RU

Sadıq Sadıqov: “İnter matçında ürəyim tutdu” MÜSAHİBƏ + FOTO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Mən “Neftçi”yə gələndə çox böyük problemlər var idi”.

Bunu "Neftçi" İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Neçənci ildə və harada dünyaya göz açmısınız? İdmana marağınız uşaq vaxtınızdan olub?

– 1965-ci ildə Naxçıvan şəhərində doğulmuşam. Həm orta məktəbdə, həm də institutda oxuyanda idmana böyük marağım olub. Sonra elə bir şərait yarandı ki, oğlum boksla məşğul oldu, 51 kiloqram çəkidə gənclər arasında Avropa çempionu adını qazandı. Amma bəzi problemlərə görə onu idmandan çıxartdıq. Özümün bir idman klubu var idi, kikboksçular yetişdirirdik. Ardınca “Məşəl” idman klubuna gəlib işimizi davam etdirdik. Sonra da tale elə gətirdi ki, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinə rəhbər təyin olundum. Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasəti dəstəkləyir, idmançı yetişdirirdik. O zaman cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti idi. Həmin vaxtdan bu günə qədər dövlətin və ölkə başçısının etimadını doğrultmağa çalışırıq.

– Neçə yaşınıza qədər Naxçıvanda qalmısınız?

– 1979-cu ildə Bakıya köçmüşdük. Qardaşım instituta daxil olmuşdu. Özüm isə Azərbaycan Politexnik İnstitutunda avtomatika ixtisası üzrə oxumuşam.

– Özünüz idmanla məşğul olmusunuz?

– Bəli, SSRİ dönəmində karateyə getmişəm. Həmçinin yaxşı voleybol oynamışam. Güləşlə də məşğul olmuşam. Ən yaxşı nəticələrim voleybolda olub – institutlar arasında 2-ci yerə çıxmışıq.

– Naxçıvanın o dönəmki idman mühiti necə idi? “Araz”ın oyunlarını xatırlayırsınız?

– “Araz” həmin vaxt SSRİ 1-ci Liqasında mübarizə aparırdı. Komandanın bütün matçlarında anşlaq olurdu. Stadiona 8 min azarkeş gəlirdi. “Araz-Naxçıvan”ın oyunlarını yenidən orada keçirməsini arzulayırıq.

– “Neftçi”nin prezidenti postunu tutduğunuz ilk mövsümdəcə komanda ölkə çempionu oldu…

– Bəli, ardıcıl 3 il çempionluq qazandıq, həmçinin ölkə kubokunun qalibi olduq.

– O zaman Azərbaycan klubları arasında ən yaxşı transferləri “Bakı” edirdi. Xüsusən də Cənubi Amerikadan yaxşı futbolçular gətirirdi. Sizin gəlişinizdən sonra artıq bunu “Neftçi” reallaşdırmağa başladı. Bəxtiyar Musayev və Tahir Süleymanov keyfiyyətli futbolçular tapırdı. Flavinyo, İqor Mitreski, Slavço Georgiyevski, Bahodır Nəsimov, Bruno Bertuççi – qısa dönəmdə necə belə güclü heyət yığdınız?

– Mən “Neftçi”yə gələndə çox böyük problemlər var idi. Komandanın aqibəti bəlli idi, 5-ci pillədə qərarlaşırdı. Biz ilk vaxtda birdən-birə 6 futbolçunu göndərdik. Hamı deyirdi ki, bu, səhv addımdır, “Neftçi” uçuruma yuvarlanacaq. Lakin rəhbərlik səviyyəsində anlayırdıq ki, həmin heyətlə heç nə edə bilmərik. Komandada əsaslı dəyişikliklər oldu, çox yaxşı transferlər həyata keçirdik. Agentlər və menecerlərin bu işlərə çox qarışdığını bilirdik. Buna görə də klubumuzda Bəxtiyar Musayev kimi seleksioner və Tahir Süleymanov kimi vitse-prezidentin olduğunu nəzərə aldıq. Birgə planlaşdırdıq ki, hücum və müdafiə xəttini Braziliya və Avropadan gətiriləcək oyunçularla quracağıq, dayaq yarımmüdafiəçisi mövqeyində isə Mirhüseyn Seyidov, Rəşad Sadiqov kimi yerlilərə üstünlük verəcəyik. Musayev və Süleymanovun Braziliyaya yollanmasının həqiqətən çox böyük rolu oldu, əla transferlər etdilər. Flavinyo, Braziliyanın U-20 millisində oynayan Bertuççi, “Spartak”da çıxış etmiş və Şimali Makedoniya millisinin üzvü Mitreski, bu yığmanın daha bir futbolçusu Georgiyevski… Komandanı elə formalaşdırdıq ki, əsas problemi olan psixoloji durumunu düzəltdik. Məsələn, döşək və ya rinqə çıxan idmançı çıxıb sözünü deyir. Futbol isə komanda idman növüdür, burada ailə ab-havası yaratmaq lazımdır. Bunu bacardıq və nəticəsini gördük. “Neftçi” ardıcıl 3 dəfə çempion oldu, “qızıl dubl etdi”.

– Sözügedən transferlərin baş tutmasında hansı çətinliklər oldu?

– Rəhbərlikdə yer alan hər kəs bu keçidlərin gerçəkləşməsi, heç bir problemin, səhvin olmaması üçün qollarını çırmalamışdı. Transferlər məsələsində yaxşı pullar dövr etdiyi üçün agentlərin, belə desək, müəyyən bicliyi olur. Bunun qarşısını tam aldığımıza görə heç bir çətinlik yaşamadıq. Flavinyo Braziliya A Seriyasının futbolçusu idi. Çempionatımızda da öz sözünü dedi, komandanın uğurlarında böyük pay sahibi oldu. Flavinyo Azərbaycana gələn ən səviyyəli legionerlərdən biri idi.

– “Neftçi” 2011/12 mövsümündən əvvəl, demək olar, transfer etmədi. Ciddi keçid kimi yalnız Saşa Stamenkoviçi qeyd etmək olar. Nəticədə Zaqreb “Dinamo”su ilə iki matçda (səfərdə 0:3, evdə 0:0) qol vurmadan mübarizəni dayandırdınız. Burada səhv etdiyinizi düşünmürsüz?

– Hər şey büdcənin başındadır. Maliyyə varsa, idman var. Biz də ayağımızı yorğanımıza görə uzadır, buna uyğun işimizi görürdük. O vaxt hələ heç bir klubumuz avrokubokların qrup mərhələsinə düşməmişdi. Fikirləşirdik ki, “Neftçi” Avropa Liqasının qrupuna vəsiqə qazansa, bu, tarixi uğur olar. Bunu bacardıq, İtaliyanın “İnter” kimi klubu ilə oynadıq. Ancaq hansısa transferlər sayəsində Çempionlar Liqasının qrupuna düşə bilərik. Bunu gözləmək absurd olardı, pulu da küçəyə tökmüş olardıq.

