ain.az, Yeniavaz portalına istinadən məlumat verir.
1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditlərinin həcmi kəskin artıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin vaxtında geri qaytarılmayan kreditləri 19 milyon 957 min manat olub.
Bu məbləğin 2 milyon 341 min manatını problemli kreditlər (qaytarma müddəti 30 günü ötən) təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin problemli kreditləri builki göstəricidən 39,3% az olub. Belə ki, ötən ilin ilk rübündə bankın problemli kreditləri 1 milyon 421 min manat təşkil edib.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübünün yekununda fiziki şəxslərin “Premium Bank”dakı depozitləri 2,5% və ya 7 milyon 933 min manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 23,2% və ya 19 milyon 309 min manat azalıb.
Qeyd edək ki, son 4 ildir hüquqi şəxslərin “Premium Bank”da yerləşdirdikləri depozitlər davamlı olaraq azalır. Belə ki, hüquqi şəxslərin “Premium Bank”dakı depozitləri 2021-ci ildə 191 milyon, 2022-ci ildə 125,8 milyon, 2023-cü ildə 95,9 milyon, 2024-cü ildə isə 85,7 milyon manat olub.
Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva olub. Zərifə Həmzəyeva ötən il vəfat etdiyi üçün onun səhmləri həyat yoldaşı Cahangir Əsgərova ötürülüb. Açıqlanan son məlumata görə, bank səhmlərinin 84,47%-i ona məxsus olub. Bankın nizamnamə kapitalı 174 milyon 601 min 350 manat təşkil edir ki, bunun da 147 milyon 485 min 760 manatı Cahangir Əsgərova məxsusdur.Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.