RU

“Ən çox oynayan da mənəm, qol vuran da” Vüsal İsgəndərli

ain.az, Qol.az portalına istinadən məlumat verir.

“Ən çox oynayan da mənəm, qol vuran da” – Vüsal İsgəndərli

Albaniyanın “Partizani” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin QOL.az saytına müsahibəsi

- Vüsal, Albaniyada işləriniz necə gedir?

- Durumum yaxşıdır. Düzdür, komandamız çempionata yaxşı başlamamışdı. Çox geridə idik. Sonra toparlana bildik. İndi Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırıq. 5-ci pillədəyik, amma 4-cü yerlə xalımız eynidir. Həqiqətən də yaxşı kollektivimiz var. Özümüzə güvənirik, inanırıq ki, Avropa Liqasına vəsiqə qazanmaq üçün yarışan 4-lükdə olacağıq. Özümə gəldikdə isə inanıram ki, daha yaxşısını edə bilərdim. Bəzən şansızlıq oldu, bəzən mən bacara bilmədim. Qol epizodlarını nəzərdə tuturam. 6 qol və 4 qol ötürməm var. Pis saymaq olmaz, amma daha yaxşısını edə bilərdim. Hələ qarşıda oyunlar var və mən özümə inanıram.  

- Uzun fasilədən sonra milli komandaya çağırıldınız, bir müddət yığmanın düşərgəsində oldunuz. Təəsüratlarınız necədir?

- Təbii ki, milli komandanın formasını geyinmək hər zaman qürurludur, şərəfli bir hissdir. Millinin heyətində özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Ayxan Abbasovun gəlişindən sonra milli komandada dəyişikliklər çox hiss olunur. Ən əsası komandada milli ruh var. Hər bir futbolçu bunu hiss edərək oynayır. FİFA Series turnirində iki rəqibə qalib gəldik. Bəlkə də kimlərsə bu komandanı zəif kimi gördü, amma milli formasında kimə qarşı oynamağın fərqi yoxdur. Çox şükür ki, turnirin qalibi olduq. Mənə görə bu, bir başlanğıcdır. Təbii ki, bizə böyük bir motivasiya ola bilər. Çünki qələbələrə çox ehtiyacımız var idi. Əlimdən gələni edəcəm ki, millinin qarşıdakı toplanışlarına da dəvət alım. 

- Albaniyadakı həyat və futbol haqqında danışaq.

- Albaniyada yaşamaq bir azərbaycanlı üçün əslində çətin deyil. Çünki ölkələr arasında oxşar cəhətlər çoxdur. Məsələn, yeməklər fərqlənmir, ölkənin 70 faizi müsəlmandır Xarakter baxımından da bizim kimi bir az yaxşı mənada sərt millətdirlər. Ona görə də buradakı mühitə uyğunlaşmaq çətin deyil. Kimsə uyğunlaşa bilmirsə, günah özündədir Əgər sən komanda ilə ünsiyyət qura bilmirsənsə, təbii ki, uyğunlaşmaq çətin olacaq. Albaniya mənim üçün düşərli ölkə oldu. Əvvəlcə “Eqnatiya”ya gəldim və klub məni yaxşı qiymətə “Boluspor”a sata bildi. Daha sonra “Partizani”yə keçdim və uzun müddətdir düşə bilmədiyim milli komandaya qayıtdım. Klubumuzda hazırda ən çox qol vuran və asist edən, ən çox meydanda olan mənəm. Albaniya mənim üçün çox uğurlu ölkə oldu. Futbolçu bir kluba keçəndə bilməlidir ki, hara gəlir. Hansısa çətinliyi qabartsan, çətin olar Məsələn, burda məşq meydançalarının 90 faizi süni örtüklüdür. Oyun meydançaları isə təbii ot örtüyüdür. Bunlar problemdir. Azarkeşlər çox sərtdirlər. Bunun yaxşı tərəfləri də var, mənfi tərəfləri də. Əgər azarkeş təzyiqi sənə çox təsir etmirsə, bura əladır. Səfər oyununu da hiss edirsən, ev matçını da. Ölkə gəzməli ölkədir. Rahat ailə ilə birlikdə gəlib dincəlmək olar. Futbol baxımından isə mənə görə yaxşı bir tramplindir. Burada yaxşı çıxış edib, daha üstün liqalara getmək olar. 

