RU

Kiyevdən Qəbələyə ani səfər: oxşar tale, ortaq mövqe

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Anar Natiqoğlu: “Ukrayna həm enerji təhlükəsizliyi, həm də hərbi sənayenin inkişafı istiqamətində Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbacanda bir günlük səfərdə oldu. Azərbaycan lideri İlham Əliyev Qəbələdə ukraynalı həmkarını qəbul etdi. Təkbətək və geniş tərkibli görüşlərdən sonra hər iki ölkə rəhbərlərinin mətbuata bəyanatları səsləndi. Preidentlər ikitərəli münasibətlərin daha da güclənməsinin önəmini vurğuladılar və bir-birilərinin ölkələrinin ərazi bütövlüyünə birmənalı dəstək ifadə etdilər.

Ukrayna Prezidentinin Azərbaycana gözlənilmədən və bir günlük səfərinin əsas məqsədi nə ola bilər? Xüsusilə, bu səfər Ukrayna cəmiyyətində və Kiyevin ictimai-siyasi dairələrində necə qiymətləndirilir. 

AYNA.AZ mövzu ətrafında Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu ilə həmsöhbət olub. Beləliklə:

- Zelenski Rusiya ilə müharibə içərisində olduqları 4 il müddətində Cənubi Qafqaz ölkələrindən yeganə Azərbaycana səfər edib. Bu, nəyin göstəricisidir?

- Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq, diplomatiya münasibətlərinin tarixi kökləri var. Tarixə ekskursiya etsək, 1 əsr öncə Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan Xalq Cümhuriyyətinin Kiyevdəki səfiri təyin olunmasından başlaya bilərik. Eləcə də Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultanov kimi dövlət xadimlərinin hələ tələbəykən Odessada təhsil almalarını qeyd etmək dyerinə düşərdi. Bunlar sovet işğalına qədər olan dövrdür.

Müstəqillik illərində, xüsusən Birinci və İkinci Qarabağ müharibələri zamanı Ukrayna siyasi baxımdan hər zaman Azərbaycanın suverenliyini dəstəkləyib. Başda Leonid Kravçuk olmaqla, ukraynalı pilotların xüsusən mühasirədə olan Qarabağ camaatının təxliyyəsi, eləcə də Xocalı faciəsindən sonra meyitlərin daşınmasında göstərdikləri cəsarətlə bağlı kitablar yazılıb, sənədli film çəkilib.

Azərbaycan isə çətin 90-cı illərdə Ukraynanın taxıl biçimi zamanı yanacaq çatışmazlığından əziyyət çəkən dost ölkəyə birbaşa dəstəyini əsirgəməyib. Ona görə də Ukraynada istənilən hakimiyyət Azərbaycana müsbət yanaşıb, zamanla qarşılıqlı müxtəlif humanitar, iqtisadi müqavilələr bağlanıb, ticarət dövriyyəsi gücləndirilib. Eləcə də xalqlarımız arasında isti münasibətlər mövcuddur. Təsadüfi deyil ki, qardaş Türkiyədən sonra illərdir azərbaycanlı tələbələrin ən çox üz tutduqları ikinci ölkə Ukraynadır. Ukrayna tolerant olduğu üçün bir neçə yüz minlik Azərbaycan diasporunun özünü ən sərbəst hiss etdiyi ölkələrdəndir.

Digər tərəfdən, Rusiyanın Ukraynaya qarşı 2022-ci ildə başlatdığı genişmiqyaslı hərbi müdaxiləsindən sonra bir çox həqiqətlər daha qabarıq üzə çıxdı. Azərbaycan xalqı səfərbər olaraq müxtəlif humanitar aksiyalar təşkil etdi, Ukraynaya müxtəlif lazımi qida, geyim, dərman vasitələrinin göndərilməsi təmin olundu. Bu mənada xalqımız keçmiş sovet ölkələri arasında ən yüksək təşəbbüsü göstərdi. Eləcə də diasporumuz həm Ukrayna xalqına, həm orduya dəstəyini bir gün belə, əsirgəmədi.

Təbii ki, Azərbaycan dövləti də öz növbəsində müxtəlif cür humanitar aksiyalar təşkil etdi. Xüsusən elektrik kəsintilərinin adi hal aldığı soyuq qış dönəmində generatorların göndərilməsi çox önəmli dəstək idi. Eləcə də SOCAR-ın Ukrayna təmsilçiliyi müxtəlif xilasetmə, hüquq-muhafizə, təcili yardım xidmətinə davamlı pulsuz yanacaq dəstəyi verdi. Bugünkü gün də əks fikirlər olsa da, sosial şəbəkələrdə belə, Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin Ukraynanın haqlı davasına dəstək verməsini görürük. Zatən başqa cür də ola bilməzdi. Çünki illərlə Rusiyanın Ermənistana həm hərbi, həm siyasi dəstəyi ilə işğal, faciələr yaşamış bir xalq başqa cür düşünə də bilməz.

