanın Ukraynaya hücumlarını maliyyələşdirir. Qızıl qiymətlərinin kəskin artımı Venesuela və İrana sanksiyaların təsirini yumşaltmağa kömək edir. Kolumbiyanın ən böyük karteli “Clan del Golfo” kokainlə yanaşı qızıl ticarəti ilə də məşğuldur. Qanunsuz mədənçilər Meşələri qırır və Amazonu çirkləndirir. Əl-Qaidə ilə əlaqəli terror qrupları da qızıl hasilatına başlayır.
Nüfuzlu mənbə kimi ABŞ Sikkəxanasından qızıl almaq cinayətkarların, terrorçuların və ətraf mühiti çirkləndirənlərin mənfəət əldə etməsinin qarşısını almağa zəmanət verməlidir. Reallıqda isə Sikkəxana onilliklər boyu şübhəli mənşəli qızılın Vest-Poynt (Nyu-York ştatı) zavoduna necə daxil olmasına göz yumub. Buraya mənşəyini müəyyənləşdirməyin çətin, hətta qeyri-mümkün olduğu işlənmiş qızıl, həmçinin Kolumbiya və Nikaraqua kimi bu sənayenin cinayət qrupları ilə bağlı olduğu ölkələrdən gələn metal daxildir.
Araşdırmaya görə, hətta ABŞ-ın 250 illiyi şərəfinə buraxılmış, 24 ayar qızıldan hazırlanmış prezident Trampın qızıl sikkəsi də ölkə xaricində, müxtəlif mənbələrdən çıxarılan qızıldan istehsal oluna bilərdi.
Poliqon.info