- Albaniyada daha bir azərbaycanlı futbolçu Zamiq Əliyev çıxış edir. Əlaqələriniz necədir?

- Zamiqlə münasibətimiz çox yaxşıdır. Mən Albaniyada olmadığım bir vaxtda Zamiq “Eqnatiya”ya, keçmiş klubuma gəldi. O klubda oyanayan dostlarım çoxdur. İdman dorektoru ilə də Zamiq barədə danışırdım. “Eqnatiya”da çıxış edən dostlarımdan xahiş edirdim ki, Zamiqə dəstək olsunlar. Çünki ilk dəfə xarici ölkədə çıxış edirdi. Hansısa çətinliyi ola bilərdi. Onlar da sağolsunlar ki, kömək edirdilər. 

- Zamiqlə oyundan-oyuna görüşürsünüz?

- Bəli, daha çox oyundan-oyuna görüşürük. Çünki oyunlarımızın vaxtı elədir ki, görüşmək uyğun gəlmir. Bir də qaldığımız şəhərlər arasında böyük məsafə var. 

- Albaniyadakı uğurlu oyunlardan sonra təklifləriniz var?

- Rəsmi təkliflər əsasən qışda gəldi. Qazaxıstan və Türkiyədən təkliflərim var idi. İndi menecerim bildirir ki, təklif var, amma mən çempionatın bitməsini gözləyirəm. Çünki sona 4-5 oyun qalıb. Belə durumda hansısa yaxşı təklif oyuna köklənməkdə çətinlik yarada bilər. Bu da mənfi təsirini göstərə bilər. Ona görə də hazırda fikrimi klubdakı mövqeyimə, oyunuma, komandamızın nəticələrinə vermişəm. Daha sonra gələn təkliflər barədə fikirləşmək olar. Menecerimə də demişəm ki, mənə hələ ki, təkliflər barədə nəsə demə. 

- Azərbaycandan necə, təklif gəlib?

- Bəli, Azərbaycan klubundan da rəsmi təklif almışdım. Ora getməyəcəyimə görə klubun adını çəkməyim düzgün olmaz. Mencerlərim bildirir ki, Tailand və Yaponiya klubarı ilə danışıq apara bilərik. Amma mənim gedəcəyim klub elə olmalıdır ki, milli komanda üçün də maraqlı olsun. Yəni o liqada oynayanda milli komandaya dəvət ala bilim.  Elə bir kluba getmək lazımır ki, millimizin baş məşqçisinin diqqətini cəlb etsin. Yəni mən daha yüksək maaşa fərqli liqalara gedə bilərəm. Amma məqsədim o deyil. Elə bir liqaya getmək istəyirəm ki, orada oynayanda, özümü göstərəndə yenidən milli komandaya dəvət ala bilim. 

- Azərbaycana qayıtmaq variantı yoxdur?

- Yox. Mənim Azərbaycanda çıxış edən yerli oyunçularımıza məsləhətim odur ki, mütləq legioner həyatı yaşamaq lazımdır. İlk il hər kəs üçün çətin olur amma sonradan fərqi çox hiss edirsən.

- Müntəzəm olaraq ölkə xaricində çıxış edən azsaylı futbolçularımızdansınız. Legioner həyatı yaşamağın üstünlükləri nələrdir? Xaricə çıxmaqda tərəddüd edən futbolçularımıza məsləhətiniz nədir?

