Xarici dil üzrə qiymətləndirmədə yeni model mərhələli şəkildə tətbiq edilir və proses illərdir hazırlanır.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxış edən DİM əməkdaşı deyib.
Çıxışda bildirilib ki, yeni yanaşma çərçivəsində əsas diqqət statistik göstəricilərin inkişaf dinamikasına və şagirdlərin real bacarıqlarının ölçülməsinə yönəlib.
O qeyd edib ki, bu proses təkcə bir ilin işi deyil. 2020-ci ildən etibarən Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə silsilə layihələr həyata keçirilib. Bu layihələr nəticəsində dinləmə, oxuyub-anlama və yazı bacarıqlarını ölçən açıq tipli tapşırıqlar tətbiq olunmağa başlayıb.
İmtahan modelinin hazırlanmasında beynəlxalq təcrübəyə də istinad olunub:
“Mövcud model aparıcı beynəlxalq qurumların – Cambridge və British Council kimi institutların mütəxəssisləri tərəfindən qiymətləndirilib, onların rəy və təklifləri nəzərə alınıb”.
Qeyd olunub ki, pilot layihələr nəticəsində yeni model artıq praktik tətbiq mərhələsinə keçib:
“2025-ci ildə ilk dəfə tətbiq olunan model əslində uzunmüddətli hazırlığın nəticəsidir. Artıq növbəti mərhələdə tam orta təhsil səviyyəsində bu modelin daha geniş tətbiqi nəzərdə tutulur”.
Zeynəb Rzayeva