RU

Yaxşı rejissorlar, aktyorlar, aktrisalar Orxan Saffari yazır...

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əlbəttə, söz yox ki, Azərbaycan filmində, teatrında kifayət qədər istedadlı sənət adamları var.

O sənət adamlarının bir qismi sözün həqiqi mənasında başqa bir sənət coğrafiyasında olsaydılar, mənzərə daha başqa cür ola bilərdi. Ol səbəb ki, onların bir çoxu bu gün ya ortada qalıblar, ya da qismən gözdən qıraqda. Ən yaxşı halda olduqları məqam isə həqiqi yerləri deyil.

Bəs kimləri misal gətirmək olar?

1 – Məsələn, deyərdim, bu gün Azərbaycan kinosuna ən yaxşı yaraşan, ancaq rejissorların da obyektiv və subyektiv səbəblərdən dolayı tam aça bilmədiyi bir sənət adamı da Abbas Qəhrəmanovdur. Əsasən mənfi rolların ifaçısı olan Abbas Qəhrəmanovun, demək olar, bu günə qədər bir uğursuz rolunu görməmişəm. Hər filmdə hətta eyni tempdə fərqlənməyi bacarır, yadda qalan obraza çevrilə bilir. Abbas Qəhrəmanov Azərbaycan kinosunda nadir rast gəlinən bir xətti təmsil edir. Daha dəqiq desək, “tipaj aktyor” olmaqla, “obraz aktyoru” olmaq arasında incə, amma çox önəmli bir sərhəd var ki, o məhz bu sərhədi dağıda bilir. Onun əsasən mənfi rollarla yadda qalması bəzən yanlış olaraq “təkrarlanan amplua” kimi qəbul oluna bilər. Halbuki burada söhbət təkrarçılıqdan yox, dərinləşmədən gedir. Abbas Qəhrəmanov dərinləşə bilir. Deyərdim, onun yaşamadığı rol yoxdur. Adətən, Azərbaycan kinosunda tez-tez rast gəlinən yanaşma budur: uğurlu bir amplua tapıldısa, aktyor illərlə həmin çərçivədə saxlanılır. Bu isə aktyorun potensialını açmaq əvəzinə onu məhdudlaşdırır. Abbas Qəhrəmanov kimi aktyorun isə dramatik, psixoloji və hətta tragikomik rollarda nə qədər dərin nəticələr göstərə biləcəyi demək olar ki, sınaqdan keçirilməyib. Əslində, onun ifasında bir paradoks var. O, mənfi obrazı oynayır, amma tamaşaçıda maraq və hətta bəzən simpatiya oyada bilir. Bu isə yüksək aktyorluq səviyyəsidir. Çünki səthi mənfi obraz tamaşaçıda yalnız antipatiya doğurur, lakin çoxqatlı mənfi obraz insanı düşündürür, hətta narahat edir.

2 – O da sözsüz, xüsusi seçilməyi bacaran, nisbətən gənc aktyor və aktrisalarımız da kifayət qədərdir. Məsələn, az qala bütün rolları yadda qalan Amid Qasımov da bu siyahıya aiddir. Amid Qasımovu tanımayan bir şəxs çəkildiyi filmlərdən birini təsadüfi izləyib də tanıya, istedadına, fakturasına bələd ola bilər. Amid Qasımov çoxşaxəli aktyordur. Həm teatrallığı, həm də filmonoqrafik seçilə bilir. Sonuncu işlərdən biri olan “Tilov” serialında necə peşəkardırsa, 2000-lərin əvvəlində çəkildiyi filmlərdə də eyni dərəcədə peşəkardır. Çoxşaxəli ona görə deyirəm, məsələn, bu gün onun fakturasına hansı rol biçilməyindən asılı olmayaraq, məharətlə öhtəsindən gələ bilər. Sima olaraq onu dramda da, komediyada da, hətta yoldan keçən bir obrazda da görmək, kəşf etmək mümkündür. Digər bir məqam, əslində, teatr aktyorluğu ilə kino aktyorluğu arasında böyük fərq olmasıdır. Teatrda ifadə daha geniş, daha açıqdır, kinoda isə daha yığcam və incə detallar üzərində qurulur. Amid Qasımov bu iki fərqli məktəbi birləşdirə bilir. Yəni nə teatrallığa qapılıb şişirdir, nə də kinoda sönük qalır.

