RU

“Hazırda müəyyən fasilə hiss olunsa da, gələcəkdə müharibə ehtimalı arta bilər” ŞƏRH

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün Amerikanın öz təklifləri var, İranın isə öz təklifləri mövcuddur. Bu təkliflər bir-birinə kəskin ziddir. Buna görə də danışıqlar və müzakirələr nəticə vermir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib:

“İlk görüş də İslamabadda nəticəsiz başa çatdı. İkinci görüş tərəflərin fərqli tələbləri səbəbindən ümumiyyətlə baş tutmadı. İranın xarici işlər naziri Abbas Araqşı təkbaşına İslamabada getdi. Lakin bu səfər əhəmiyyətli olmadı.

Amerikanın iki yolu var. Birinci yol yenə də müharibədir.

Amma bu yol artıq iki dəfə sınaqdan keçirilib və hələlik nəticə verməyib. Keçən ilin iyun ayında baş verən müharibə və son 40 gündən artıq davam edən qarşıdurma bunu göstərir. Növbəti müharibəyə başlamaq üçün hələlik fasiləyə ehtiyac var.

İkinci yol isə iqtisadi vasitələrlə İranı sıxışdırmaqdır. Hazırda Amerika rəhbərliyi bu yola daha çox üstünlük verir. Bu, Hörmüz boğazını nəzarətdə saxlamaq və İranın neft satışına imkan verməmək deməkdir.

Əgər neft sata bilməsə, əsas gəlir mənbəyi də itirilmiş olacaq. Üstəlik, bombardmanlar nəticəsində bir çox sənaye müəssisələri dağıdılıb, zavodlar bağlanır.

Məsələn, Ərdəbildə 1500 nəfər işdən azad edilib. 92 milyonluq əhalinin dolanışığını təmin etmək, sosial problemləri həll etmək və maaşları ödəmək getdikcə çətinləşir”.

Politoloq qeyd edib ki, SEPAH bu boşluqdan istifadə edərək hakimiyyəti ələ alıb:

“Lakin onun iqtisadiyyatı idarə etməsi sual altındadır. Silah istehsalı və uranın zənginləşdirilməsi mümkündür, amma əhalinin dolanışığını təmin etmək daha mürəkkəb məsələdir.

Bu isə o demək deyil ki, iqtisadi təzyiq nəticəsində əhali kütləvi şəkildə ayağa qalxacaq. Bu, əvvəl də baş verməyib və etirazlar zorla yatırılıb. Eyni vəziyyət yenidən təkrarlana bilər.

Buna baxmayaraq, ABŞ-ın hələlik ikinci yolu – iqtisadi təzyiq yolunu seçəcəyi ehtimal olunur. Hörmüz boğazı ilə bağlı razılaşma isə inandırıcı görünmür.

Müharibədən əvvəl belə bir problem yox idi. Trampın dörd əsas tələbi var idi: uranın zənginləşdirilməsindən imtina, mövcud ehtiyatın üçüncü ölkəyə verilməsi, bölgədəki silahlı qruplara dəstəyin dayandırılması və daxildə islahatların aparılması. İran bu tələbləri qəbul etmədi.

Üstəlik, Hörmüz boğazı məsələsi əlavə problem kimi ortaya çıxdı və bu məsələdə də razılaşma ehtimalı aşağı qiymətləndirilir.

Danışıqların getməməsi və müzakirələrin olmaması lokal toqquşma ehtimalını saxlayır. Hazırda müəyyən fasilə hiss olunsa da, vəziyyət dəyişməz qalsa, gələcəkdə müharibə ehtimalı arta bilər”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
icma.az

1Источники