RU

Dünyada hərbi xərclər ötən ildə rekord səviyyəyə çatıb

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yeni hesabatına əsasən, dünyada hərbi xərclər 2025-ci ildə rekord səviyyəyə çatıb. 

Anadolu Agentliyi xəbər verir ki, qlobal hərbi xərclər ötən illə müqayisədə 2,9 faiz artaraq 2 trilyon 887 milyard dollar təşkil edib. Bu artım dünyada artıq ardıcıl olaraq 11-ci ildir ki, davam edir.

Ötən il dünyada ən çox hərbi xərc çəkən ölkələr ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan olub. Bu beş dövlətin hərbi büdcəsi qlobal xərclərin yarısından çoxunu təşkil edir. Maraqlıdır ki, ABŞ-nin hərbi xərcləri ötən il təxminən 7 faiz azalsa da, o, 954 milyard dollarla hələ də dünya lideridir. Ekspertlər ABŞ-dəki bu azalmanı müvəqqəti hesab edirlər.

Çin hərbi xərclərini 336 milyard dollara çatdıraraq siyahıda ikinci yerdə qərarlaşıb. Çinin hərbi büdcəsi artıq 31 ildir ki, fasiləsiz olaraq artır və bu, dünya tarixində bir ölkə üçün ən uzunmüddətli artım rekordudur. Rusiya isə 190 milyard dollarla dünyanın üçüncü ən böyük hərbi büdcəsinə malik ölkəsi olaraq qalır.

Türkiyənin də hərbi xərclərində ciddi artım müşahidə olunur. Belə ki, ölkənin müdafiə büdcəsi ötən il 7,2 faiz artaraq 30 milyard dollara çatıb. Hesabatda qeyd olunur ki, Türkiyənin hərbi xərclərinin artmasına əsas səbəb yerli silah sənayesinə qoyulan investisiyalardır. Türkiyənin hərbi büdcəsinin təxminən beşdə biri birbaşa yerli müdafiə sənayesi fonduna yönəldilir.

Avropa qitəsi hazırda silahlanma yarışının ən sürətli getdiyi bölgədir. Rusiya-Ukrayna müharibəsi və təhlükəsizlik qayğıları səbəbindən Avropanın hərbi xərcləri ötən il 14 faiz artıb. Xüsusilə Almaniyanın hərbi büdcəsi kəskin şəkildə artaraq 114 milyard dollara yüksəlib. Müharibə vəziyyətində olan Ukrayna isə öz gəlirlərinin 40 faizini hərbi sahəyə xərcləyir. Asiya-Sakit okean bölgəsində də hərbi hərəkətlilik artıb və burada xərclər 681 milyard dollara yüksəlib. 

Ekspertlər dünyadakı mövcud böhranlar və geosiyasi qeyri-müəyyənliklər səbəbindən hərbi xərclərin 2026-cı ildə və ondan sonrakı illərdə də artmağa davam edəcəyini proqnozlaşdırırlar. Dövlətlər baş verən böhranlara daha çox silahlanmaqla cavab verirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
1
22
azerbaijan-news.az

10Источники