RU

Hörmüzdə gizli HESABLAŞMA – Blokada oyununda kim uduzur, kim UDUR?

İranla ABŞ arasında hazırda “nə sülh, nə də müharibə” vəziyyəti hökm sürür. Tərəflər danışıqlarda hər hansı bir nəticə əldə etməyib. Gözlənildiyinin əksinə olaraq, ikinci raund danışıqlar ümumiyyətlə baş tutmadı.

Digər tərəfdən, danışıqlarının uzadılması fonunda Hörmüz boğazı ilə bağlı problem də hələlik öz həllini tapmır. Həm İran, həm də ABŞ boğazı blokadada saxlamaqda davam edirlər. İran boğazdan yalnız özünə dost olan ölkə gəmilərinin keçməsinə imkan verir. ABŞ isə ərazini blokadaya almaqla İrana gələn və oradan çıxan gəmilərin hərəkətinin qarşısını alır.

Görəsən, Hörmüz boğazının blokadada qalması planı kimə nə qazandırır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə hesab edir ki, tərəflər boğazın bağlı qalmasından sadəcə olaraq digərinə təzyiq etmək üçün alət kimi istifadə edir:

“Yaxın Şərq savaşında hazırda atəşkəs davam edir. Bu dövrdə Pakistanın paytaxtı İslamabadda ABŞ-la İran arasında danışıqlar da oldu. Düzdür, bu danışıqlar uğursuz nəticələndi. Buna rəğmən tərəflər nəticəyə gəlmək imkanlarını da tam itirməyiblər. Hər iki tərəf müxtəlif təkliflərlə çıxış edir. Hörmüz boğazı ətrafında cərəyan edənlər isə istər-istəməz gərginliyi artırır.

Hər iki tərəf boğazın bağlı qalmasından digərinə qarşı alət kimi istifadə edir. ABŞ bununla İrana müxtəlif səpkili yüklərin gətirilməsinin qarşısını alır. İran isə özünə rəqib hesab etdiyi ölkələrin keçidini əngəlləməklə qarşı tərəfə özünün sərt mövqeyini nümayiş etdirir və bunu da qarşı tərəfə münasibətdə alət olaraq istifadə etməyi hədəfləyir”.

A.Əlizadənin fikrincə, boğazla  bağlı yaşananlar ciddi iqtisadi-siyasi böhrana səbəb olacaq:

“Həmin məsələ qlobal müstəviyə çıxaraq, bu və ya digər ölkələr üçün də problemlər yaşadır. İran təklif edib ki, danışıqlar predmeti olaraq ilk öncə  boğazın blokadası aradan qaldırılmalıdır. İran boğazla bağlı Omanla da danışıqlar aparır. Çünki boğaza İranla yanaşı, Oman da nəzarət etmək səlahiyyətinə malikdir”.

ReAL Partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, boğazın blokadası ABŞ və Rusiyaya xeyir gətirir. Çin, Aİ və körfəz ölkələrinə isə əksinə ziyan vurur:

“Məsələyə qlobal baxanda Hörmüz boğazının bağlı qalmasından dünya iqtisadiyyatı uduzur. Neftin qiymətinin artması, enerji daşıyıcıları ilə bağlı çatışmamazlıqlar dünya iqtisadiyyatında gərginlik yaradıb. Amma eyni zamanda, yaranmış vəziyyət neft istehsalçı və Hörmüz boğazından asılı olmayan ölkələrə qazanc gətirir. Bu mənada prosesdə ABŞ uduzmur. Onun uduzduğu tək məsələ ABŞ daxilində benzinin qiymətinin qalxmasıdır. Amma bu bahalaşma da digər ölkələrlə müqayisədə azdır. ABŞ gündəlik 14 milyon barel neft hasil edir. Hətta Venesuela neftini də idarə edir.

Rusiya da prosesdən qazanır. Ona qarşı sanksiyalar yumşalıb. Keçən ay Rusiya nefti 90 dollara satılıb. Mövcud vəziyyət yalnız Çinə, Avropa İttifaqı ölkələri və körfəz dövlətlərinə ciddi ziyan vurur”.

Rüfət Sultan, Bizim.Media  

Избранный
27
50
bizim.media

10Источники