RU

Azərbaycanın mühüm logistika mərkəzi kimi əhəmiyyəti artır

Bunun bir səbəbi Yaxın Şərqdə sonu görünməyən gərginlikdirsə, digər səbəbi ölkəmizin mükəmməl logistika infrastrukturuna malik olmasıdır 

ABŞ-İran müharibəsi bütün məlum fəsadlarla bərabər, Avropa ilə Asiya arasındakı ticarətə də xeyli ziyan vurub. İndi bu vəziyyətdən çıxmaq üçün yollar axtarılır. Bununla bağlı Qazaxıstanda Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT - OSJD) Dəmir Yolu Rəhbərləri Konfransının 40-cı iclasında geniş müzakirə gedib. 

İclas iştirakçıları Avropa və Asiya arasında dəmir yolu daşımalarının genişləndirilməsi, bu sahədə əlaqələrin daha da gücləndirilməsi və tranzit imkanlarının artırılmasını əsas prioritetlərdən biri kimi qeyd ediblər. Tədbirdə eləcə də beynəlxalq dəmir yolu daşımaları sahəsində razılaşdırılmış nəqliyyat siyasətinin formalaşdırılması, dəmir yolu nəqliyyatının fəaliyyət, həmçinin DYƏT-in uzunmüddətli inkişaf strategiyasının hazırlanması məsələlərinə xüsusi diqqət yetirilib.

Görüşdə beynəlxalq nəqliyyat hüququnun təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edilməklə yanaşı, SMPS (Beynəlxalq sərnişin daşımaları haqqında Saziş) və SMGS (Beynəlxalq dəmir yolu yük daşımaları haqqında Saziş), eləcə də digər hüquqi sənədlər üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. Paralel olaraq dəmir yolu nəqliyyatının digər nəqliyyat növləri ilə müqayisədə rəqabət qabiliyyətinin artırılması məqsədilə yeni təşəbbüslərin hazırlanması və tətbiqi imkanları nəzərdən keçirilib.

İclas çərçivəsində dəmir yollarının istismarı və beynəlxalq daşımaların gələcək inkişafı ilə bağlı texniki məsələlər üzrə fəaliyyətin gücləndirilməsi, eləcə də dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən beynəlxalq və ixtisaslaşmış təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirə aparılıb. Tədbirdə qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin davam etdirilməsinin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb və DYƏT-ə üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri tərəfindən müzakirələrin yekunu üzrə konfransın protokolu imzalanıb.

Məlumdur ki, dünya ticarətində yüklərin avtomobillə daşınmasının payı yüksəkdir. Azərbaycanda isə beynəlxalq standartlara cavab verən magistral avtomobil yolları var. Elə Çinin Azərbaycandakı səfiri Lu Meyin ölkəsinin Azərbaycan üzərindən avtomobillə yükdaşımaların həcmini artırmağı hədəfləməsini bildirməsinin də səbəbi budur. 

Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta dəhliz) ötürmə qabiliyyətinin artırılması üçün tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirəcək. ÇXR eyni zamanda Azərbaycanla avtomobil yükdaşımaların həcmini artırmağa çalışır. Səfirin sözlərinə görə, Çində regional bağlantının gücləndirilməsi, iqtisadi inkişafın stimullaşdırılması və qlobal təchizat zəncirlərinin sabitliyinin təmin edilməsində bu marşruta böyük əhəmiyyət verilir: "Çin Azərbaycan tərəfi ilə birgə "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsini davam etdirəcək və TBNM-in ötürmə qabiliyyətini artıracaq. Həmçinin vurğulamaq istəyirəm ki, Çin iki ölkə arasında yol əlaqəsini və transsərhəd nəqliyyat əməkdaşlığını yeni səviyyəyə çıxarmaq üçün Azərbaycanla avtomobil daşımaları üzrə hökumətlərarası beynəlxalq sazişlərin imzalanmasına fəal şəkildə töhfə verməyə hazırdır".

Orta dəhlizin əsas hədəfi gündən-günə artan Asiya ilə Avropa ticarətinə töhfə verməkdir. Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi və Şimali Avropa üzrə şöbə müdiri, səfir Mustafa Pulat bildirib ki, Orta dəhliz layihəsini inkişaf etdirmək üçün Avropanın fəal olmasına ciddi ehtiyac var. Səfir qeyd edib ki, Orta dəhliz Avropa ölkələrinə də ciddi üstünlüklər qazandıra bilər. "Çünki bu layihə Avropa üçün təkcə alternativ yol, logistika deyil, həm də iqtisadi, geosiyasi, strateji transformasiya vasitəsidir"  deyən türkiyəli diplomat söyləyib: "Avropa uzun müddətdir ki, Asiya ilə ticarətdə əsasən Rusiyadan keçən Şimal marşrutundan asılı idi. Orta dəhliz üzərində yerləşən ölkələr, xüsusilə Azərbaycan və Mərkəzi Asiya dövlətləri isə neft, qaz və alternativ enerji resursları ilə zəngin olduğuna görə Avropa yeni enerji mənbələrinə çıxış imkanı əldə edir. Avropa bu dəhliz vasitəsilə Qafqaz və Mərkəzi Asiyada iqtisadi mövcudluğunu da gücləndirəcək".

Yaxın Şərq regionundakı qeyri-sabitlik, müharibə və böhranın Orta dəhlizlə bağlı proseslərə mənfi təsir göstərdiyini bildirən səfir vurğulayıb ki, bu layihəni inkişaf etdirmək üçün Avropanın fəal olmasına ciddi ehtiyac var: "Orta dəhliz yalnız Türkiyə və Azərbaycana böyük üstünlüklər gətirməyəcək, həm də bu marşruta qoşulan bütün ölkələrə müsbət təsirini göstərəcək. Söhbət insanlıq tarixinin ən qədim ticarət yollarından birinin yenidən canlandırılmasından gedir. Bu baxımdan marşrutun Çin, Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatı çərçivəsində yenidən inkişaf etdirilməsi zəruridir".

Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə  keçirilən Azərbaycan-Latviya biznes-forumunda dövlətimizin başçısı ölkəmizin logistik imkanlarının dünya və Avropa üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Azərbaycan ərazisində aparılan bütün tikinti işləri tamamlanmışdır. İndi gördüyümüz işlər isə müasirləşməyə, yeni fiziki infrastrukturun yaradılmasına, rəqəmsallaşdırılmaya, o cümlədən süni zəka tərəfindən yaradılan imkanlara investisiyaların yatırılmasından ibarətdir ki, Azərbaycan ərazisindən daşımalar bugünkü geosiyasi vəziyyətdə nəinki təkcə ən təhlükəsiz, lakin eyni zamanda daşıma haqları və zaman nöqteyi-nəzərindən rəqabətli olsun. Burada investisiyalar üçün böyük imkanlar var, çünki bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir. Dediyim kimi, biz buraya çoxlu investisiyalar yatırmışıq və dost ölkələrlə, birbaşa qonşularımızla və qonşularımızın qonşuları ilə əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik. Yeri gəlmişkən, Azərbaycan ərazisindən keçən yüklərin həcmi ildən-ilə artır".

Rüstəm KAMAL,

"Azərbaycan"

Избранный
1
50
azerbaijan-news.az

10Источники