BAKI, 27 aprel. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov rusiyalı həmkarı Vladimir Putin ilə keçirdiyi son danışıqlar zamanı bütün əsas məsələlərin həll edildiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə S.Japarov "Kaktus media"ya müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Moskva səfərinin təşəbbüskarı özü olub. O, Astanada keçirilən ekoloji sammitdən sonra yaranmış fürsətdən istifadə edərək bu görüşü keçirmək qərarına gəlib:
"Səfərin ilk günü biz iki saatdan çox müddətdə Qırğızıstan-Rusiya münasibətlərinin geniş spektrini müzakirə etdik. Bir sıra mövzular üzrə profil nazirlərin iştirakı ilə əlavə danışıqların aparılması barədə razılığa gəldik. Nazirlər təcili çağırıldı və artıq növbəti gün geniş tərkibdə görüş keçirildi. Bütün əsas məsələlər tənzimləndi".
S.Japarov son beş il ərzində göstərdiyi daimi dəstəyə görə Vladimir Putinə minnətdarlığını ifadə edib:
"Vladimir Vladimiroviç əməkdaşlığın bütün məsələlərində dəstək nümayiş etdirir, Rusiya tərəfinə aid olan problemləri həll edir. Məhz buna görə biz Rusiyanı strateji tərəfdaşımız adlandırırıq".