RU

ABŞ-İran prosesində “pat vəziyyəti” - Danışıqlar İMİTASİYA mərhələsinə keçir

Bu gün – aprelin 27-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqlar gözlənilirdi. Danışıqlarda İranı xarici işlər naziri Abbas Arakçının rəhbərlik etdiyi kiçik heyət, ABŞ-ı isə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin təmsil edəcəyi bildirilirdi.

Lakin az sonra bəlli oldu ki, ABŞ təmsilçilərinin səfəri ləğv olunub. Hərçənd, prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib ki, Uitkoff və Kuşnerin Pakistana səfərinin ləğvi İrana qarşı hərbi əməliyyatların bərpası demək deyil. Belə ki, portalın əməkdaşının İrana hücumların bərpası ilə bağlı suala Tramp belə cavab verib: “Bu, o demək deyil. Biz hələ bu barədə düşünmürük”.

“The Wall Street Journal”ın məlumatına görə, İranlı danışıq aparanlar Trampa ondan ictimai təhdidləri yumşaltmağı xahiş edən mesaj göndəriblər. “Onlar daha mülayim ritorikanın İranın sərt xətt tərəfdarlarını danışıqlarda iştirak etməyə daha çox həvəsləndirə biləcəyini iddia edirlər”, - nəşr qeyd edib.

Beləcə, ABŞ tərəfindən Hörmüz boğazının blokadası fonunda sülh danışıqlarını davam etdirmək hələ ki, mümkün olmur. Bəs zaman kimə işləyir? Yaxınlaşan may ayı da qeyri-müəyyən dövr kimi yadda qala bilərmi?

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, İran-ABŞ müharibəsində “pat vəziyyəti” əmələ gəlib: “Nə ABŞ irəli gedə bilir, nə geri çəkilə bilir. O mənada ki, Tramp hərbi əməliyyatların yenidən bərpa edilməsini açıqca risk hesab eləyir. İndiki şəraitdə proseslərin belə qeyri-müəyyən şəraitdə davam etdirilməsi Tramp üçün əlverişli variantdır. Çünki hərbi əməliyyatların yenidən bərpa olunacağı halda Amerikanın nə əldə edəcəyi, indiyə qədərki hərbi əməliyyatlardan fərqli hansısa nəticəni əldə edib-etməyəcəyi bəlli deyil. Növbəti hərbi əməliyyatları bərpa edib nəticəsiz şəkildə sonlandırmaq, atəşkəs elan etmək növbəti biabırçılqdan başqa bir şey olmaz. Tramp hərbi əməliyyatları bərpa eləməkdə çətinlik çəkir. Özünün indiyə qədərki maksimalist tələblərindən də hələlik geri çəkilmək istəmir. İran isə artıq bir neçə dədə sülh danışıqları iflasa uğradığı üçün növbəti qalınmış yerdən sülh danışıqlarına başlamağa o qədər həvəsli deyil. Çünki İran görür ki, ABŞ hərbi meydanda qəbul elətdirmək istədiyi, amma bacarmadığı tələbləri danışıqlar masasında Tehrana qəbul etdirmək istəyir. Belə şəraitdə İran köhnə danışıqlar formatında yeni danışıqlara başlamağa həvəsli deyil. Bəlkə də ortada yeni bir mövzu olsa İrana danışıqlara qayıdar. Ona görə də belə vəziyyətin nəinki may ayında, hətta maydan sonrakı aylarda da davam edəcəyi ən real variantdır”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
17
musavat.com

1Источники