RU

Çexiya nəşri energetika sahəsində Azərbaycanla əməkdaşlığın perspektivlərindən yazır

Çex mediası Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfərinin yekunlarına dair dərc etdiyi materiallarda iki ölkə arasında energetika əməkdaşlığının genişləndirilməsi perspektivlərindən yazır və əsas diqqəti qaz tədarükünün strateji əhəmiyyətinə yönəldir.

AZƏRTAC “Novinky.cz” nəşrinə istinadla xəbər verir ki, Çexiya Azərbaycandan hər il 2 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır. Bu ölkənin sənaye və ticarət naziri Karel Havliçekin sözlərinə görə, yekun sənədin hələ imzalanmamasına baxmayaraq, tədürüklər artıq 2028-2029-cu illərdə başlaya bilər. O əlavə edib ki, bu məsələ ilə bağlı danışıqlar prosesi “çox yaxşı mərhələdədir”.

Məqalədə potensial müqavilənin 10-15 il müddətinə bağlana biləcəyi vurğulanır ki, bu da daha əlverişli qiymət şərtlərinə imkan verəcək. Təchizatların ümumi dəyəri ildə təxminən 20 milyard kron (cari məzənnə ilə təxminən 960-965 milyon dollar - red.) məbləğində qiymətləndirilir.

Nəşrdə qeyd olunur ki, Çexiyanın ČEZ enerji şirkəti layihəyə maraq göstərib və bu, təşəbbüsün inkişaf etdirildiyini göstərir.

Məqalədə, həmçinin mövcud uğurlu əməkdaşlıq səviyyəsi vurğulanır: Azərbaycan Çexiya Respublikasının əsas neft təchizatçılarından biri olaraq qalır və idxalın əhəmiyyətli bir hissəsinə malikdir.

Ümumilikdə, məqalənin müəllifi potensial müqaviləni Çexiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanla tərəfdaşlığının genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.

Избранный
1
2
azerbaijan-news.az

3Источники