3 – Amid Qasımova deyilən təriflərin eynisi Rasim Cəfərə də aiddir. Rasim Cəfər, ümumiyyətlə, nadir tapıntıdır. Sənət kütləsinə “YUĞ”dan tanış olan Rasim Cəfər fakturası özünü digər ekranlarda da tanıda, tamamlaya, sübut edə bilib. Bu gün könül rahatlığı ilə ona sənətkar demək olar. Rasim Cəfərlə Amid Qasımovun eyniləşdirən faktor daha çox teatrallıqlarıdır. Azərbaycanda kifayət qədər aktyor var ki, onlar məsələn, teatrda kifayət qədər yaxşı, filmdə isə eyni dərəcədə mənasızdırlar. Ancaq bu iki imza, Rasim Cəfərin özü teatrda filmdən yaxşı, filmdə də teatrdan yaxşıdır. Deyərdim ki, Rasim Cəfər rollarının ifasında baxışlarından tutmuş jestlərinə qədər düşünülmüş bir sistem var, təsadüfi heç nə yoxdur. Obrazlı desək, o, teatrda filmdən daha təbii, filmdə isə teatrdan daha ifadəlidir. Onu da deyərdim ki, Rasim Cəfər kimi bir peşəkar üçün əsas verilən rolun böyüklüyü yox, dərinliyidir. Məhz o bu dərinlikdə üzməyi bacaran aktyor, peşəkardır. Rasim Cəfər artıq rol aldığı hər yerdə yenilik gözlənilən adamdır. Məsələn, Rasəf Mehdiyev adlı bir gənc var. Hərdən bir ortabab rolları olsa da, ümumilikdə adamın ondan heç bir gözləntisi olmur, olanı budur deyib keçə bilirsən. Pis də oynasa, yaxşı da oynasa, fərqi yoxdur, heç nə ifadə eləmir, maraqlı deyil. Ancaq Rasim üçün bu cür məsələlər keçərli deyil. Rasim gözlənilən və bu gözləntiləri doğruldan aktyordur.

4 – Parlamağı daha çox son illərə təsadüf etsə də, istedadı, peşəkarlığı elə yəqin ki, doğuşdan olan Azər Aydəmir də Azərbaycan səhnəsi üçün əvəzsiz simadır. Azər Aydəmirdə az qala heç kim xas olmayan bir xüsusiyyət-elastiklik var. Olduğu bütün məqamlarda başqa bir Azər Aydəmir ola bilir. Məsələn, aparıcılıqdan tutmuş kommersiya reklamlarına qədər, ordan isə üzü peşəkar işlərədək Azər Aydəmir adı, siması həmişə öndə olur. Azər Aydəmir rol aldığı bütün səhnələrdə birinci nəzərə çarpan adamdır. Əlbəttə, burada ilahi faktura da sözünü deyir. O, öz aktyor karizmasının haqqını artıqlaması ilə verə bilir. Azər Aydəmir də “Uğursuz ola bilməyənlər” sinfinə aid sənət adamlardandır. Nədir Azər Aydəmiri fərqləndirən? Azər Aydəmirin ən fərqləndirici cəhəti, dediyim kimi, elastiklikdir. Amma bu elastiklik təkcə janr dəyişmək bacarığı deyil. O, obrazdan obraza keçəndə sadəcə rolunu yox, enerjisini, ritmini, hətta daxili “temperaturunu” dəyişir. Məsələn, kim Azər Aydəmirin uğursuz, öhtəsindən gələ bilmədiyi bir rolunu xatırlayır? Roldan rola, dondan dona girən bu aktyor bu gün demək olar ki, əvəzsiz, olmazsa olan şəxsə çevrilib. Azər Aydəmir obrazdan obraza keçəndə sadəcə jest, mimika, səs tonunu dəyişmir. Onun bütün obrazlarının bir daxili ritmi var ki, bu, rejissorun da yox, birmənalı olaraq özünün işidir. Bəs bu nə deməkdir? Hər insanın, real və ya bədii olaraq öz daxili tempi var. Kimisi tez reaksiya verir, kimisi gecikir, kimisi danışarkən düşünür, kimisi düşünmədən danışır. Aydəmir bu tempi çox dəqiq hiss edir və ona uyğunlaşır. Nəticədə tamaşaçı eyni aktyoru yox, tam başqa bir insanı izlədiyini düşünür. Hamıya çox tanış olan bu sima hər dəfə fərqlənə, heyrətləndirə bilir. Bir sözlə, Azər Aydəmir olduğu səhnənin dominantıdır. Nisbətən istedadsız adamlar onunla birgə gördüyü işlərdə rahatlıqla kölgəsinə sığınıb böyük görünə bilərlər.