– Amma bundan bir il öncə transferlərə xeyli büdcə xərcləndi?

– Yox. Əslində, büdcə bir qədər sirr saxlanılan məsələdir. Lakin biz həmişə ictimaiyyətə açıq olmuşuq. Gəldiyim vaxt aylıq büdcəmiz 300 min manat idi, sonra yavaş-yavaş artdı. Mən “Neftçi”ni təhvil verəndə aylıq büdcə 600 min idi. Başqa sözlə, bir ilə vuranda 7 milyon 200 min manat. Futbolun görünməyən tərəflərini də nəzərə alaq. Çox adam elə bilir ki, bütün bu pullar əsas komandaya xərclənirdi. Uşaq məktəbi, həmçinin əvəzedici, U-18 və U-19 komandaları, infrastruktur, işçilərin əməkhaqqı, kommunal xərclər, ot örtüyünün saxlanılması və s. – bütün bunlar da böyük vəsait tələb edirdi. Təkrar edirəm, idmanda büdcə çox vacibdir. Məsələn, “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəlilədi. Ancaq büdcələri bir qədər də imkan versəydi və Avropadan daha 2-3 keyfiyyətli futbolçu alsaydılar, bəlkə daha böyük tarix yazardılar.

– Zaqreb “Dinamo”suna məğlubiyyətdən sonra Arif Əsədov baş məşqçi postundan getdi, yerinə isə Böyükağa Hacıyevi gətirdiniz…

– Arif müəllimi heç kim yola salmadı. Gedişinin əsas səbəblərdən biri Pro kateqoriyasının olmaması idi. Əsədovun “Neftçi”nin baş məşqçi kimi təqdimatını hazırladıq, sonra isə Pro kateqoriyasını almaq üçün 1 illik getdi. Ardınca yerinə Böyükağa müəllimi gətirdik.

– Böyükağa Hacıyevin “Neftçi”də bu qədər uğurlu olacağına ümidiniz var idi?

– Bilirsiniz, onu hələ uşaqlıqdan tanıyırdım. Böyükağa müəllim “Araz-Naxçıvan”da oynadığı vaxt azarkeşi olmuşam. Onun güclü mütəxəssis olduğuna inanırdım, çünki savadına bələd idim. Məsələn, tarixdən çox yaxşı anlayışı var idi, həmçinin “Neftçi”də məşqləri təkcə mükəmməl bildiyi Azərbaycan dilində deyil, rusca da keçirdi. Böyükağaya baxıb heyran qalırdım, axı sovet dönəmində rayon mühitində böyümüş insan idi. Komandaya həm rəhbərlik, həm qardaşlıq edən baş məşqçi idi, futbolçuların qədrini bilirdi. Böyükağa müəllim bizimlə işləməyə razılaşdı. Onunla birgə Kamal Quliyev, Tərlan Əhmədov, Bəxtiyar Musayev, Tahir Süleymanov və mən “Neftçi”nin bütün oyunlarını analiz edirdik və qərarlar verirdik. Bütün qərarlar bizim otaqda bu lövhənin üzərində qəbul olunurdu. Böyükağa müəllimin uğur qazanacağına şübhəm yox idi. Düzgün sistem qurulursa, düzgün transferlər edilirsə, şəffaf idarəçilik varsa, uğur da olacaq. Baş məşqçiyə nəticə vermək üçün klub tərəfindən dəstək lazımdır. Böyükağa da bunu bacardı. Mən “Neftçi”nin sonrakı uğursuzluğunun bir çoxunu onun müalicə dövrü ilə üst-üstə düşməsi ilə əlaqələndirirəm. Böyükağanın vəziyyəti çox ağır idi. Biz onu futboldan güclə ayırıb Moskvaya xəstəxanaya göndərdik, ayrılmaq istəmirdi. Bir ara gedib müalicə aldı, qayıtdı. Lakin kursu davam etdirmək lazım idi, o isə bunu etmədi. Bundan sonra sağlamlıq durumu artıq işləməsinə imkan vermirdi.

– Xatırlayısınızsa, Böyükağa Hacıyevin baş məşqçi postuna təyinatından sonra komandada silkələnmə “Qarabağ”la matç oldu. “Neftçi” oyunun gedişində 0:2 hesabı ilə geri düşsə də, sonda qələbə qazandı – 3:2.

– Bəli, İsmət Qayıbov adına stadionda baş tutan matç. Fasilədə komandanın paltardəyişmə otağına daxil oldum, xeyli müzakirə apardıq, iki əvəzetmə etdik. İkinci hissədə geridönüş etdik və 3:2 hesabı ilə qalib gəldik. O vaxt ən güclü rəqiblərimizdən biri “Qarabağ” idi. Amma “Qarabağ” heç vaxt “Neftçi” olmayıb. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Ürəyimizdə təkcə bu kluba sevgi var. Dünyanın bir çox ölkəsində olmuşam və harada vaxtilə “Neftçi”nin rəhbəri olduğumu deyirdimsə, dərhal bu klubu tanıyırdılar.

– Komanda “Qarabağ” üzərində qələbədən 2 tur sonra “Xəzər Lənkəran”ı 5:0 hesabıyla məğlub etmişdi. Həmin tarixi matç necə xatirənizdə qalıb?

