Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə baş tutan görüş olduqca mühüm və müsbət hadisədir.
Azreform.info xəbər verir ki, bunu Manset.az-ın baş redaktoru Əli Vəliyev Naxçıvan Dövlət Televiziyasında yayımlanan “Aktual ekran” proqramında Ermənistan və Azərbaycan nümayəndələri arasında Qəbələdə keçirilən birbaşa dialoqla bağlı fikirlərini bölüşüb.
Görüşü çox önəmli hesab edən mədia nümayəndəsi bildirib ki, bundan sonrakı proseslər üçün də ciddi təsiri olacaq.
Ə.Vəliyev qeyd edib ki, Azərbaycanın son günlər nümayiş etdirdiyi humanitar addımlar, o cümlədən Ermənistana dizel və neft məhsullarının göndərilməsi ölkənin humanist mövqeyini açıq şəkildə ortaya qoyur. Onun sözlərinə görə, bu kimi addımlar sülh sazişinin imzalanmasını sürətləndirə bilər.
Baş redaktor medianın da bu prosesdə roluna diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası sülh təşəbbüslərini aktiv şəkildə dəstəkləyir:
“Etiraf etməliyik ki, Ermənistan mediasında eyni yanaşmanı görmürük. Orada bəzi media qurumları revanşist qüvvələrin təsiri altındadır”.
Ə.Vəliyev Qəbələdə görüşün keçirilməsinin təsadüfi olmadığını da vurğulayıb. Onun sözlərinə görə, bu seçim Azərbaycanın inkişafını nümayiş etdirmək baxımından simvolik məna daşıyır:
“Qəbələdə keçirilən görüş zamanı Ermənistan nümayəndələri ölkəmizin infrastrukturunu, inkişafını, insanların həyat səviyyəsini yaxından gördülər. Bu, mühüm mesaj idi”.
O əlavə edib ki, regionda inkişaf və nəqliyyat layihələrinin, xüsusilə Zəngəzur dəhlizinin reallaşması Ermənistan üçün də ciddi iqtisadi imkanlar yarada bilər.
Sonda Ə.Vəliyev vurğulayıb ki, Ermənistan cəmiyyətində vətəndaş mövqeyi güclənməli və sülh prosesinə təkan verən əsas amillərdən birinə çevrilməlidir.