5 – Yəqin ki, Taleh Yüzbəyov adı, siması artıq hər kəsə məlumdur. Taleh Yüzbəyovla da məhz Azər Aydəmiri birləşdirən ortaq nöqtələr mövcuddur. Ancaq təbii, onları, Talehi ayıran bir xeyli cəhət də vardır. Taleh Yüzbəyov adı və siması da bir çox nöqtədə cəmləşir. Kütlə üçün çəkilən qısa rolikdən, kommersant reklamlara qədər yüz obrazda olan Yüzbəyov bu gün peşəkar sənət adamıdır. Taleh tamaşaçı qarşısına rejissor, ssenarist, aktyor kimi çıxır. Əlbəttə, kim nəyi doğma görürsə, o tərəfi də daha çox sevir. Kütlə onu daha çox aktyor kimi tanısa da, məsələn, deyərdim, ssenarist kimi daha böyükdür. Taleh Yüzbəyovun uğurlu rollarını uğurlu edən bir cəhət də həmin rollarda ilişib qalmamasıdır. Onu “Zəhər tuluğu” ilə tanıyan adam başqa rollarını görərsə, təkcə “Zəhər tuluğu” ilə xatırlamaz. Bu da onun girdiyi obrazların peşəkarlıq səviyyəsini göstərir. Taleh Yüzbəyov heç kimin onu kəşf etməyini gözləməyən, güc tapıb özü özünü kəşf etdirən, sübut edə bilən simadır. Bu gün Azərbaycanda, məsələn, sosial məsələləri ondan çox və yaxşı işləyə bilən adam adı çəkmək çətindir. Ümumiyyətlə, Azərbaycan mühitində ənənəvi yol belədir: teatr, kiçik rollar, tanınma və əsas rollar. Taleh Yüzbəyov isə bu xətti qırdı. O, sosial media və qısa formatlı videolar vasitəsilə birbaşa tamaşaçı ilə əlaqə qurdu. Tamaşaçı belə olanda birbaşa aktyorun enerjisini, ritmini, yumor hissini qəbul edir və ya rədd edir. Yüzbəyov isə bu imtahandan keçdi. Onun yaratdığı obrazlar təsadüfi deyil, gündəlik həyatdan yığılmış, filtrdən keçirilmiş və sonra şişirdilərək təqdim olunmuş xarakterlərdir. Bu isə çox incə balans tələb edir. Çünki sosial tipajı səhnəyə gətirəndə iki risk var: ya karikaturaya çevrilirsən, ya da maraqsız realizmə düşürsən. Taleh bu iki riskin arasında gəzməyi bacarır. Onun obrazları həm tanışdır, həm də müəyyən qədər şişirdilmişdir. Yəni həm gülməli, həm də düşündürücüdür.