– “Xəzər Lənkəran” şəxsən mənim üçün çox ağır nöqtədir. “Bakı” və “Xəzər Lənkəran” dağıldı, “İnter” adını dəyişib əvvəlcə “Keşlə”, sonra “Şamaxı” oldu… Bizim dönəmimizdə çox güclü komandalar var idi. Bütün mövsüm boyunca ajiotaj olurdu. “Xəzər Lənkəran”la səfərdə oynayanda 16-17 min, Tofiq Bəhramov adına Respublika stadionunda isə 8-9 min azarkeş gəlirdi. “Xəzər Lənkəran”ın futboldan kənarda qalması o region və futbolumuzun inkşafı üçün böyük zərbədir. Futbolumuzun inkişafını istəyiriksə, “Araz-Naxçıvan” Naxçıvanda, “Kəpəz” Gəncədə, “İmişli” İmişlidə, “Turan Tovuz” Tovuzda oynamalıdır. Həmin vaxt biz Tovuza gedəndə rəqib axırıncı yerlərdə olanda belə, onlarla bacarmırdıq. O qədər azarkeş, hay-küy olurdu ki, komandamız özünə gələ bilmirdi. Bu gün klublarımız Bakıya yığılmamalıdır. “Qarabağ”ın da paytaxtda oynamasının əleyhinəyəm. Yadımdadır, o zaman ilk dəfə Quzanlıda oynadıq, orada çox böyük azarkeş dəstəyi var idi. Futbol klub prezidentləri yox, azarkeşlər üçündür. Xarici futbolçular da gəlib bu vəziyyəti görəndə təəssüf hissi keçirirlər, çünki azarkeşlər qarşısında çıxış etmək istəyirlər. Azarkeşləri olmayan komanda nə futbol oynayacaq? Türkiyəyə baxırsan ki, ən aşağı liqada stadionlar doludur. Futbolumuzun ən böyük problemlərindən biri məhz arenalarda azarkeşlərin olmamasıdır. “Turan Tovuz”un hətta aşağı pillədə qərarlaşan rəqiblərlə ev oyunlarında stadionda adam əlindən yer yoxdur. Bu komanda Bakıya gələndə isə stadion tam dolmur. Paytaxtda çıxış edən klublar da arenaya azarkeş yığmalıdır ki, orada bizi belə qarşılayıblarsa, biz də cavab verməliyik. Əvvəl liqamızda belə idi, indi isə yox. Legioner da gəlib görür ki, kimin üçün oynayım? Motivasiyası qalmır. Hər şeyi pulla əlaqələndirmək olmur. Motivasiya tam ayrı məsələdir. Məsələn, “Kəpəz”lə “Qarabağ” üz-üzə gəlirsə, Gəncə təmsilçisinə bundan artıq nə motivasiya lazım ola bilər ki? Bilirlər ki, “Qarabağ”a qalib gəlmək üçün meydanda canını qoymalıdırlar. Azarkeş amili mütləqdir. Stadion boş olacaqsa, belə futbol nəyə lazımdır?

– Sizcə, bu problem niyə məhz Bakıda var? Məsələn, Rusiyada da elitada çıxış edən paytaxt klubları çoxdur, hər birinin – “Spartak”, ÇSKA, “Dinamo”, “Lokomotiv”in azarkeşləri stadiona gəlirlər.

– Əslində, problemlər çoxdur, bir-bir xırdalasaq, çox danışa bilərik. Elə bil ki, camaat futboldan küsüb. Nəyə görə “Qarabağ”ın Çempionlar Liqası və Avropa Liqası oyunlarında stadionda 30 min azarkeş gəlir? Əminəm ki, “Sabah”, “Turan Tovuz” və “Zirə”nin də avrokubok matçlarında arena dolacaq. Niyə çempionatda fərqli mənzərədir? Çünki işlər düzgün aparılmır. Ola bilsin, reklam istənilən səviyyədə deyil. Liqamızın keyfiyyətinin aşağı olması ilə razı deyiləm. Belə olsaydı, “Sabah” Çempionlar Liqasında “Çelsi” ilə heç-heçə edən, başqa böyük komandalara başağırısı olan “Qarabağ”ı məğlub etməzdi. Ya da “Zirə” və ya “Turan Tovuz” Ağdam təmsilçisi üzərində qələbə qazanmazdı. Deməli, çempionatın səviyyəsi yüksəkdir. Ajiotajı yaratmaq üçün klublar azarkeşlərlə iş aparmalıdır. SSRİ vaxtı abonementlər verilirdi. Bu gün Türkiyə çempionatında da belədir, orada hansısa oyuna stadiondan baxa bilərsiniz? Qeyri-mümkündür, çünki biletlər əvvəlcədən satılır.

– Azərbaycanlı azarkeşlərdə klub sevgisi var? Bəlkə problem budur? “Neftçi” və bir neçə klubu çıxsaq, əksəriyyətinin yaşı azdır.

– Məsələn, bu gün “Araz-Naxçıvan” Bakıda oynayırsa, azarkeşlərində bu kluba sevgi necə yarana bilər? Nəticələr də çox vacibdir. “Neftçi”nin oyunlarında bir ara az azarkeş gəlirdi. İndi komanda özünə gəldikcə, qələbələr qazandıqca, yenə də azarkeşlər stadiona üz tutub. Bu, hər klubun rəhbərliyinin apardığı siyasət olmalıdır. Azarkeşlərlə işləyən konkret şöbə olmalıdır. Sovet vaxtı bir “Neftçi”miz var idisə, indi komandaların sayı 12-dir. Hamısını Bakıya yerləşdirək? Belə olmaz axı. Azərbaycanda idman sürətlə inkişaf edir. Yaxşı basketbol, voleybol və s. liqalarımız var. Görürsünüz ki, finallarda ajiotaj olur. Vəziyyət yavaş-yavaş düzəlməyə başlayır. Amma azarkeşlərdə inam olmaldır ki, gedib ləzzətli oyun izləyəcək.

– Qayıdaq xatirələrə… 2012-ci ilin martın 18-də “Neftçi” 75 illik yubiley günündə “İnter”lə matçda hesab 1:1 olarkən, 75-ci dəqiqədə 18 nömrə altında çıxış edən Ruslan Əmircanovun cərimə zərbəsiylə vurduğu qolla qələbə qazanır. O oyun yadınıza gəlir?

– Həmin cərimə zərbəsini Ruslan deyil, başqa futbolçu vurmalıydı. Bunu onun özündən də soruşa bilərsiniz. Ruslanda yaxşı hissiyat var idi, çox istedadlı oyunçu idi, cərimə zərbələrini də yaxşı yerinə yetirirdi. O, topu götürdü və dedi ki, özü vuracaq. Matçdan sonra da mənə yaxınlaşıb “Sadıq müəllim, vallah, qol olacağın hiss edirdim” söylədi. Həmin həyəcanı yaşamaq lazım idi. Elə o oyunda ürəyim tutdu, məni Mərkəzi Klinikaya apardılar. Komandaya bunu bildirmədim. Ürəklə bağlı ilk problemi o vaxt yaşadım.

– Həmin qələbədən sonra “Neftçi”nin çempion olacağına əmin idiniz? Çünki çempionatdakı əsas rəqibiniz “İnter” sayılırdı.

