RU

Səmimiyyət artıq zəiflikdirmi? Əbülfəz Süleymanlı Sosioloji baxış

ain.az, 525.az saytına istinadən bildirir.

Əbülfəz SüleymanlıProfessor [email protected]

Yaxın günlərdə yutub kanallarının birində ölkənin tanınmış və intellektual səviyyəsi ilə seçilən şəxslərindən birinin müsahibəsində “Sizin zəif nöqtəniz nədir?” sualına verdiyi “Zəif nöqtəm səmimiyyətimdir” cavabı, ağrılı bir etiraf çaları daşımaqla yanaşı, insanlıq adına da düşündürücü idi. Bu cavab şəxsi etirafdan çox, müasir insan münasibətlərində getdikcə daha çox hiss olunan bir reallığın səssiz, lakin dərin ifadəsi kimi səslənirdi.

Ənənəvi cəmiyyətlərdə səmimiyyət etibarın, sosial bağların və mənəvi bütövlüyün əsas göstəricilərindən biri hesab olunurdu. Səmimiyyət zəiflik yox, əksinə, etibar yaradan əsas keyfiyyətlərdən biri idi. Lakin müasir dövrdə bu anlayışın mənası dəyişməyə başlayıb.

Bugünkü sosial reallıqda münasibətlər getdikcə daha çox performativ xarakter alır. Sosial şəbəkələr, korporativ həyat və rəqabətə əsaslanan strukturlar insan davranışlarını “idarə olunan obraz” çərçivəsinə salır. İnsan artıq yalnız olduğu kimi görünmək istəmir, həm də necə görünməli olduğunu hesablayır. Buna getdikcə güclənən praqmatik münasibətlər sistemi də əlavə olunur: insan əlaqələri daha çox fayda, nəticə, status və qarşılıqlı istifadə imkanları üzərindən qiymətləndirildikcə, səmimiyyət də bəzən “hesabsızlıq” və “özünü qorumağı bacarmamaq” kimi qəbul edilir. Bu kontekstdə səmimiyyət çox vaxt nəzarətsiz açıqlıq, hətta risk kimi görünür.

Səmimiyyət isə insanın daxili və xarici dünyası arasında uyğunluq yaradan sosial-əxlaqi keyfiyyətdir. O, saxta davranışlardan uzaq durmaq, insanlarla daha isti, təbii və dərin münasibət qurmaq imkanı verir. Çünki səmimiyyət münasibətlərə yalnız daha dərin və isti məzmun qazandıran xüsusiyyət kimi qalmır; o, emosional bağın, etibarın və yaxınlığın formalaşmasının əsas təməllərindən birinə çevrilir.

Burada bir məqamı da unutmaq olmaz: səmimiyyət ölçüsüz açıqlıq, hər şeyi olduğu kimi filtrsiz şəkildə demək və ya başqasının sərhədlərini aşmaq anlamına gəlmir. Əksinə, həqiqi səmimiyyət sayğı, hədd və məsuliyyət hissi ilə tamamlandıqda dəyər qazanır.

Bir dövrün simvoluna çevrilmiş, amerikalı ictimai xadim və vətəndaş hüquqları uğrunda mübarizənin önəmli fiqurlarından biri olan Malcolm X-in ona aid edilən “Mən təhsilli deyiləm, hər hansı bir sahədə də mütəxəssis deyiləm. Amma səmimiyəm və səmimiyyətim mənim ən böyük istinad nöqtəmdir” fikri bu baxımdan mənalıdır. Onun insanlara təsir gücü yalnız siyasi mövqeyindən deyil, sözündəki daxili inamdan və yaşadığı ilə danışdığı arasındakı uyğunluqdan qaynaqlanırdı.

Müasir insan emosiyalarını filtrdən keçirərək təqdim etməyə öyrəşir. Açıq olmaq, hisslərini olduğu kimi ifadə etmək bəzən manipulyasiya edilə biləcək boşluq kimi dəyərləndirilir. Beləcə insan nə qədər çox ünsiyyətdədirsə, bir o qədər də özünü gizlətməyə məcbur qalır.