6 – Heç şübhəsiz, müasir dövr Azərbaycan rejissorlarını üç yerə bölünürsə, həmin yerləri Emil Quliyev özü bölür. Necə oldu ki, son illər elə ilk filmlərindən uğurlu ola bildi? “Pərdə”, “İkinci pərdə”, “Sonuncu pərdə”, “Körpü”, “Əqrəb mövsümü”, “Tilov”, “Bölmə” və s. Formul nədir? Emil Quliyev təkcə çəkdiyi filmlərlə yox, həm də gətirdiyi yanaşma ilə maraqlıdır. Bəli, o, Azərbaycan filminə yeni yanaşmalar gətirə bildi. Ümumiyyətlə, Emil Quliyev ixtisas rejissoru deyil, ancaq özü artıq məktəb yarada biləcək mərhələyə çatmaqdadır, çatıb da demək olar. Tək-tük rejissorlardandır ki, çəkdiyi hər film tamaşaçıların gündəminə oturur. Onun filmlərini xüsusi edən çox cəhət var. Məsələn, o, bir hadisəni danışmaqdan çox, həmin hadisənin içindəki hissi ötürməyə çalışır. Bu isə Azərbaycan kinosunda uzun müddət çatışmayan bir element idi. Obrazlı desək, onun səhnəsi yalnız “nə baş verir” sualına yox, “necə hiss olunur” sualına cavab verir. Emil Quliyev aktyor tanıda bilən, kəşf edən rejissordur. Adətən, rejissorlar məşhur aktyor-aktrisalarla film çəksə, o film məhz məşhurlara görə yaxşı görünsə də, Emil Quliyev üçün belə bir “kamera bicliyi” yoxdur. Əgər yazıçılar üçün “nə yazmaq?”, yoxsa “Necə yazmaq?” sualı varsa, rejissorlar üçün də bənzəri var. Konkret desək, Emil Quliyev Azərbaycan kinosunda “nə danışmaq”dan çox, “necə danışmaq” sualını önə çəkən rejissorlardandır.

7 – Demək olar ki, Azərbaycanda son dövr bir neçə məşhur, ortaya pis-yaxşı iş qoyan rejissor varsa, onlardan biri də Hikmət Rəhimovdur. Hikmətin teatrallığı yaxşı mənada unudulub. Çünki filmdəki aktyorluğu artıq onun teatra sığmayacaq qədər yaxşı aktyor olduğunu sübut edir. Hikmət Rəhimov böyük kütləyə “Əqrəb mövsümü” ilə bir daha sübut olundu. Özünün çəkdiyi son filmlər də uğurla qarşılandı. Bu mənada, Azərbaycan filmində olan boşluqları dolduranlardan biri də Hikmət Rəhimovdur. Şəxsən Hikmət Rəhimov mənə aktyor kimi daha doğmadır. Elə bilirəm, o ancaq rejissorluqla məşğul olsa, gözəl bir aktyoru itirmiş olacağıq. Özünün çəkdiyi filmlərin ən yaxşı aktyoru da məhz əsasən Hikmət Rəhimovdur. Obrazlı desək, o, aktyor kimi düşünən rejissordur. Ancaq rejissorluqda bir qədər “aktyor” ola bilmir. Hikmət Rəhimov aktyoru olduğu səhnədə obrazı qurmur, yaşayır və yaşadır. Çünki Hikmət Rəhimov tipli aktyorlar çox olmur. Həm daxili sakitliyi, həm də partlama potensialı olan azsaylı aktyorlardandır o. Hikmət Rəhimov aktyorluqda istiqamət göstərə bilən şəxsdir. Deyərdim, illər sonra Hikmət Rəhimovun aktyorluq məktəbi olacaq, kimlərsə mütləq onu immitasiya edəcək. Bunun üçün Hikmət Rəhimovun hər şeyi tamdır. Hikmət Rəhimovun aktyorluğunu belə də izah etmək olar ki, məsələn, bəzi səhnələr var, o, xüsusi heç nə etmir, amma səhnənin ən ağır yükü onun üzərində qalır. Bu da artıq “ekranda var olmaq” bacarığıdır. Hər aktyor bunu bacarmır. Başqa sözlə, kamera hara qurulur qurulsun, nəyi çəkir çəksin, Hikmət Rəhimov simasını anında tutur və iri planda göstərir. Onu uzaqdan da çəksən, iri plandadır.