– “İnter”lə əsl ölüm-dirim savaşı idi. Necə deyərlər, əsl “6 xallıq” oyun idi. Qalib gələndən sonra anladıq ki, çempion olacağıq. Bu matça tam başqa bir motivasiya ilə çıxmışdıq. Oyundan əvvəl bazada qalırdıq, özüm də orada olurdum. Axşam saat 22:00-da yatmaq vaxtı idisə, buna qədər üçüncü mərtəbədəki yeməkxanada yığışıb deyib-gülürdük. Komandanı pulla deyil, adla motivasiya edirdik ki, sabah qələbə qazanmalıyıq. Həmin gün heç kim – nə mən, nə vitse-prezident, nə texniki heyət evə gedirdi. Hamımız bir nəfər kimi komandanı dəstəkləyirdik. Bir-bir otaqları gəzirdik, ab-havaya nəzarət edirdik ki, kimin nə çətinliyi var. Əsl ailə kimi idik. Saat 22:00-da internet şəbəkədən ayrılır, telefonlar söndürülürdü. Sanki həyatdan təcrid olunub yalnız sabahkı matça hazırlaşırdıq. Belə bir sistem qurmuşduq. Bunu bütün legionerlərə də bildirirdik ki, metodlarımız budur. Avropada çox az sayda klub bu yola əl atırdı. Matçdan sonra da bazaya yığışırdıq. Qalib gəlirdiksə, qeyd edirdik. Hərdən qoyun kəsib kababa çəkirdik. Məğlub olurduqsa, analiz edib səbəblərini axtarırdıq.

– Komandanın vitse-kapitanı Ruslan Abışov “Xəzər Lənkəran”a keçəndə hansı hisslər keçirdiniz?

– Çox pis oldum. Bunu heç qəbul edə bilmədim. Ruslan ən hörmət etdiyim yerli transferlərimizdən idi. O, “Neftçi” yetirməsiydi, mən kluba gələndə orada idi. Komandada ən perspektivli futbolçulardan biri sayılırdı. Ruslan, Araz Abdullayev, hazırda 1-ci Liqada çıxış edən Elşən Abdullayev, Rail Məlikov… O vaxt “Neftçi” futbol məktəbi çox güclü idi, milliyə çox oyunçu verirdik. Ən böyük məqsədimiz onları qorumaq idi. Abışov həmin illərdə özünü əla tərəfdən göstərdi, biz də onun qarşısında bütün maddi öhdəliklərimizi yerinə yetirdik. Sonra Ruslanın birdən-birə “Xəzər Lənkəran”a keçidi mənə doğrudan da çox təsir etdi. Onunla hərtərəfli münasibətimiz var idi, elə indi də var. Ruslanın müqavilə müddəti bitdiyi üçün ona görə danışıq apara və özünə də heç nə deyə bilmədik. Çünki bir idmançı kimi başqa komandaya transfer olunmaq haqqı idi. Bir müddət “Xəzər Lənkəran”da oynadı, sonra Rusiyanın “Rubin” klubuna keçdi.

– “Xəzər Lənkəran”ın Ruslan Abışova verdiyi maaş ilə “Neftçi”də aldığı əməkhaqqı arasında çox ciddi fərq var idi?

– Yəqin var idi ki, getdi. Mən elə başa düşürəm ki, pul amili bu transferdə həlledici oldu. Lakin Ruslanla elə söhbətimiz olmadı ki, bu qədər maaş versək, komandada qalar. Bu məsələlərə mən qarışmırdım, Bəxtiyar Musayev və Tahir Süleymanovun nəzarətində idi. Düzdür, klub prezidenti olaraq tam kənarda qaldığımı deməzdim, mən də bilirdim ki, nə var, nə yox. Ancaq hər şey o qədər tez baş verdi ki, Ruslana heç “yolun açıq olsun” deməyə imkanımız olmadı. Bir də xəbər gəldi ki, “Xəzər Lənkəran”a keçir.

– Abışov ilk növbədə niyə “Neftçi” ilə danışıq aparmadı?

– Ruslan bizdən tutaq ki, 200 min maaş alırdısa, “Xəzər Lənkəran” isə ona 400 min təklif edirdisə, gəlib mənimdə danışmasının mənası olmazdı. Onunla hər dəfə üz-üzə gələndə görüşüb danışırıq. Çünki bu idmandır. Bir futbolçu komandada qalmaq istəmirsə, onu zorla saxlamaq olmaz. “Neftçi” böyük klub, Azərbaycan futbolunun tarixidir.

– Gürcüstan “Zestafoni”si, İsrail “Hapoel”i və Kipin APOEL klubları ilə oyunları xatırlayırsınız? Maraqlıdır ki, “Neftçi” “Zestafoni” ilə cavab matçında problemlərlə üzləşdi, “Hapoel” ilə təzyiq altında oynaya bilmədi, ancaq APOEL-i nisbətən çətinliksiz keçdi.

– APOEL ilə səfər oyununda konvoy altında idik. Biz Kiprdə təyyarədən düşən kimi mühafizənin nəzarəti ilə hotelə yerləşdirildik. Gecə saat 2-də futbolçularımız istirahət etdiyi vaxt rəqib fanatlar hotelin qarşısında ciddi tərbiyəsizlik edirdi. Hətta mən müsahibələrimin birində də demişəm ki, biz 20 min tərbiyəsiz azarkeşin qarşısında çıxıb APOEL-i məğlub etdik. Həm də Nikosiyada ermənilər çoxdur, təxribat törədirdilər. Məsələn, Türkiyənin bayrağını yandırdılar və s. Ovaxtkı mətbuat xidmətimizin rəhbəri Gündüz Abbaszadəyə də təzyiq göstərdilər, harasa apardılar. Bütün bunlara etiraz etdik, həmin matça stadionda deyil, foyedə baxdıq. Hər şeyə baxmayaraq, komandamız Kiprə çox inamlı getmişdi. Orada Vobay möhtəşəm oynadı, eləcə də Flavinyo, Rəşad Sadiqov, Cavid İmamverdiyev – hər biri fərdi şəkildə yüksək səviyyədə çıxış etdi. “Neftçi”nin Avropa Liqasının qrupuna düşməsi bizim də rəhbərlik olaraq ilk təcrübəmiz oldu.

– “Neftçi”nin “Hapoel”ə 0:4 hesabıyla uduzduğu səfər matçında zəif çıxış etməsinin səbəbi nə idi?

– Böyükağa müəllimin ağır vəziyyəti ilə üst-üstə düşdü, komandanı həmin oyuna Tərlan Əhmədov çıxardı. Mitreskinin də atası rəhmətə getmişdi. Yəni ki, problemlər yaranmışdı. Məşqçidən məşqçiyə böyük fərq var. Tərlanı pisləmirəm, amma baş məşqçinin yeri başqadır. Futbolçular kənarda onu görməyəndə istər-istəməz bir qədər narahatlıq keçirirlər.

– “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində səfərdə “İnter”lə 2:2 hesablı heç-heçə ilə bağlı hansı xatirələriniz qalıb?

