RU

"Görüşlər Bakı və Kiyev arasında əməkdaşlıq perspektivlərini artırır" - POLİTOLOQ DANIŞDI

"Zelenskinin Azərbaycana səfərini həm Cənubi Qafqazda, həm də Avrasiya məkanında dəyişən geosiyasi reallıqlar fonunda qiymətləndirmək daha düzgün olar. Bu səfər, təbii ki, formal diplomatik təmas deyil, daha çox Ukraynanın müharibə şəraitində yeni tərəfdaşlıqlar qurmaq və siyasi manevr imkanlarını genişləndirmək cəhdinin tərkib hissəsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu görüş Azərbaycanın artan regional rolunu möhkəmləndirmək və onu yalnız enerji ixracatçısı deyil, həm də siyasi platforma kimi təqdim etmək baxımından əhəmiyyət daşıyır: "Kiyev üçün Bakı ilə yaxınlaşma bir neçə istiqamətdə strateji məna kəsb edir. Birincisi, Ukrayna müharibənin uzandığı şəraitdə Qərbdən kənar tərəfdaşlarla əlaqələri gücləndirməyə çalışır. Azərbaycan bu baxımdan həm enerji, həm logistika, həm də potensial hərbi-texniki əməkdaşlıq sahələrində alternativ imkanlar təqdim edir. Xüsusilə pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsi Kiyev üçün praktik əhəmiyyət daşıya bilər. İkincisi, Zelenskinin Azərbaycanın mümkün danışıqlar platforması kimi təqdim olunmasına işarə etməsi Ukraynanın diplomatik manevr sahəsini genişləndirmək niyyətindən xəbər verir. Bu isə həm Rusiyaya, həm də Qərb paytaxtlarına ünvanlanmış bir mesajdır ki, Kiyev müxtəlif vasitəçilik formatlarına açıqdır.

Bakı üçün bu səfər daha çox balans siyasətinin davamı kimi görünür. Azərbaycan artıq uzun müddətdir ki, Rusiya, Qərb və region ölkələri arasında nisbətən tarazlı xarici siyasət yürüdür. Zelenskinin səfəri və yüksək səviyyədə qarşılanması Bakının Ukraynanın ərazi bütövlüyünə prinsipial dəstəyini bir daha nümayiş etdirməklə yanaşı, onu münaqişə tərəfləri arasında potensial dialoq məkanı kimi önə çıxarır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu artırır və gələcəkdə vasitəçilik imkanlarını genişləndirə bilər.

Ümumilikdə, Zelenskinin Azərbaycana səfərinə geniş strateji və humanitar məzmun daşıyan bir prosesin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Səfər və razılaşdırılan məsələlər orta və uzunmüddətli perspektivdə həm Bakı, həm də Kiyev üçün yeni imkanlar yaradır. Azərbaycan bu münasibətlərdə həm öz milli maraqlarını qoruyur, həm də beynəlxalq əməkdaşlığa və humanitar dəyərlərə əsaslanan siyasətini davam etdirir. Bu isə ölkənin etibarlı, balanslı və proqnozlaşdırıla bilən tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir".

Müəllif: Günel Fərzəliyeva
Избранный
18
3
sia.az

10Источники