8 – Daha çox teatr aktrisası olsa da, Rada Nəsibova niyəsə bir qədər də kənarda qalan aktrisadır. Daha dəqiq, onun siması, istedadı deyərdim, daha çox kinoya uyğundur. Teatrda özünü birmənalı sübut edən, istedadına heç bir şübhə olmayan Rada Nəsibova bir çox filmdə rol alsa da, sanki rejissorların gözündən necəsə yayınıb. Halbuki bu gün xüsusən gənc rejissorlar üçün əsl tapıntı ola biləcək aktirasıdır. O, gənc olmasına baxmayaraq, sənətdə oturuşmuş adamdır. Məsələn, Rada Nəsibovanın səs tembrına oxşayan heç bir səs də yoxdur. Bəs görəsən, nə üçün istifadə olunmur? Onun siması və enerjisi standart televiziya estetikasına uyğun gəlmir. Bu, əslində mənfi yox, üstünlükdür. Amma bizim serial və film bazarında çox zaman tipajlar stereotiplərlə seçilir. Ya “klassik gözəl”, ya “sadə qız”, ya da “kəskin xarakterli qadın”. Halbuki Rada Nəsibova bu qəliblərdən birinə tam sığmır. O, daha çox keçid halıdır, transformasiya potensialı yüksək olan aktrisadır. Belə aktrisalar isə yalnız güclü rejissor baxışı tələb edir. Ümumiyyətlə, Azərbaycan kino və serial mühitində aktyor, aktrisa seçimi hələ də yaradıcı proses yox, çox vaxt funksional qərardır. Yəni rejissor aktyoru, aktrisanı obrazın psixoloji dərinliyinə görə yox, “harada işə yarayar” prinsipi ilə seçir. Bu isə sənət adamını sənət obyektindən çıxarıb, praktik alətə çevirir. Belə mühitdə isə Rada Nəsibova kimi aktrisalar problemə çevrilir. Çünki o, istifadə olunan yox, açılan aktrisadır. Onu səhnəyə və ya kadra qoymaq kifayət etmir, onu qurmaq, onunla işləmək, onun daxili ritmini anlamaq lazımdır. Hələlik daha çox teatrallığından danışa biləriksə, davamlı rollar aldığı təqdirdə, onun kinomuz üçün əvəzsiz sima olacağına heç bir şübhə yoxdur.

9 – Düzünü desəm, bir çox sahələrdə olduğu kimi, qadınlarımız kişilərə nisbətdə ekranda daha az parlaya bilirlər. Əlbəttə, bunun onlardan asılı olmayan səbəbləri var. Ancaq deyərdim, aktrisa Zülfiyyə Qurbanova bu streotipi dağıdan bilən azsaylı qadın sənətkarlarımızdandır. Tam səmimi, Zülfiyyə Qurbanova bu gün yaşayan əksər yaşlı aktrisalarımız və demək olar, az qala dünyadan köçən çoxsaylı korifeylərdən daha böyük diapozonu, istedadı olan aktrisadır. Sadəcə, insanlarımız əksərən ada, məşhurluğa aldanır, çəkinir. Məsələn, Zülfiyyə Qurbanova böyük əksəriyyətin sevdiyi Nəsibə Zeynalovadan min dəfə böyük, nəfəsi geniş akrtrisadır. Ancaq bütün bunları zaman özü sübut edəcək. Müasir zamanın isə sübuta ehtiyacı olmayan, fakt kimi adamın gözünün qabağında duran bir Zülfiyyəsi var. “Rolunu yaşayan” ifadəsi artıq şablon olsa da, sözün həqiqi mənasında Zülfiyyə xanımın üstünə yapışır. Məsələn, onun filmdə ana rolunu oynadığını görəndə düşünmüşdüm ki, özü bioloji olaraq ana olmayan bir qadın ancaq bu cür gözəl oynaya bilərdi. Zülfiyyə Qurbanova bunu mənə, tamaşçıya unutdurmağı bacarır. Zülfiyyə Qurbanova sərhədləri olan, ancaq bunu biruzə verməyən sənətçidir. Müasir Azərbaycan filminin qazandığı əvəzsiz aktrisadır və artıq belə də gedəcəyini heç bir şübhə yoxdur. Hətta məsələn, daxili sərhədləri aşa bilərsə, ümumiyyətlə, onunla rəqabət aparmaq digər aktrisalar üçün çətin olar. Rejissorlar onu görməyinə görür, son illər çəkilən bütün yaxşı filmlərdə öz rolunu ən yaxşı şəkildə də oynaya bilir. Bizə isə təqdir etmək, daha böyük işlər arzulamaq qalır.

Zəruri qeyd: Əlbəttə, bu, tam siyahı deyil. Gələcək zamanlarda növbəti hissələr yayımlanacaq. Buraya, məsələn, gənc rejissorlar Əli Məmmədov, Elvin Rüstəmzadə, bir çox məqamlarda tənqidlərim olsa da, aktyor olaraq Səmimi Fərhad da aiddir.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
13
icma.az

10Источники