– O bir möcüzə idi. Hamı deyirdi ki, “İnter” evdə “Neftçi”yə 4-5 top vuracaq. Lakin komandamızın İtaliyada necə mübarizə apardığını gördünüz. Rəşad Sadiqov gözəl qolla yadda qaldı. İlk 25 dəqiqədə futbolçularımız qısa ötürmələri rəqibi dəli etmişdi, psixoloji cəhətdən onları “öldürdük”. Matçdan öncə “İnter” rəhbərliyi ilə görüşdük, bizi axşam yeməyinə dəvət etdilər. Luiş Fiquya şəkil təqdim etdik. Bizi çox yaxşı qarşıladılar. Oyundan sonra da bizi təbrik etdilər. Matçı “İnter”in sabiq prezidenti Massimo Moratti və idman direktoru Fiqu ilə birgə izlədik. Oyun vaxtı hərdən mənə tərəf dönüb “komandan nə edir?” deyirdilər. “Neftçi”nin əzmkarlığı xoşlarına gəlmişdi. Komandada istək, özünəinam var idi. Bütün futbolçular özlərini yaxşı tərəfdən göstərməyə can atırdı. Əsas hədəfimiz Avropa Liqasına düşmək və gücümüz çatana qədər oynamaq idi ki, bunu da bacardıq.

– 1 il sonra mövsüm bitən kimi Nikolas Kanales “Kolo-Kolo”ya yollandı. Onun gedişində günah kimdədir?

– Kanaleslə 1 illik müqaviləmiz qalırdı. O zaman çalışırdıq ki, uzunmüddətli sözləşmə imzalamayaq, çünki transfer xərclərindən qorxurduq. Başa düşürdük ki, məsələn, 2+1 illik müqavilə bağlasaq, sonra hansısa futbolçu boynumuzda qala bilər. Bilirsiz ki, FIFA da mübahisəli vəziyyətlərdə həmişə oyunçunun tərəfini tutur. Sabah hansısa futbolçu oynamayanda mümkün cərimələrdən ehtiyat edirdik. Kanalesə 200 min maaş verirdiksə, o, “İnter”ə qol vurandan sonra daha yüksək təkliflər almağa başladı. Agenti bizə yaxınlaşıb bu haqda bildirdi. Biz də məcbur olub Kanalesi buraxdıq.

– “Skenderbeu” ilə oyunlarda Kanalesin yoxluğu çox hiss olundu.

– Hər bir futbolçunun öz dəyəri var. Qiymət süni şəkildə şişəndə biz bu işin altına girə bilməzdik. Kanalesi buraxmaqdan başqa əlacımız yox idi. Futbolçuya və agentinə həddən artıq pul verib saxlayacağamsa, həmçinin sponsoru da pis vəziyyətdə qoymuş olacağam. Buna görə oyunçunu göndərməyə və bu mövqeyə yeni transfer etməyə məcburam. Gələcək futbolçunun da gəlib uyğunlaşması müəyyən vaxt alır. Alınan Melvin Platye isə gözlənilən effekti vermədi.

– Kanales 1 il sonra – 2014-cü ilin yayında qayıtsa da, əvvəlki səviyyədə oynamırdı.

– Bəli, o, artıq tükənmişdi, əvvəlki səviyyədə çıxış etmədi. Hər bir futbolçunun yaxşı dönəmi olur. Kanales 27 yaşında “Neftçi”yə gələndə pik səviyyəsində idi. Sonra qayıdanda sanki ortalıqda qaldı.

– Kanales də Abışov kimi klubu əvvəlcədən xəbərdar etmədən getdi?

– Yox. Ruslanın agenti qardaşı idi. Özünün müqavilə müddəti bitdiyinə görə ayrıldı. Kanalesin agenti isə öncədən bizə yeni sözləşmə imzalamayacaqlarını bildirdi. Danışıq masasına əyləşmədik, çünki bizdən nə istəyəcəyi bəlli idi. Elə bil ki, hansısa futbolçu bu mövsüm min manata oynayır, gələn il 5 min tələb edir. Bu, nə dərəcədə düzdür? Ancaq transfer etdiyimiz heç bir futbolçu bizə qarşı nankorluq etmədi. Özlərini yaxşı tərəfdən göstərdilər, müqavilə müddəti başa çatanda da getdilər.

– “Neftçi” ardıcıl 3 çempionluqdan sonra 2013/2014 mövsümündə zirvəni “Qarabağ”a təhvil verdi. Həmin “futbol ili” necə yadınızda qalıb?

– Vallah, xatırlamaq istəmirəm. Bizim üçün ağır mövzudur. Bir komanda zirvəyə yüksələndə orada insanlarda müəyyən təkəbbürlük yaranır. “Onsuz da yenə çempionuq” və s. Məsələn, hansısa idmançı və ya komanda ardıcıl 5 il çempiondursa, deməli, həmin idman növü və ya liqada inkişaf yoxdur. “Qarabağ” nümunəsinə baxa bilərik. Çempionlar Liqasının pley-offuna yüksələn komandaya birdən-birə nə oldu? Bu mövsüm Misli Premyer Liqasında ikinci yeri tuta bilib-bilməyəcəyi hələ bəlli deyil.

– Amma “Qarabağ”ın hegemonluğu “Neftçi” ilə müqayisədə uzun çəkdi.

– Bunun səbəblərindən biri həm də liqadakı bəzi komandaların özünə gələ bilməməsi oldu. Həmin dönəmdə inkişaf yox idi, indi isə var. “Neftçi” güclənib, “Sabah” o yandan, “Turan Tovuz” bu yandan. “Qarabağ” artıq bilmir nə etsin. Qurban Qurbanov da düşünür ki, necə oynasın, kimi meydana buraxsın. Çünki sabah ona da sual veriləcək ki, Çempionlar Liqasında o cür çıxış etdiniz, Azərbaycan çempionatında isə heç nə edə bilmədiniz? Həqiqətən, inkişaf görünür. “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir. Avrokuboka vəsiqənin halal sahibi “Neftçi” olmalıdır ki, qarşısını aldılar. Niyə aldılar? Kim etdi? Burada 100 faiz müdaxilə, qərəz var. Nə oldu, bir matçda da “Neftçi”nin xeyrinə qərar versinlər də. Bütün bunları düşünmək, analiz etmək lazımdır. Azərbaycan futbolunun tarixi olan “Neftçi”ni silmək istəyirlər? Bacarmayacaqlar, çünki “Neftçi” artıq tarixdədir. Bu klubu heç kim silə bilməz.

– Sizcə, “Neftçi”yə qarşı bu davranışın bunun səbəbi nədir?

– Vallah, bilmirəm. Oturub təhlil edirik, baxırıq. Mənim ürəyim “Neftçi” ilə döyünür. Yadımdadır, Avropa Liqasının qrupunda “Partizan”la səfər matçından əvvəl zəng etdilər ki, 20 sentyabr – Neftçilər Günüdür, bu gün uduzmaq olmaz. Allaha dua etdim ki, məni öldür, lakin bu oyunda bizi məğlub olmağa qoyma. Serbiyada 0:0 hesablı heç-heçə etdik. Bu gün çempionatda inkişaf istəyiriksə, hakim səhvlərinin sayı minimuma endirilməlidir. Referi monitora baxıb öz səhv qərarında qalırsa və VAR otağında əyləşən 3-4 hakimin sözü keçmirsə, VAR nəyə lazımdır?