- Ukrayna ictimai-siyasi dairələrində və cəmiyyətində bu səfər necə dəyərləndirilir?

- Yuxarıda sadaladıqlarımdan başqa Zelenskinin qəfil səfərinin digər cari zərurətləri də mövcuddur. Azərbaycan suverenliyini bərpa etmiş və bir çox parametrlər üzrə Cənubi Qafqazda birmənalı ən güclü dövlətdir. Hazırda regionda ABŞ və İsrailin İrana hərbi müdaxiləsindən sonra bir gərginlik mövcuddur. Ukrayna dövləti isə bu 4 illik savaş dönəmində bəzi məsələlərdə kifayət qədər təcrübə toplayıb. Burada müxtəlif tipli dronlardan istifadə və istehsalı məsələsini vurğulamaq yerinə düşər. ABŞ və İsrailin İranla qısamüddətli hərbi konflikti bir daha sübut etdi ki səmanın mühafizəsi önəmlidir.

Təsadüfi deyil ki, Volodimir Zelenski bir günlük səfərində səmanın mühafizəsi ilə bağlı Azərbaycandakı həmkarları ilə təcrübələrini bölüşən Ukrayna hərbi ekspert qrupu ilə görüşünü açıq sərgilədi. Eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bir sıra önəmli mesajlar verildi. Buraya hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü birmənalı dəstəkləməsi, Zelenskinin Azərbaycanın tərəfdaş kimi etibarlı olmasını və onun güclü olmasını arzuladıqlarını dilə gətirməsi vacib mesajlar idi.

- Qəbələ görüşü zamanı belə təklif səsləndirildi ki, növbəti Rusiya-Ukryana danışıqları Azərbaycanda baş tutsun. Kiyevdə bu təklifi məqbul sayırlarmı?

- Bəli, Zelenski Rusiya ilə Ukrayna arasında mümkün danışıqlar perspektivində Türkiyədən sonra Azərbaycan variantının mümkünlüyünü qeyd etdi. Bu isə ölkəmizin hazırkı durumda Ukrayna üçün əhəmiyyətini artıran daha bir vacib faktordur. Əlbəttə ki, Ukrayna liderinin məqbul saydığı variant cəmiyyət üçün də məqbuldur.

Görünən odur ki, 4 illik savaşda "bişən" və Şərqi Avropanın perspektivdə geopolitik mərkəzi olacaq Ukrayna həm enerji təhlükəsizliyi, həm hərbi sənayenin inkişafı mövzularında Azərbaycanla birgə layihələrin iştirakında maraqlıdır. Ukrayna Cənubi Qafqazda ən çox məhz Azərbaycanla strateji əməkdaşlığın daha faydalı olduğunun önəmini diqqətə alır.

- İkitərəli münasibətlərin gələcəyi barədə nə düşünürsünüz?

- Heç bir savaş əbədi deyil. Ukraynada savaş bitdikdən sonra Azərbaycanla bu ikitərəfli yaxınlaşma yəqin ki, illər öncə yaransa da, hazırda fəaliyyətsiz olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) birliyinin fəaliyyətini aktiv fazaya keçirə bilər. Bu isə üzv ölkələrin tranzit və digər resurslarını nəzərə alsaq, birliyin ən azı ciddi iqtisadi təşkilata çevrilmə perspektivini ortaya qoyur.

Azərbaycana qardaş ölkə olan Türkiyənin Ukrayna ilə dəniz sərhədi var. Ankara üçün Ukraynanın ərazi bütövlüyü, özəlliklə Krım mövzusunda çox həssasdır. Türkiyə dövləti dəfələrlə Krımın Ukrayna ərazisi olduğunu beynəlxalq platformalarda və ikili görüşlərdə vurğulayıb və tatarların haqlarının qorunması mövzusunda ardıcıl bəyanatlar verib. Rusların təhdid və əngəllərinə baxmayaraq, məhz Türkiyənin dövrəyə girməsi ilə Ukraynadan taxıl və digər dənli bitkilərin Avropa və dünya bazarına çıxışını təmin edən dəhliz açıldı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
41
ayna.az

1Источники