RU

Putin: Qərb liderliyini itirir, dünya çoxqütblü struktura doğru irəliləyir

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin liderlik mövqelərini itirdiyini və yerini yeni iqtisadi artım mərkəzlərinə — Qlobal Cənub dövlətlərinə verdiyini bəyan edib.

Ölkə.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya lideri bu fikirləri "Açıq Dialoq" beynəlxalq forumunun iştirakçılarına və qonaqlarına ünvanladığı videomüraciətində səsləndirib.

"Əvvəlki yanaşmalar, beynəlxalq münasibətlərdə və işgüzar həyatda oturuşmuş norma və qaydalar tədricən qüvvəsini itirir. Buna səbəb həm də liderlik mövqelərini itirən və yerini yeni artım mərkəzlərinə, Qlobal Cənub ölkələrinə verən Qərb dövlətlərinin fəaliyyətidir", — deyə V. Putin bildirib.

Onun sözlərinə görə, hazırda dünya inkişafının daha mürəkkəb və çoxqütblü strukturu formalaşır. Bu sistemdə milli suverenliyə dəyər verən və öz inkişaf vektorunu müstəqil şəkildə müəyyən etməyə qadir olan ölkələr mühüm rol oynayır.

"Təbii ki, bir reallıq bəllidir: heç bir ölkə təklikdə — digər dövlətlərin hesabına və ya onların zərərinə inkişaf edə bilməz. Bundan əlavə, müasir qlobal çağırışlar birgə cavab və səylərin birləşdirilməsini tələb edir", — deyə Rusiya prezidenti əlavə edib.

V. Putin həmçinin qeyd edib ki, dayanıqlı və ədalətli qlobal inkişaf yalnız bərabərhüquqluluq, qarşılıqlı hörmət prinsiplərinə riayət olunması və bütün ölkələrin maraqlarının nəzərə alınması şərti ilə mümkündür.

Sonda o vurğulayıb ki, qlobal inkişaf platforması hər bir insanın dünyanın istənilən nöqtəsində uğurlu gələcək hüququna sahib olması, öz yolunu seçə bilməsi və bu seçimi addım-addım reallaşdırması üzərində qurulmalıdır.

Избранный
58
1
olke.az

2Источники