Litva, Latviya və Ukrayna rəsmilərinin ardınca Çexiya Respublikasının Baş naziri Andrey Babiş də Azərbaycana rəsmi səfər edib.
Səfər bir sıra məqamlarla diqqət çəkir. Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, hazırda Çexiya–Azərbaycan münasibətləri dinamik inkişaf mərhələsindədir.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, siyasi, diplomatik və enerji sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Ekspert qeyd edib ki, Praqa Azərbaycanın Avropadakı etibarlı tərəfdaşlarından biri hesab olunur. Prezident İlham Əliyev Çexiyanın Baş naziri ilə mətbuata bəyanatında Azərbaycanın dünya bazarlarına enerji resursları ixrac edən etibarlı ölkə olduğunu vurğulayıb. Öz növbəsində, Andrey Babiş də Azərbaycanın Çexiya üçün strateji tərəfdaş olduğunu və iki ölkə arasında səmimi münasibətlərin mövcudluğunu qeyd edib.
Turan Rzayevin sözlərinə görə, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi əlaqələrin real əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Hazırda bu münasibətlər daha da genişlənməkdədir.
Politoloq vurğulayıb ki, səfərin əsas diqqət çəkən tərəflərindən biri iqtisadi komponentdir. Baş naziri müşayiət edən iş adamlarının geniş tərkibi investisiya və konkret layihələrin ön planda olduğunu göstərir. Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Azərbaycan hazırda qazını 16 ölkəyə ixrac edir və onlardan 10-u Avropa İttifaqına üzvdür. Eyni zamanda, Azərbaycan Çexiyaya qonşu ölkələrə də təbii qaz tədarük edir ki, bu da ölkənin Avropada etibarlı enerji təminatçısı mövqeyini gücləndirir.
Ekspert əlavə edib ki, son illərdə əməkdaşlıq yalnız neft və qazla məhdudlaşmır. Bərpaolunan enerji, hidrogen və enerji səmərəliliyi kimi sahələr artıq danışıqların əsas istiqamətlərinə çevrilib. Bu isə münasibətlərin yeni mərhələyə – birgə istehsal və texnoloji əməkdaşlığa keçdiyini göstərir.
Naxçıvanda planlaşdırılan 500 MVt gücündə günəş elektrik stansiyası kimi layihələrin də bu kontekstdə əhəmiyyətli olduğu vurğulanır. Bu cür təşəbbüslər Avropa şirkətlərinin Azərbaycana investisiya platforması kimi baxdığını göstərir.
Ticarət dövriyyəsinin 800 milyon dollardan çox olması da tərəflər arasında iqtisadi etimadın göstəricisi kimi qiymətləndirilir. Çexiyanın Azərbaycanın əsas ixrac tərəfdaşlarından birinə çevrilməsi isə ölkənin Avropa bazarındakı mövqelərinin gücləndiyini təsdiqləyir.
Politoloqun fikrincə, Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də Avropa üçün sabit tərəfdaş və yeni iqtisadi layihələrin formalaşdığı mərkəzə çevrilir. Qəbələdə keçirilən görüşlər və biznes forumlar bu tendensiyanı bir daha təsdiqləyir.