- Tam şəxsi təcrübəmi bölüşəcəm. Məsləhət kimi demirəm. Mənim özümə məsləhət verən lazımdır (gülür). Legioner həyatının çətinlikləri varmı? Bəli, var. Amma bu çətinlikləri sən özün adlamalısan. Özündən çox şey asılıdır. Transfer edilib oynamayanda çətinlik çox olur. Motivasiyan aşağı düşür və sıxılırsan. Oynayanda isə əksinə hər şey sənin üçün asanlaşır. İstənilən vəziyyətdə hər şey sənin öz əlindədir. O çətinliyi ancaq özün üstələyə bilərsən. Məsələn, mənim Türkiyənin “Keçiörengücü” klubundakı çıxışımı götürək. Allah şahiddir ki, orda problem tək məndə deyildi. Ən böyük səhvim o idi ki, ora menecersiz getmişdim. Bağladığım müqavilə sonradan mənim əskimə oldu. Ona görə də razılaşdım ki, Azərbaycana qayıdım. Həmin vaxt Azərbaycandan başqa təkliflərim olsa da, “Sumqayıt”ı seçdim. Çünki klubla razılaşdım ki, nə vaxt Avropadan təklif gəlsə, azad agent kimi ayrılacam. Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə kömək etdilər və bu təklifimlə razılaşdılar. “Sumqayıt”dan ayrılmağım da elə oldu. 

- Azərbaycanda oynamaq variantına birmənalı olaraq “yox” dediniz. Bu, Azərbaycan çempionatının durumu ilə bağlıdır, yoxsa daha güclü klublarda oynamaq istəyi ilə?

- Mənə görə Azərbaycan çempionatını səviyyəsi heç də aşağı deyil. Azərbaycanda futbol da var, futbolçu da, məşqçi də. Sadəcə olaraq bizim insanlar “komfort zonası”ndan qırağa çıxmaq istəmirlər. Bəzən də elə təkliflər olur ki, Azərbaycandakı maaşı qoyub getmək istəmirlər. Rüfət Abdullazadəyə çox yaxşı təklif gəlmişdi. “Varajdin” Xorvatiyanın öndə gedən klublarından biridir. Belə bir təklif gəlsə, kim getməz? Bəzən bizim futbolçular daha yuxarı səviyyəli çempionatlara can atır, bəzən isə menecerlər onların oynayacağından daha aşağı səviyyəli klublardan təklif gətirir. Burada balansı da qorumaq lazımdır.  

- Azərbaycan çempionatında legioner limitinin ləğvi ölkə xaricində çıxış edən oyunçularımızın bura qayıtmamasına və yerli futbolçularımızın xarici klublara can atmasına necə təsir edəcək?

- Öz adıma deyə bilərəm ki, heç vaxt mübarizədən çəkinmirəm. Azərbaycanda indiki vəziyyətdə də formam üçün mübarizə apara bilərəm. Mən özümə güvənirəm. Ancaq legionerlər oynayacaq deyə bir şey yoxdur. Heç vaxt mübarizədən çəkinməmişəm. Həmişə bu xarakterdə olmuşam. Albaniya çempionatı asan bir yarış deyil. Burada isə müntəzəm oynayıram.

- Albaniya çempionatı bizim Premyer Liqadan güclüdür?

- Onu deməyəcəm. Heç vaxt başqa ölkədə çıxış edəndə Azərbaycan çempionatını pisləməmişəm.

- Çempionatları necə müqayisə etmək olar?

- Düzdür, klubların gücü baxımından bərabər qiymətləndirmək olar. Bu mövsüm Azərbaycan çempionatının nə qədər gücləndiyini də hamımız görürük. Amma tramplin kimi, futbolçuların izlənməsi, onların başqa ölkələrə çıxışı baxımından Albaniya çempionatı daha üstündür. Məsələn, “Eqnatiya” hər il 8-10 futbolçusunu başqa ölkənin klubuna satır. Demək ki, bu liqa çox izlənilir. Çünki Avropanın ortasındadır. Fərdi götürsək, “Qarabağ” Albaniya klublarından güclüdür. “Sabah” bu il çox güclənib. “Neftçi” uzun müddət yüksək səviyyədə olub. Amma ümumi götürəndə Albaniya çempionatının futbolçunun irəli getməyi üçün daha üstün cəhətləri var. 

Ramiq Ağaməmmədov

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
42
qol.az

10Источники