RU

Məni bura nəyə gətirmisən? 10 qəpiklik daşlara görə dava düşdü

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Şamaxı rayonunda 38 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 22-də baş verib. 1988-ci il təvəllüdlü Xəyal həmin gün saat 22 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə rayonun Məlhəm kəndi ərazisində hərəkətdə olarkən, həmin vaxt avtomobilin sağ ön oturacağında əyləşmiş tanışı Baba ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı avtomobilin içərisində yumruqla zərərçəkmiş şəxsə iki dəfə zərbə vurub. İş üzrə izahat verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şamaxı şəhəri, T.Əliyarbəyov küçəsi ev 5-də yaşayır:“2002-ci ildən Şamaxı Rayon Mərkəzi Xəstəxanasında həkim-psixiatr kabinetində baş beyinin travmatik xəstəliyi nəticəsində mülayim dərəcədə ifadə üzvi şəxsiyyət dəyişikliyi diaqnozu ilə qeydiyyatdadır, 2-ci qrup əlildir. Eyni zamanda 2014-cü ildə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almişam”. Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Babanı Şamaxı şəhər sakini kimi tanıyır, onunla münasibətləri normal olmaqla, əvvəllər aralarında dava-dalaş və ədavət olmayıb:“Baba mənim işlədiyim qapı-pəncərə sexindən bir neçə dəfə material götürüb. Baba məndən dəfələrlə iş istəyib, lakin Babaya uyğun iş olmadığını bildirdi. Buna baxmayaraq, Baba adlı şəxs bir neçə dəfədir ki, mənim seximə gələrək yanımda dayanırdı. Lakin mənim üçün heç bir iş görmürdü. Çünki sexdə Baba üçün bir iş olmayıb”. Xəyal deyib ki, təxminən 2025-ci ilin iyul ayının əvvəllərində Babaya Şamaxı rayonu Çuxuryurd kəndində dostuna məxsus torpaq sahəsində mişar daşlarını yığaraq səliqəyə salmaq lazım olduğunu bildirib:“Mən işlədiyim sexdə olarkən Baba zəng edərək, Çuxuryurd kəndində olan işi görmək istəməsini bildirdi. Daha sonra, Baba işlədiyim sexə gəldi. O, sexə gəldikdən sonra sərxoş olmasını bildim. Saat 21:00-da özümün idarə etdiyim “Mercedes” markalı avtomobil ilə Baba ilə birlikdə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində “Soyuqbulaq” adlanan yolun kənarında dostuma məxsus torpaq sahəsinə getdik. Yolda gedərkən mağazadan yemək üçün konserva və çörək aldıq. Orada yemək yeyərkən Baba cibindən spirtli içki olan araq çıxartdı və qəbul etdi. Lakin mən spirtli içki qəbul etmədim. Orada olan mişar daşları cərgəyə yığılmalı idi. Aramızdakı razılaşmaya əsasən, Baba daşın birini 10 qəpikdən cərgəyə yığacaqdı. Baba təxminən 7-8 ədəd mişar daşını cərgəyə yığdıqdan sonra yorulduğunu və işin qalanını sabah görəcəyini bildirdi. Mən bildirdim ki, əgər 7-8 ədəd daş düzəcəydinsə, məni bu vaxtı bura nə səbəbə gətirmisən. Daha sonra Baba mənə heç bir söz demədən piyada yola düşərək getməyə başladı. Baba sərxoş olduğu üçün onun başına yolda nəsə hadisə gələcəyindən ehtiyat etdim. Buna görə də idarə etdiyim avtomobilə oturaraq, Babanın arxasınca gedərək onu yoldan götürdüm və Şamaxı şəhəri istiqamətində hərəkəti davam etdirdim. Saat 22 radələrində yolda gələrkən Baba əlini sükana ataraq, idarə etdiyim avtomobil ilə manevrlər etməyə başladı. Mən avtoqəza olacağından qorxdum və Babanı sükandan uzaqlaşdırmaq məqsədi ilə sağ əlimin arxası ilə onun sol sifətindən iki dəfə vurdum. Daha sonra yolda hərəkətdə olarkən Baba israrla avtomobili saxlamağımı istədi. Baba sərxoş olduğu üçün onun hava alması məqsədi ilə Şamaxı rayonu, Məlhəm kəndi ərazisində avtomobili saxladım. Baba avtomobildən düşən kimi asfalt yolun ortasına uzandı. Mən Babanı yoldan kənara çəkdim və 1-2 dəqiqə hava aldıqdan sonra yenidən avtomobilə oturaraq, Şamaxı şəhərinə getdik. Şamaxı şəhərində “Planet” marketin yaxınlığında Baba məcbur elədi ki, avtomobili saxlayım. Avtomobili saxladıqdan sonra Baba avtomobildən düşdü. Mən bir qədər Babaya israr etdim ki, avtomobilə otursun, evlərinə aparım. Lakin Baba razı olmadı. Bundan sonra avtomobil ilə öz yaşadığım evə getdim”. İş üzrə zərərçəkmiş Babanın sözlərinə görə, Xəyalı uzun müddətdir tanıyır, əvvəllər münasibətləri yaxşı olub, aralarında dava-dalaş və münaqişə olmayıb:“Xəyal qapı-pəncərə sexi işlədir və 2025-ci ildən onun sexində işləmişəm. Bu səbəbdən Xəyal mənə 200 manat əmək haqqı verməlidir. Məlum hadisədən əvvəl Xəyal məni Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində “Soyuqbulaq” yoluna apararaq orada mişar daşlarını cərgəyə vurmağımı söylədi. Mən mişar daşlarının bir qismini cərgəyə vurduqdan sonra yorulduğumu bildirdim və işin qalan hissəsini ertəsi gün görəcəyimi bildirdim. Lakin, Xəyal həmin işi bitirməyimi söylədi. Daha sonra  oradan çıxaraq piyada öz evimə gəldim. Yolda olarkən Xəyal özünə məxsus avtomobil ilə gələrək məni yoldan götürdü. Şamaxı rayonu Məlhəm kəndi ərazisində saat 22 radələrində yolda hərəkətdə olarkən Xəyaldan mənə olan 200 manat borcu istədim. Xəyal borcu olmadığını bildirdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Xəyal sol sifətimdən iki dəfə yumruqla vurdu”. Şamaxı Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə və Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
38
demokrat.az

10Источники