RU

“Sabah”ın kiməsə görə bu yerlərdə olduğunu demək düzgün deyil” - Vaqif Sadıqov "Qarabağ"ın məğlubiyyətindən danışdı

Bu mövsüm “Sabah”la “Qarabağ” arasındakı mümkün bütün matçlar arxada qaldı. “Bayquşlar” 5 sınaqdan üzüağ çıxdı - 3 qələbə, 2 heç-heçə. Artıq əminliklə demək olar ki, “Qarabağ”ın “Sabah” kompleksi yaranıb, “köhlən atlar” “bayquşlar”a heç cür qalib gələ bilmir.

Dediklərimiz yalnız söz deyil. Əlahəzrət Rəqəmlərin hökmünə nəzər salaq. “Qarabağ” “Sabah”ı sonuncu dəfə, ötən mövsümün ilk dövrəsində, daha dəqiqi, 2024-cü il sentyabrın 29-da məğlub edib – 3:2. Həmin vaxtdan bəri keçirilən 6 çempionat, 3 kubok oyununda ağdamlılar qələbəyə həsrət qalıb.

çempionat
07.12.2024. “Sabah” - “Qarabağ” 1:1
22.02.2024. “Qarabağ” - “Sabah” 1:1
27.04.2025. “Sabah” – “Qarabağ” 1:1
18.12.2025. “Sabah” - “Qarabağ” 2:1
01.03.2025. “Qarabağ” - “Sabah” 3:3
18.04.2026. “Qarabağ” - “Sabah” 0:1

kubok
31.05.2025. “Qarabağ” - “Sabah” 2:3
03.04.2026. “Qarabağ” - “Sabah” 2:2
22.04.2026. “Sabah” - “Qarabağ” 2:1

“Sabah”ın dominantlığının səbəbləri haqda danışmışdıq. Bəs “Qarabağ”? Ardıcıl çempionluqlar qazanan komanda bu mövsün niyə davamını gətirə bilmədi? Çempionatın sonuna 5 tur qalıb, “bayquşlar”ın çempionluq ehtimalı 90 faizdən yuxarıdı.

Qurban Qurbanov meydana gözlənilməz start heyəti buraxmışdı. Xoni Montiellə Abdulla Zubirin ehtiyatda qalması təcrübəli mütəxəssisin sürpriz hazırladığından xəbər verirdi. Amma əsl sürprizi Rəvan Həmzəzadə 37-ci dəqiqədə “Qarabağ”a qırmızı vərəqə verməklə bəxş etdi. Bundan sonra bütün planlar alt-üst oldu. Gözlənildiyi kimi, Qurbanov Leandro Andradeni meydandan aldı. Qarşılaşmanın davamı daha ağır keçəcəkdi, belə də oldu. Çünki ağdamlılar ən azı uduzmamalıydılar ki, oyunu penalty seriyasına daşımaq mümkün olsun. Hesab isə 0:0. Lakin 2-ci hissə başlayandan az sonra “Qarabağ” hesabı açdı. Bundan sonra, təbii ki, “Sabah” rəqibini ikiqat artıq qüvvə ilə sıxdı, tam müdafiəyə çəkilməyə məcbur etdi. Bundan 4 gün əvvəl “Sabah” azlıqda qalsa da, oyunu qol buraxmadan bitirə bilmişdi. “Qarabağ” isə bunu bacarmadı. Hesabda üstün olduqları halda hissə bitənə qədər məğlub duruma düşdülər. 

Qəbul etmək lazımdı ki, Qurban Qurbanov taktiki baxımdan Valdas Dambrauskasa uduzdu. Dalğa-dalğa hücumların qarşısı lazımi şəkildə alınmadı. Xüsusən də Kevin Medina olduqca inamsız oynadı. Qollarda onun səhvini mütləq vurğulamaq lazımdı. Əvəzetmələr də gecikdi. İkinci hissədəki iki dəyişiklik edildi, ikisi də 90-cı dəqiqədə. 

Bu mövzu ətrafında Vaqif Sadıqovla danışdıq:

“İş ondadı ki, “Sabah”ın haqqını verməliyik. 5 oyunun heç birində “Qarabağ” - illərdi lider olan komandamız “Sabah”a qalib gəlmədi. “Sabah” bu çempionatda iki cəbhədə - kubokda və çempionatda mübarizə aparırdı. Əsas məsələ odu ki, “Qarabağ”la oyunlarda üstün olan tərəf kimi özünü isbat etdi. Son oyuna görə hər iki komandaya təşəkkür edirəm. Əsl derbi, bayram ab-havası var idi. Hər şey gördük. Sarı, qırmızı vərəqələr, qollar, sayılmayan qollar, mümkün penalti - hər şey. Azarkeşin xoşlayacağı hər şey oldu. Final fitinə qədər bizi həyəcan içində saxladılar. Hər iki komandaya böyük təşəkkür düşür. “Sabah” yaradılan gündən hədəfi böyük idi. İddialı klub kimi çıxış edib. Məqsədlərinin nə olduğu heç kimdən gizlətməyiblər. Onu əldə etmək üçün peşəkar iş görməklə fəaliyyətini davam etdirirdilər. Bu mövsüm “Sabah” hamıdan üstün futbol sərgiləməklə layiqli çempionluğu, demək olar ki, əldə edib. Böyük şansı var ki, “qızıl dubl”a imza atsın. Səhvlərdən danışmaq istəməzdim, kimisə günahlandırmaq düzgün olmaz. Qurban Qurbanova, “Qarabağ”a güvənirik. “Neftçi”, “Sabah” fərqi yoxdu. Bizi Avropada təmsil edəcək hər klubumuza güvənməliyik. Bu gedişlə Avropada ayrı-ayrılıqda uğura imza atacaqlar”. 

Məşqçilər Komitəsinin sədri Qurban Qurbanovun gecikmiş əvəzetmələri haqda da danışdı: 

“Ehtiyat oyunçular skamyasına baxırıq, bilmirik vəziyyət necədi. Qurban Qurbanov əsas əvəzetmələri oyundan öncə etmişdi - start heyətində rotasiya var idi. Bu rəqibi ciddi təhlil etmək deməkdi. “Qırmızı”dan sonra azlıqda qaldı. Ondan sonra fərqli addımlar atılmalıydı. Bunları Qurban müəllim hamımızdan yaxşı bilir, komandasına bələddi. Kimə nə vaxt ehtiyac olduğunu ən yaxşı o bilir. Hər iki komandaya əhsən düşür. “Sabah”ın haqqını yemək olmaz. “Nəyəsə, kiməsə görə 1-ci olurlar” demək düzgün deyil. Böyük fərqlə liderdilər. Cəmi bir məğlubiyyətləri var. Bu elə-belə şey deyil. Bombardir futbolçu “Sabah”ın heyətindədi. Ən çox qol vuran komandadı, buraxılan qollarda yanlız “Qarabağ”dan geri qalır. Və ən əsası, “Qarabağ”a qarşı 5 oyun keçirib, uduzmayıb. Bu o deməkdi ki, “Sabah” olduğu yerə layiqdi. Bizə qalan “Sabah”a da, digər komandalara da uğurlar arzulamaqdı. Ümid edirəm ki, onlar belə tempdə keçən çempionatdan sonra avrokuboklarda ölkəmizi uğurla təmsil edəcəklər”. 

MÜZƏFFƏR QULUZADƏ
Избранный
44
30
football-plus.az

10Источники