RU

Çexiya Baş naziri: Azərbaycanda olmaq mənim üçün böyük şərəfdir - MÜSAHİBƏ

"Azərbaycanla planlarımızı həyata keçirməyə çalışacağıq, dediklərimiz söz olaraq qalmayacaq"

Aprelin 27-də Azərbaycana rəsmi səfəri çərçivəsində Çex Respublikasının Baş naziri Andrey Babiş APA İnformasiya Agentliyinə, Azərbaycan Televiziyasına və APA TV-yə müsahibə verib.

Aznews.az müsahibəni təqdim edir:

Azərbaycanda olmaq mənim üçün böyük şərəfdir

- Cənab Baş nazir, ilk olaraq müsahibə üçün bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Avropa İttifaqı ölkələrindən sonra ilk səfəri Azərbaycana etməyiniz xüsusi əhəmiyyətlidir. Çexiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Çox sağ olun, xoş sözləriniz üçün təşəkkür edirəm. Burada olmaq mənim üçün böyük şərəfdir. Mən Sizin möhtərəm Prezidentiniz cənab İlham Əliyevlə əvvəlcə Budapeştdə görüşmüşəm, daha sonra Davosda yenidən görüşdük və bu, artıq üçüncü görüşümüzdür. Bu gün demək olar günün yarısını birlikdə keçirdik. Həm Çexiya üçün, həm də digər liderlər üçün Azərbaycan həqiqətən çox mühüm və strateji ölkədir. Ukrayna Prezidenti Volodimir Zelenski, Latviya Prezidenti Edqars Rinkeviçs burada olub, İtaliya Baş naziri Ciorcia Meloni də gələcək. Sizin Prezidentiniz beynəlxalq müstəvidə çox fəaldır və mənim onunla çox səmimi münasibətlərim var. Biz çox konkret əməkdaşlıq məsələlərini müzakirə etdik.

Bilirəm ki, hər kəs Azərbaycan qazına maraq göstərir

Azərbaycan Çexiya Respublikasına xam neftin əsas təchizatçısıdır və istehlakımızın 42 faizini təmin edir. Biz Azərbaycana təbii qaz məsələsi ilə bağlı da müraciət etmək üçün gəlmişik. Bilirəm ki, hər kəs Azərbaycan qazına maraq göstərir və bu, bizim üçün də çox vacibdir. Biz yarıdövlət şirkətimiz olan ÇES-lə gəlmişik və bu şirkət uzunmüddətli əsasda Azərbaycan qazını almaqda maraqlıdır. Ola bilsin ki, bu sahədə fərqli yanaşmalar taparaq, qarşılıqlı investisiyaları artırmaq imkanlarını araşdıraq.

Avropa hazırda xüsusilə də sənayeyə mənfi təsir göstərən bəzi enerji siyasətləri səbəbindən müəyyən çətinliklərlə üzləşir. Mövcud geosiyasi vəziyyət fonunda enerji məsələsi bizim üçün daha da vacibdir.

Eyni zamanda, biz müdafiə sənayesi sahəsində də əməkdaşlıq üçün gəlmişik. “Çekoslova Qrup” artıq Azərbaycanda fəaliyyət göstərir və birgə müəssisə yaradıb. Biz, həmçinin, “Kolt” silah istehsalçısı, “Aero Vodoxodı” şirkəti və onun “L-39NG” təyyarəsi ilə bağlı təklifləri, eləcə də dövlətə məxsus “Explosia” şirkəti ilə buradayıq. Bu şirkətlərin hamısı birgə layihələr və əməkdaşlıq təklif edir. Artıq konkret layihələr var, lakin daha çox iş görə bilərik.

Bundan əlavə, biz Bakı Metropoliteni və tramvay layihələri üzrə müqavilələr əldə etməyə çalışırıq. “ŞKODA Daşımalar” bu sahədə əsas şirkətlərimizdən biridir və Çexiyanın böyük iqtisadi qruplarından olan “PPF Group”a daxildir. Tarixən Çexoslovakiya dünyanın ən sənayeləşmiş 10 ölkəsindən biri olub və bu gün də təqdim edə biləcəyimiz çox imkanlar var.

Prezidentiniz iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasını təklif edib və biz bunu nazir səviyyəsinə qaldırmışıq. Bizim tərəfdən bu prosesə Baş nazirin birinci müavini Karel Havliçek rəhbərlik edəcək, sizin tərəfdən isə energetika naziri iştirak edəcək. Mən Prezidentinizi ölkəmizə dəvət etmişəm və onun səfərini məmnuniyyətlə gözləyirik.

Karlovı Varı şəhərində hava limanına investisiya qoyuluşu imkanlarını müzakirə etdik

- Bu ilin əvvəlində Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünüz oldu, bu gün isə Qəbələdə danışıqlar apardınız. Keçirilən görüşlərdən sonra əlaqələrin yüksək səviyyədə aktivləşdirilməsi perspektivləri necədir? İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların daha da intensivləşəcəyini gözləmək olar?

- Əlbəttə. Biz razılaşdıq ki, mənim birinci müavinim bu il yenidən Azərbaycana səfər edəcək. Həmçinin, Karlovı Varı şəhərində hava limanına investisiya qoyuluşu imkanlarını müzakirə etdik. Bilirəm ki, Azərbaycan və Mərkəzi Asiyadan olan insanlar bu şəhərə müalicəvi turizm üçün tez-tez gəlirlər. Biz bu sahədə investisiyaları artırmaqla turizmi daha da inkişaf etdirmək istəyirik.

Müzakirə ediləcək çox mövzu var və Azərbaycan Prezidenti ilə çox yaxşı şəxsi münasibətlərimiz formalaşıb

- Siz biznes forumda müdafiə, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrini prioritet kimi qeyd etdiniz. Bu sahələrin əhəmiyyətini daha ətraflı izah edə bilərsinizmi? Həmçinin Hökumətlərarası Komissiyanın rolunu necə qiymətləndirirsiniz?

- Ümid edirik ki, bu komissiya tezliklə fəaliyyətə başlayacaq. Bizim tərəfdən Karel Havliçek, Azərbaycan tərəfdən isə Mikayıl Cabbarov komissiyaya rəhbərlik edəcək. Dünyada bütün ölkələrin qarşısında duran əsas məsələlərdən biri əhalinin ərzaq təminatıdır. Bu sahədə də əməkdaşlıq edə bilərik. Eyni zamanda, səhiyyə sahəsində də əməkdaşlıq imkanları var. Biz onkoloji, ürək-damar xəstəliklərinin qarşısının alınmasına və uşaqların psixi sağlamlığına böyük diqqət ayırırıq. Ümumilikdə, müzakirə ediləcək çox mövzu var və Azərbaycan Prezidenti ilə çox yaxşı şəxsi münasibətlərimiz formalaşıb.

Избранный
25
3
aznews.az

10Источники