– Sizin dövrünüzdə “Neftçi”yə qarşı indiki haqsızlığı edə bilərdilər?

– Edirdilər, ancaq cavablarını alırdılar. Bilirdilər ki, gələn oyunda bunu etmək olmaz. Belə haqsızlıq etmək camaatın taleyi ilə oynamaq deməkdir.

– “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Zirə” ilə kubok matçından sonra çıxıb ortaya mövqeyini qoydu, Əliyar Ağayevi sərt tənqid etdi. “Neftçi” rəhbərliyində niyə bu cür açıqlama verən yoxdur?

– “Neftçi” bir neçə oyundan sonra öz etirazını bildirdi, bəyanat yaydı. Düzdür, fərd olaraq bunu edən olmadı. Sadəcə, “Neftçi” rəhbərliyi özünü o səviyyəyə salmaq istəmir ki, hər epizoda görə kimsə açıqlama versin. Çox təmkinki və doğru hərəkət edirlər. Bazar günüdür, heç kim yoxdur, klub birinci gün bəyanatını yaydı. Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da çıxıb dedi ki, bəli, səhv qərarlar verilib. Amma bu açıqlama heç nəyi dəyişmir. Bu postu elə bir insan tutmalıdır ki, heç bir komandanın haqqı yeyilməsin, hakimlər məsuliyyətini dərk etsin. 90+4-cü dəqiqədə o cür vurulan qolu qeydə al, ona-buna qırmızı vərəqə göstər… Vallah, həmin gün infarkt keçirsəydim, bundan yaxşı idi. Bu cür hallara görə komandanın özünəinamı itir. “Neftçi” rəhbərliyindən kimsə çıxıb açıqlama versəydi, nə dəyişəcəkdi ki? Mütəxəssis olmasam da, bu cür səhvlərin qərəzli olduğunu düşünürəm. Videotəkar varsa və analiz edə bilirsənsə, lakin baxmırsansa, deməli, qərəzdir.

– Sizin dönəminizdə “Neftçi” həm də iki dəfə ölkə kubokunun qalibi olub. “Xəzər Lənkəran”la finalda dava da düşdü.

– Həmin an mən və “Xəzər Lənkəran”ın prezidenti Mübariz Mənsimov paltardəyişmə otağına gedən yolda söhbət edirdik. Oyunsonrası penaltilər seriyasında qalib gəldik, bu isə hər zaman “lotereya”dır. Stamenkoviç orada rəqib futbolçuları bir qədər qızışdırdı. Futbolda belə şeylər olur. Rəqibin baş məşqçisi Con Toşak da baş hakim Əliyar Ağayevə nəsə dedi. Ancaq pis şeyləri kənara qoyaq. O matçın gedişatı və ajiotajını nəzərə alsaq, bu gün Azərbaycanda elə bir derbi yoxdur və olmayacaq da. “Xəzər Lənkəran”la oyunlarımız həmişə prinsipial olub. Bizi də səfərdə səhərə qədər meydanda saxlamışdılar (gülür). Düzdür, bəzi hərəkətlərin səhv olduğunu görürsən, amma əla rəqabət idi. Futbolun da öz incəlikləri var, gərək belə şeyləri qəbul edib oynayasan.

– Hakimliyin bu cür bərbad olduğu mövsüm xatırlayırsınız?

– O qədər olub ki! Cərimə meydançasından yarım metr öndə yaşanan epizoda görə “Neftçi”nin qapısına penalti təyin edirdilər.

– Bəzi komandaların azarkeşləri vaxtilə hakimlərin “Neftçi”yə də çox kömək olduğunu deyirlər.

– Yox, “Neftçi”yə nə kömək edəcəkdilər? Kimin buna marağı ola bilərdi ki? “Neftçi” elə klub deyil ki, kimdənsə bunu xahiş etsin. Oyunumuz, transferlərimiz göz qabağında idi. O qədər kadrlar var, açıb baxmaq olar ki, “Neftçi”yə necə davranıblar. Böyükağa müsahibələrinin birində bu haqda yaxşı danışmışdı, bir sıra matçlarda əleyhimizə olan hakim qərarlarını saymışdı. Lakin o vaxt VAR yox idi, məsələ budur.

– Bir mövzuya da toxunum. Emil Mpenza ilə bağlı maliyyə məsələsi çox danışılmışdı…

– Bu, mənim üçün də hələ də qaranlıq qalır. Mpenza ilə 2 illik müqavilə imzaladıq, bir mövsüm oynatdıq. Həmin “futbol ili”nin pulunu alıb çıxıb getdi. Sonra ona Antalyaya bilet aldıq, gəlmədi. FIFA-ya müraciət edən Azərbaycanın ilk klubu olduq ki, futbolçu qayıtmır. Necə oldusa, ali futbol qurumu 4 il bu məsələni araşdırdı. Tahir Süleymanov bu məsələni daha yaxşı bilir, işin içində idi. Özü də sonda biz bu prosesdə qalib gəlirdik. Ancaq rəhbərlik dəyişəndən sonra necə oldusa… Mpenza əlində əsas tutmuşdu ki, Böyükağa guya çıxışında “belə getsə, onu yola salacağıq” söyləyib. Bu da futbolçunun xətrinə dəyib, qayıtmayıb. Amma bu, heç cür əsas ola bilməz, çünki müqaviləsi var. Ona aldığımız bilet hələ də qalıb. Mən “Neftçi”yə gələndə klubun bir sıra oyunçularla problemi var idi. Lakin hər biri ilə razılığa gəldik. Prezident postunu tutduğum dönəmdə və ya sonra hansısa futbolçu haqda pis danışdığımı eşitmisiniz? Yox, belə bir şey olmayıb, olmayacaq da.

– “Neftçi” azarkeşləri üçün Sadıq Sadıqov bəlkə də klub tarixinin ən yaxşı rəhbəridir. Bunu qəbul edirsiniz?

