RU

Bakıya ünvanlanan vasitəçilik təklifi: müstəqil siyasətin nəticəsi

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Volodimir Zelenskinin Qəbələdə səsləndirdiyi və Azərbaycanı Rusiya-Ukrayna müharibəsinin həlli üçün potensial vasitəçi və danışıqlar məkanı kimi təklif etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı etimadın məntiqi nəticəsi kimi dəyərləndirilir.

Bu təşəbbüs təkcə diplomatik jest deyil, həm də Bakının müstəqil qərarvermə iradəsinə verilən açıq siyasi qiymətdir.

Azərbaycanın həm Moskva, həm də Kiyevlə münasibətləri qoruyub saxlaması onu nadir balans yarada bilən aktora çevirir.

Məhz bu balanslı xətt ölkəni qlobal qarşıdurmalar fonunda etibarlı dialoq məkanına çevirir.

Qəbələ görüşü isə göstərdi ki, Azərbaycan artıq təkcə regional deyil, daha geniş geosiyasi proseslərdə söz sahibi kimi qəbul olunur.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və Prezident İlham Əliyevin istər rəsmi görüşlərdə, istərsə də mətbuata birgə bəyanatı zamanı ifadə etdiyi ritorika Azərbaycanın müstəqil xarici siyasət kursunu həyata keçirən azsaylı dövlətlərdən biri olduğunu bir daha nümayiş etdirdi.

“Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Ukrayna ilə münasibətlər xüsusi yer tutur və ötən dövr ərzində Azərbaycan beynəlxalq hüququn aliliyini rəhbər tutaraq strateji səviyyəyə yüksəltdiyi bu əlaqələrin daha da inkişafı istiqamətində real qətiyyət ortaya qoyub. Siyasi səviyyədə möhkəmlənən tərəfdaşlıqla yanaşı, ölkəmiz Ukraynanın iqtisadi sistemində də mühüm mövqeyə malikdir və xüsusən SOCAR-ın bu ölkədə ciddi investisiya qoyuluşları Ukrayna iqtisadiyyatında hərəkətverici qüvvələrdən birinə çevrilib”, – deyə deputat vurğulayıb.

Deputat əlavə edib ki, kifayət qədər mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Azərbaycan Respublikası Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edir, eyni zamanda Rusiya-Ukrayna münaqişəsi zamanı bəşəri dəyərlərin rəhbər tutulmasının vacibliyini dəfələrlə önə çəkərək bu ölkəyə mütəmadi şəkildə dinc məqsədlər güdən humanitar yardımlar göstərib.

Onun fikrincə, hazırda qütblərarası ziddiyyətin dərinləşdiyi, ayırıcı xətlərin daha aydın şəkildə müşahidə olunduğu bir şəraitdə Ukrayna Prezidentinin Azərbaycanın vasitəçi rolunda çıxış etməsi ilə bağlı təklifi məhz ölkəmizin müstəqil mövqeyinə, hər hansı kənar təsiri istisna edən qətiyyətinə olan etimadın bariz nümunəsidir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
50
bizimyol.info

10Источники