RU

Nəqliyyat eksperti: “Yol hərəkəti qaydalarına əməl etmək hər bir vətəndaşın məsuliyyətidir”

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri davam etsə də, ekspertlər bəzi hallarda qayda pozuntularının azalmadığını bildirirlər. Nəqliyyat sahəsi üzrə mütəxəssislər hesab edirlər ki, piyada və sürücülərin məsuliyyətsiz davranışı yol qəzalarının əsas səbəblərindən biri olaraq qalır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov QHT.az-a açıqlamasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinin aparıldığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə mediada davamlı olaraq məlumatlar yayımlanır və vətəndaşların piyada keçidlərindən istifadə qaydaları barədə məlumat almaması mümkün deyil.

“Demək olar ki, bütün gün bu mövzu ilə bağlı informasiya vasitələrində maarifləndirici məlumatlar verilir. Piyada keçidlərindən istifadə etməyin vacibliyini bilməmək artıq mümkün deyil. Əgər hər hansı vətəndaş bilərəkdən sürətli avtomobil yoluna çıxırsa, bunun qarşısını tam şəkildə almaq da çətindir. Hər yolda Yol Patrul Xidmətinin əməkdaşı yerləşdirmək fiziki olaraq mümkün deyil”, – deyə ekspert bildirib.

E. Cəfərov qeyd edib ki, yol hərəkəti təhlükəsizliyində əsas məsuliyyət vətəndaşların üzərinə düşür:

“İnsanlar öz təhlükəsizliklərini özləri qorumalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Hər bir vətəndaş bilməlidir ki, evdən çıxdığı andan etibarən onun hərəkətləri Yol hərəkəti haqqında qanunla tənzimlənir.”

Ekspert əlavə edib ki, bir çox hallarda yol hərəkəti iştirakçılarının səhlənkarlığı və bilərəkdən qayda pozmaları qəzalara səbəb olur. Onun sözlərinə görə, bəzi ərazilərin çəpərlənməsinə baxmayaraq, piyadaların yenə də həmin yerlərdən keçməsi inzibati məsuliyyət yaradır.

Zəhra Ağayeva

Избранный
40
qht.az

1Источники