– Xeyr, bu cür təkəbbürlü insan deyiləm. Biz öz missiyamızı yerinə yetirmişik. Təkcə “Neftçi” PFK-da deyil, çalışdığım hər yerdə işimə məsuliyyətlə yanaşmağa çalışmışam. İndi də “Neftçi” İdman klubunun İdarə Heyəti sədrinin müşaviriyəm. 26 idman növü üzrə dövlətə illik 1100-1200 medal veririk. Bu, mənim peşəmdir və fəxr edirəm ki, bununla məşğulam. Bəli, “Neftçi” PFK ilə pik dövrünü yaşadıq. Komandaya sevgimiz o qədər böyük idi ki, evimizi qoyub orada idik. Bu gün “Neftçi”nin dırnağına dəyən bir daş mənim başıma dəyir. Biz bir kollektiv idik: xadimə, mühafizəçi, aşpazından tutmuş mənə qədər hamının o uğurlarda haqqı var. Bəli, mənə qismət oldu ki, klubun rəhbəri oldum. Ancaq o heyət olmasaydı, belə uğurlar qazanmazdıq.

– Ötən ilin noyabrında “Neftçi” İdman klubunun İdarəetmə aparatının rəhbəri vəzifəsindən ayrıldınız və İdarə Heyəti sədrinin müşaviri oldunuz. Bunun səbəbi nə idi?

– Bu, öz təşəbbüsümlə baş verdi. Kadr islahatı vacibdir. Yerimə gələn daha gənc, daha enerjili insandır. Mən də müşavir kimi dəstək oluram. Bütün məsələləri birgə müzakirə edirik. Xətir-hörmət, böyük-kiçik yeri var. Çalışırıq ki, daha böyük uğurlar qazanaq.

– Hazırda “Neftçi” PFK-nin prezidenti olsaydınız, komandanın nəticələri bu cür olardı?

– Gedişimdən sonra klubda bir neçə rəhbər dəyişdi. Çingiz Abdullayev, Kamran Quliyev və s. Düzdür, indi “Neftçi” bir az düzəlir. 4-5 il enişdə olan komandanı birdən-birə yuxarı pillələrə qaytarmaq çox çətindir. Rəhbərlikdə yer alan hər adamın öz düşüncəsi var. Amma komandanın son 4 turdakı oyununa baxırsan ki, istək var. Təəssüf ki, “Zirə” ilə oyunda itirilən 2 xal “Neftçi”nin avrokuboka yollanmasına imkan verməyəcək.

– Nə vaxtsa AFFA-da işləmək istəmisiniz?

– Yox, heç vaxt belə bir təklif də almamışam. Mənim öz işim-gücüm var. 26 idman növü üzrə dövlət qurumları arasında yarışlardayıq. Basketbol, voleybol, boks, cüdo, taekvando, güləş və s. Elə bir şərəfli və möhtəşəm işlə məşğuluq ki, olduğum yerdən tam razıyam.

– “Qaradağ Lökbatan”dakı fəaliyyətinizdən danışa bilərsiniz?

– “Qaradağ Lökbatan” “Neftçi” İdman Klubunun nəzdində fəaliyyət göstərir. Onun rəhbəri aşağı-yuxarı elə buranın rəhbəridir. Bu komanda mənim dönəmimdə də, indi də inkişaf edir. Düzdür, Amil Quluzadəni baş məşqçi təyin etdik, bacara bilmədi, 2-ci Liqaya düşdük. Bu mövsüm komanda hazırda 2-ci yerdə gedir, sonuncu turda lider “Xankəndi” ilə oynayacaq. Liqanın həlledici matçı olacaq. Cari mövsüm yeni – “altılıq sistemi”ni tətbiq ediblər. İlk pilləni tutsaq, əla olar. Mövsümü 2-ci yerdə bitirsək, çətin olacaq, çünki 1-ci Liqanın 9-cusu ilə pley-offda qarşılaşacağıq. Düzdür, “Xankəndi” də böyük addır. Bu komanda əsas liqalara çıxsa, yaxşı olar.

– O vaxt sizin “əlinizdən su içənlərdən” biri də son vaxtlar səhhəti ilə bağlı ciddi problemlər yaşayan Kamal Quliyev olub.

– Kamalı 1 il əvvəl “Qaradağ Lökbatan”a qaytarmaq istədim. Cəmi 1 ay bu postda qaldı, komanda hələ yeni yığılırdı. Sonra səhhətində ciddi problemlər yarandı. Düzü, komandanı qoyub getmək istəmirdi, qalıb işləmək niyyətindəydi. Ona dedim ki, sağlamlığın daha vacibdir. Ardınca müalicəyə başladı. Bildiyim qədərilə AFFA və dostları ona kömək ediblər. Kamalın qara ciyəri ilə bağlı ciddi problemləri var, Allah köməyi olsun! Yaxşı ki, həmin vaxt onu getməyə razı saldım. Yoxsa mövsümün ortasında vəziyyəti lap ağırlaşsaydı, necə olacaqdı? Əvvəl səhhəti ilə belə probleminin olduğunu bilmirdim, artıq seleksiya işlərinə başlamışdıq. Gəldiyi 10-cu gün idi, dedilər ki, deyəsən, durumu yaxşı deyil. Sonra qara ciyər serrozunun olduğunu öyrəndim. Kamal öz dövrünün ən yaxşı azərbaycanlı futbolçularından biri olub.

– Cüdoda, yoxsa “Neftçi” PFK-da işləmək sizin üçün daha çətin idi?

– Əlbəttə, cüdoda. Elə bir idman növüdür ki, dünyada futbol qədər danışılmır. Lakin Azərbaycanın futboldan fərqli olaraq, cüdoda böyük ənənəsivar. Cüdo məktəbi dünyada həmişə sayılıb-seçilib. 4 olimpiya çempionumuz, 2 olimpiya medalçımız var. Cüdo ağır və həssas idman növüdür. Futbolun da öz ağırlığı var. Ancaq cüdo daha çətindir. Olimpiadada iştirak edir, oradan qızıl medal gətirirsən. Futboldakı nailiyyətlərimiz isə heç o deyil.

– Tokio Olimpiadasından sonra cüdoda rəhbərlik dəyişdi, çünki nəticələrimiz o qədər də yaxşı olmadı. Bunun məntiqi səbəbi kimi koronavirusu göstərmək mümkündür. Bəs cüdoçularımızın Rio de Janeyro Olimpiadasındakı çıxışını necə dəyərləndirirsiniz? Həmin vaxt rəhbər siz idiniz.

– Rioda iki qızıl medal gözləyirdik, özü də eyni gündə qazana bilərdik. Elmar Qasımov və Rüstəm Orucov finala çıxdılar. Rüstəmin rəqibi həqiqətən çox güclü, dünya və olimpiya çempionu olan yapon idmançı idi. Elmar da həlledici görüşdə həmişə qalib gəldiyi rumıniyalı cüdoçu ilə qarşılaşdı. İdmançılarımızın bir qədər səbirsiz olması da rol oynadı. Təəssüf, qismət olmadı.

– Hidayət Heydərovla bağlı gözləntiləriniz nədir? Sizcə, onda arxayınlaşma var?