Sosial media və rəqəmsallaşma bu prosesi daha da dərinləşdirir. Orada təqdim olunan “ideal həyatlar”, “uğurlu insanlar” və “mükəmməl münasibətlər” fonunda səmimiyyət çox vaxt filtrdən keçmiş, redaktə olunmuş davranış formasına çevrilir. Pandemiya sonrası evdən çalışma modelinin genişlənməsi də insan münasibətlərində yeni bir məsafə yaratdı; keçmişin səmimi məhəllə, qonşuluq və üz-üzə ünsiyyət mühitinə duyulan ehtiyac rəqəmsal ekranların soyuq dili içində daha aydın hiss olunmağa başladı.

Azərbaycan insanının sosial xarakterində tarixən səmimiyyət xüsusi yer tutur. Cəmiyyətimizdə “ürəkdən danışmaq”, “içdən olmaq”, “sözünün arxasında dayanmaq” və qarşı tərəfə etimad göstərmək münasibətlərin mənəvi ölçüsü kimi qəbul edilir. Hətta xaricdən gələn qonaqlar da ölkəmiz haqqında təəssüratlarını bölüşərkən Azərbaycan insanının səmimiyyətini və qonaqpərvərliyini xüsusi vurğulayırlar. Bəzən bu səmimiyyət insanı həssas göstərə bilər, lakin sosial bağlarımızı diri saxlayan əsas mənəvi resurslardan biri də məhz budur. Bununla belə, müasir proseslər, bənzər mədəni kodlara sahib digər cəmiyyətlərdə olduğu kimi, Azərbaycandan da yan ötüşməyib. Səmimiyyət hələ də dəyər kimi qorunsa da, münasibətlərin getdikcə daha çox praqmatik çərçivəyə keçməsi onun gündəlik həyatda ifadə imkanlarını müəyyən qədər məhdudlaşdırır.

Bu halda əsas sual yenidən qarşımıza çıxır: səmimiyyət həqiqətən zəiflikdirmi?

Səmimiyyətin zəiflik kimi qavranılması onun mahiyyətindən daha çox yerləşdiyi sosial kontekstin xüsusiyyətlərindən irəli gəlir. Əgər münasibətlər etimad üzərində qurulursa, səmimiyyət gücdür. Amma münasibətlər rəqabət, nəzarət, maddi maraq, praqmatik hesab və imic üzərində qurulursa, o zaman səmimiyyət riskə çevrilir.

Məhz burada müasir cəmiyyətin əsas dilemması ortaya çıxır: insan həm səmimi olmaq istəyir, həm də səmimiyyətin yaratdığı həssaslıqdan qorxur. Münasibətlərdə çıxar hesabı, sosial maskalar və emosional məsafə artdıqca, səmimiyyətin ictimai dəyəri də aşınmağa başlayır. Bu isə insanları bir-birinə yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırır.

Deməli, məsələ səmimiyyətin özündə yox, onu zəiflik kimi təqdim edən sosial mühitdədir. Müasir cəmiyyət səmimiyyəti qorumaq üçün yetərli sosial zəmin yaratmadıqca, bu keyfiyyət daha çox risk kimi qavranılacaq. Müasir insanın ən böyük daxili ziddiyyəti də məhz burada ortaya çıxır: güclü görünmək naminə səmimiyyət kimi insani xüsusiyyətlərdən uzaqlaşmaq.

Bu ziddiyyət yalnız fərdi münasibətlərlə məhdudlaşmır; insanlığın gələcəyi ilə bağlı daha dərin bir mətləbə də işarət edir. Məşhur tarixçi və füturoloq Yuval Noah Hararinin insanlığın gələcəyi ilə bağlı mühazirələrində işarə etdiyi kimi, əsas təhlükə bəzən Homo sapiensin fiziki sonu deyil, onun insani mahiyyətinin tədricən zəifləməsidir. Əgər insan səmimiyyətini, vicdanını, duyğusunu və etibar hissini itirərsə, texnoloji baxımdan nə qədər inkişaf etsə də, insan qalma keyfiyyətini itirməyə başlayar.

Bu mənada səmimiyyət zəiflik yox, insanın öz insani mahiyyətini qoruyan son mənəvi dayaqlardan biridir. Çünki səmimiyyət itdikdə geridə yalnız düzgün qurulmuş obrazlar qalır, insanın özü isə o obrazların kölgəsində getdikcə görünməz olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
525.az

1Источники