RU

Kənd məhsulu necə ayırd edilə bilər?

"Kənd təsərrüfatı məhsullarının qablaşdırılmış və sertifikatlaşdırılmış şəkildə satışa çıxarılması daha məqsədəuyğundur".

Bunu Day.Az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. 

O, bazara kənd məhsulu adı ilə satılan qidaların necə ayırd edilə biləcəyindən danışıb.

Ekspert bildirib ki, məhsulların həqiqətən kənd şəraitində yetişdirilib-yetişdirilmədiyini müəyyən etmək bəzən çətin olur.

"Məsələn, bu gün Bakıda da toyuq yetişdirilir, yumurta istehsal olunur. Eyni sözləri süd, yağ və digər məhsullar haqqında da demək mümkündür. Digər tərəfdən, paytaxt ətrafında yerləşən Abşeron rayonunda da kənd təsərrüfatı mövcuddur. Bu səbəbdən "kənd məhsulu" anlayışı bəzən qarışıq şəkildə təqdim olunur.

İstehlakçıları daha çox maraqlandıran məsələ isə kənd məhsulları ilə sənaye üsulu ilə istehsal olunan məhsullar arasındakı fərqdir. Bəzi hallarda bu fərqi xarici görünüşə görə müəyyən etmək mümkündür. Məsələn, yumurta və toyuq əti vizual olaraq seçilə bilir. Hətta digər ölkələrdə də - Avropada və Türkiyədə - kənd məhsulları ayrıca təqdim olunur və onların görünüşündə müəyyən fərqlər müşahidə edilir", o deyib.

V.Məhərrəmov qeyd edib ki, süd məhsulları, məsələn, süd və qatıq üçün bunu demək çətindir:

"Bu məhsulların keyfiyyətini yalnız görünüşə və ya dada görə dəqiq müəyyən etmək olmur. Onların yağlılıq dərəcəsi, tərkibi və gigiyenik göstəriciləri laboratoriya şəraitində yoxlanılmalıdır. Üstəlik, müasir fermalarda istehsal prosesi daha steril şəraitdə həyata keçirilir: heyvanlar təmizlənir, sağım avtomatlaşdırılmış sistemlə aparılır və insan təması minimuma endirilir.

Digər vacib məsələ isə ət məhsulları ilə bağlıdır. Kənd şəraitində kəsilən ətin hansı şəraitdə hazırlandığı, heyvanın sağlam olub-olmaması və sanitar qaydalara əməl edilib-edilməməsi hər zaman sual doğurur. Bu baxımdan, kənd təsərrüfatı məhsullarının qablaşdırılmış və sertifikatlaşdırılmış şəkildə satışa çıxarılması daha məqsədəuyğundur. Bu həm istehlakçının təhlükəsizliyini təmin edir, həm də məhsulun keyfiyyəti barədə daha şəffaf məlumat verir", - ekspert vurğulayıb.

Nəsimi Ələsgərli 

Избранный
8
day.az

1Источники