– Bilirsiniz, hər bir idmançıda eniş olur. Kimdənsə yapışa bilmərik ki, 2 qat olimpiya, 10 qat dünya çempionu olacaq. Hidayət kifayət qədər titullu idmançıdır. Amma o da insandır. İdmançıların da çəki və s. problemləri olur. Hidayətin bu gün-sabah 30 yaşı olacaq. O, 15 yaşından rejimlə yaşayan adamdır. O da qocalır, orqanizm yorulur. Son Avropa çempionatında finalda gürcü ilə kişi kimi güləşirdi. Həlledici görüşdə idmançını şido fəndi ilə uduzdurmaq ağlabatan şey deyil. Təəssüf ki, futbolda olduğu kimi, cüdoda da yerli komandaya simpatiya olur. Hidayətin bir qədər passiv güləşməyi şido vermək üçün əsas deyildi. Avropa çempionatının finalında bu cür yalnız konkret mübarizədən yayınan cüdoçu cəzalanır. Yeri gəlmişkən, Balabəy Ağayev, Zelim Tçkayev də Hidayət kimi “Neftçi” İdman Klubunun cüdoçusudur.

– Necə düşünürsünüz, Los Ancelesdə ardıcıl iki Olimpiadada çempion olan idmançımız olacaq?

– Çox çətindir. Hidayətdə çox güclü xarakter var. O, 73 kiloqram çəkidə qala bilsə, belə bir şans olar.

– Sizcə, gürcülərdən fərqli olaraq, bizim idmançılar niyə ardıcıl iki dəfə olimpiya çempionu ola bilmirlər? Bəlkə onlara verilən böyük pullar, şərait artıq idmandan fikirlərini yayındırır?

– Yox, səbəb bu deyil. Bizdə uşaqları 9-10 yaşından idmana yönləndirirlər. Onlar da gəlib 30 yaşına qədər qalırlar. Avropada elə idmançılar var ki, 15 yaşında gəlib 25 yaşda artıq karyeralarını başa vururlar. 20 il eyni çəkidə qalmaq çox çətindir. Peşəkar idmançı olmaq xəstəliyin ən pis növüdür, sağlam yerin qalmır. Hidayətin bədəni qırıq-qırıqdır. İdmançı kalori yığmaq üçün qidalanmalıdır. Amma həm də ciddi nəzarət etməlidir, çünki dopinq-test var. Hidayət bir az yeyir, çəkisi artır, sonra çəkisini salanda güc itirir, yenidən bərpa etməli olur. İdman elədir ki, çox ciddi intizam tələb edir. 3 Olimpiadada iştirak 12 il deməkdir. Elnur getdi, Hidayət gəldi, sabah da başqa böyük idmançı yetişdirə bilərik. İstedadlı, perspektivli gənclər çoxdur.

– Azərbaycan Cüdo Federasiyasının indiki fəaliyyətini necə dəyərləndirirsiniz?

– Super. Ölkədə 2-3 yaxşı idman federasiyası varsa, onun da biri cüdodur.

– Naxçıvanlı kimi “Araz-Naxçıvan”a simpatiyanız var?

– “Araz-Naxçıvan” uğur qazanmaq istəyirsə, ilk növbədə özünə yaxşı maliyyə dəstəyi tapmalıdır. İkincisi, Naxçıvandakı stadionun tam təmir olunmalı, komanda ora köçməlidir. Bu arenaya 8-12 min azarkeş gələ bilər. Lakin bildiyimə görə, stadion təmir olunmur, hər şey olduğu kimi də qalıb.

– Sizcə, “Araz-Naxçıvan” orada çıxış etsə, digər komandalar üçün ora gedib-gəlmək problem olmayacaq?

– Nə problem ola bilər? Biletləri alıb gedib-gələcəklər. Buradan Gəncəyə getmirlər? Hər klub maliyyə xərclərinə əlavə bənd salacaq. Sadəcə, Naxçıvanın bir xüsusiyyəti odur ki, qışda orada çox soyuq olur. Onda da meydança elə buz bağlayır ki, oynamaq mümkün deyil. Bunu da nəzərə almaq lazımdır. Logistikanı isə yoluna qoymaq olar. İnşallah, bu gün-sabah Zəngəzur dəhlizi açılacaq, gediş-gəliş daha da asanlaşacaq. Bir ara Kamran Quliyevin dönəmində “Neftçi” Türkiyəyə təlim-məşq toplanışına avtobusla getmişdi.

– İki oğlunuz var: İbrahim və Anar. Onlardan kimsə idmanla məşğul olub?

– Anar boksçu olub. Elə onun həvəsinə idmana gəlmişik. Ancaq yarımçıq dayandırmalı oldu, elmə üstünlük verdi. İbrahimin isə öz biznesi var.

– Son vaxtlar Suraxanıdakı “Neftçi” İSM-in bazası və “Qarabağ”ın ona iddia etməsi ilə bağlı məsələ də çox danışılır…

– Həmin ərazi “Neftçi” İSM-ə məxsusdur. “Qarabağ” rəhbərliyi də çox gözəl bilir ki, klubun inkişafı üçün ora 25 illik onlara icarəyə verilib. Çünki o vaxt Quzanlıda vəziyyət indiki kimi deyildi. Bizə Quzanlıda futbolun inkişafı lazımdır. Suraxanıdakı bazada biz Fərid Mənsurov, Rövşən Bayramov, Rəsul Çunayev kimi idmançılar yetişdirmişik. Ora gün ərzində 700-800 uşaq gəlib-gedir, əla zallarımız var. Suraxanıda yeganə ərazidir ki, pulsuzdur. Get “Qarabağ”a de ki, onlara verilən əraziyə baxmaq istəyirsən, gör səni buraxacaqlar? Amma “Neftçi”yə yaxınlaş, uşağını təmənnasız idmana yazdır. Yaxşı, biz öz ərazimizi də verdik “Qarabağ”a, bəs idmanla məşğul olan uşaqlar hara gedəcək? Niyə oranı istəyirlər? Çünki hər cür şərait var. Məgər Tahir Gözəlin tapa biləcəyi başqa yer yoxdur? Getsin boş ərazilərdə özünə baza tiksin də. Quzanlıda düzəltsin, komandanı orada qarşılasın.

– Yəni bu baza dəqiq “Neftçi” İSM-də qalacaq da?

– Biz xırda adamlarıq, sabah qərar veriləcəksə, onu icra edəcəyik. Lakin “Qarabağ” bununla camaatın haqqına girmiş olacaq. Gənclər və İdman Nazirliyi gəlib ora baxış keçirdi, güləş zalından film çəkdi ki, burada hansı idmançılar yetişib!

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
icma.az

1Источники