RU

Gənclər niyə ev ala bilmir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda 25–30 yaşlı gəncin öz gücü ilə şəhərdə 2–3 otaqlı mənzil alması demək olar ki, mümkün deyil. Çünki ev qiymətləri artıq 200 min manatdan başlayır. Hətta ayda 4–5 min manat qazanan biri üçün belə bu, asan deyil, minimum 30–35 min manat ilkin ödəniş və təxminən 3 min manat aylıq kredit ödənişi tələb olunur. Bu isə cəmiyyətin çox az hissəsi üçün əlçatandır. Nəticədə, insanların böyük qismi ya kirayədə qalır, ya da şəhərdən uzaq ərazilərə köçür. Bu da gündəlik 3–4 saatlıq yol itkisi və həyat keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, burada həm obyektiv, həm də subyektiv faktorların təsiri var. "Çünki bir tərəfdən son üç onillikdə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində paytaxt və onun ətrafında ciddi iqtisadi təmərküzləşmə və sosial infrastruktur inkişafı müşahidə olunub. Bu da əhalinin daxili miqrasiyasının sürətlənməsinə, hətta nəzarətsiz daxili miqrasiyaya gətirib çıxarıb. Yuvarlaq hesablamalara görə, təxminən hər iki nəfərdən biri paytaxt və onun ətrafında yaşayır. Bu isə tələbi kəskin şəkildə artıran əsas amillərdəndir və nəticə etibarilə bazarda qiymət artımlarını şərtləndirir. Digər tərəfdən ölkədə yığılıb qalmış mənzil təminatı problemi mövcuddur. Çünki Azərbaycanda, xüsusilə işğal amilinin yaratdığı təsirlər də nəzərə alınmaqla, adambaşına düşən yaşayış sahəsi göstəricisi nə inkişaf etmiş ölkələrlə, nə MDB, nə də Qafqaz ölkələri ilə müqayisədə yüksək olmayıb və ciddi gerilik mövcud idi. Bununla yanaşı, mentalitet baxımından da mənzil ailənin əsas dayaq nöqtəsi və sütunu kimi qəbul olunur. Buna görə də tələbat var, amma bu tələbatın real tələbə çevrilməsi imkanları məhduddur".Ekspert bildirib ki, əmək bazarındakı şərtlər, qeyri-formal məşğulluğun mövcudluğu, əməyin tam leqallaşdırıla bilməməsi insanların ipoteka və digər maliyyə mexanizmlərindən istifadə imkanlarını məhdudlaşdırır. "Xüsusilə gənclərdə ilkin iş dövrlərində əməkhaqqının aşağı olması bu əlçatanlığı daha da azaldır. Bu da ümumilikdə prosesi daha mürəkkəb edir və mövcud həll mexanizmlərinin də çatışmazlıqları ortaya çıxır. Məsələn, ipoteka hüququndan istifadə edən sosial qruplar əsasən orta-yuxarı və yuxarı gəlirli təbəqələrdir. Dövlət qulluğunda çalışanlara verilən üstünlüklər və gəlir limitlərinin olmaması nəticəsində bu imkan daha çox yüksək gəlirli qruplar tərəfindən istifadə olunur. Banklar riskləri nəzərə alaraq daha sabit və yüksək gəlirli müştərilərə üstünlük verirlər. Nəticədə dövlət ipoteka mexanizmindən istifadə imkanları müəyyən qədər məhdudlaşır. Bundan başqa, mövcud sistemdə bəzi insanlar bir neçə mənzil əldə edərək onları kirayəyə verir və bu hüquqdan kommersiya məqsədilə istifadə edirlər. Beləliklə, ipoteka mexanizmi sosial ehtiyacı olan şəxslərdən çox, müəyyən hallarda biznes məqsədinə çevrilir. Bu isə azgəlirli və mənzil şəraiti zəif olan insanların imkanlarını daha da məhdudlaşdırır".Onun sözlərinə görə, ona görə də ipoteka və güzəştli mənzil proqramlarında müəyyən məhdudiyyətlərin tətbiqi vacibdir. "Məsələn, gəlir limiti, mənzili olan şəxslərin iştirakının məhdudlaşdırılması kimi meyarlarla bu sistemin daha ədalətli və əlçatan olması mümkündür. Gənclərin paytaxt və ətrafında məskunlaşmasının başqa səbəbi də əmək bazarı ilə bağlıdır. Hazırda bir çox ixtisas üzrə iş imkanları regionlarda məhduddur. İnsanlar təhsil alır, lakin regionlarda bu ixtisaslara tələbat olmadığı üçün məcburən paytaxta üz tuturlar. Bundan başqa, orta əməkhaqqı paytaxtla regionlar arasında 2–3 dəfə, bəzi sahələrdə isə 4–5 dəfə fərqlənir. Bu da insanların daha inkişaf etmiş iqtisadi mərkəzlərə yönəlməsinə səbəb olur. Eyni zamanda sosial infrastruktur da mühüm rol oynayır. Asudə vaxt imkanları, mədəni mühit, uşaqlar üçün keyfiyyətli təhsil və səhiyyə xidmətləri kimi amillər də paytaxta köçü artırır".Ekspert bildirib ki, ümumilikdə isə bu vəziyyət regionlararası tarazlı inkişaf siyasətinin tam uğurlu olmamasının nəticəsidir. "Əgər ölkə üzrə bir neçə güclü iqtisadi, sənaye və mədəniyyət mərkəzi formalaşdırılsaydı, bu qədər mərkəzləşmə yaranmazdı və mənzil əlçatanlığı problemi də bu qədər dərin olmazdı. Nəticə etibarilə, burada çoxşaxəli sosial-iqtisadi amillərin yaratdığı kompleks problem var və onun həlli yalnız davamlı, kompleks və məqsədyönlü şəkildə mümkündür".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
demokrat.az

1Источники