RU

15 dəqiqə esse yazmaq olar? - “Niyə “tələ” suallar salınsın?”

“Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq”. 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva deyib. 

O bildirib ki, gələn ildən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar: 

"Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. 

Oxu bacarığı 2 hissədən ibarət olmaqla, ümumilikdə, 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək”. 

Şöbə müdiri, həmçinin bildirib ki, yeni imtahan modelinə əlavə olunmuş tapşırıq modelini nəzərə alaraq eyni zamanda 11 illik buraxılış imtahanının vaxtına əlavə vaxtın verilməsi də nəzərdə tutulub: 

“Əlavə vaxt dedikdə 15 dəqiqə nəzərdə tuturuq. Yekun attestasiya müvafiq qaydalara əsasən keçirilir. Həmin qaydalarda o düzəlişin olunması üçün DİM layihə təqdim edib. Bu, Nazirlər Kabinetində təsdiq olunduğu təqdirdə ümimi vaxta 15 dəqiqə əlavə olunmasını nəzərdə tutmuşuq”. 

Qeyd edək ki, son vaxtlar buraxılış imtahanları ilə bağlı narazılıqlar var. Valideynlər sosial şəbəkələrdə imtahanların çətinliyi ilə bağlı fikirlərini bildirirlər. Artıq gələn ildən şagirdlər xarici dillər üzrə də esse yazmalı olacaqlar. 

Ümumilikdə isə imtahanın vaxtına 15 dəqiqə əlavə ediləcək. Buraxılış imtahanlarında xarici dildən esseyə ehtiyac varmı və əlavə vaxt esse üçün kifayət edəcəkmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Dövlət İmtahan Mərkəzinin rəhbərliyi bugünkü  çıxışında bir sıra diqqət çəkən məqamlar var və onlardan biri də imtahanlara 15 dəqiqə vaxt əlavə etməklə açıq tipli sualların tərkibini genişləndirməklə yazı qabiliyyətlərinin artmasına kömək etməkdir: 

“Ancaq mən xüsusilə qeyd edim ki, həm mart ayının 9-da, həm də 15-də keçirilən buraxılış imtahanlarında açıq tipli sualların abituriyentlər üçün çox ciddi problemlər yaratdığını təcrübə göstərdi. Yəni burada artıq məntiqi düşünmə, geniş mətn onların əlavə vaxtını apardığına görə, bu, əksər mütəxəssislər tərəfindən yaxşı qarşılanmadı. 

Ya yazılı imtahan, ya test imtahanı keçirilməlidir. Bu hibrid vəziyyət abituriyentlər üçün problem yaradır. Ona görə də bu məsələdə tələskənliyə yol verməmək lazımdır. Məsələn, buraxılış imtahanı üçün esseyə nə gərək var? 

Yaxud gərək varsa, niyə orada “tələ” suallar salınsın ki, testdə abituriyentlərin imtahan nəticələrinə müəyyən qədər təsir eləsin? 

Biz niyə onları pozitiv yükləməyək, daha yaxşı nəticələr əldə etmələri üçün istiqamət verməyək? Onların daha aşağı nəticələr göstərməsi üçün vasitələr axtarmalıyıq? 

Sadəcə bu, başa düşülən deyil. Bu məsələnin geniş müzakirəyə ehtiyacı var. Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, geniş ictimaiyyət birgə müzakirə etməlidir. Ümumiyyətlə, bu istiqamətdə anlaşılmayan məqamlar var”. 

Избранный
12
15
cebheinfo.az

10Источники