RU

Xəritədən silinəcək dövlətlər İqlim müharibəsi başlayıb?

ain.az bildirir, Demokrat.az portalına istinadən.

İqlim dəyişikliyi artıq sadəcə ekoloji problem olmaqdan çıxaraq, qlobal təhlükəsizliyin ən böyük təhdidinə çevrilməkdədir. Dünyanın müxtəlif nöqtələrində artan quraqlıq, su qıtlığı və kəskin təbiət hadisələri dövlətlər arasında yeni növ münaqişələrin "iqlim müharibələrinin" bünövrəsini qoyur. Resurslar uğrunda mübarizə gələcəkdə hərbi doktrinaların əsasını təşkil edəcək. Xüsusilə içməli su mənbələri üzərində nəzarətin itirilməsi və kütləvi iqlim miqrasiyası geosiyasi xəritəni kökündən dəyişə bilər. Beynəlxalq strateji araşdırma mərkəzləri bu vəziyyəti "təhlükəsizlik təhdidləri üçün katalizator" kimi qiymətləndirərək həyəcan təbili çalır. Artıq Arktikadan Afrikaya qədər bir çox bölgədə resurs rəqabəti açıq qarşıdurma mərhələsinə keçmək riskindədir. Bu gərginlik fonunda dünya birliyinin iqlim böhranına qarşı birgə müdafiə mexanizmləri qurması artıq seçim deyil, bir məcburiyyətdir. Gələcəyin ən təhlükəli müharibə forması hesab edilən bu ssenarilər yaxın onilliklərin əsas gündəmini formalaşdıracaq.Bu barədə Demokrat.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, dünya iqlim dəyişikliyini son 20-30 ildə, maksimum 40 ildə qəbul etməyə başlayıb:“Artıq aydın olub ki, iqlim dəyişikliyi həqiqətən mövcuddur və ətraf mühitə vurulan zərər bu dəyişikliklər fonunda yenidən dünyaya qayıdır. Bu məsələ bu gün müəyyən mənada sui-istifadə mövzusuna da çevrilib və artıq “iqlim müharibələri” anlayışı gündəmə gətirilir. Son dövrlərdə, bildiyiniz kimi, daha çox su müharibələrindən danışılırdı. İqlim dəyişiklikləri fonunda su qıtlığının yaranacağı və artıq müəyyən dərəcədə mövcud olduğu qeyd edilir. Bu isə guya gələcəkdə ölkələr arasında su uğrunda münaqişələrə səbəb ola bilər. Hazırda belə vəziyyət mövcud deyil. Su ehtiyatlarının tənzimlənməsi beynəlxalq qanunlar və konvensiyalar vasitəsilə, həmçinin qonşu dövlətlər arasında əməkdaşlıq prinsipləri əsasında mümkündür. Yəni bu məsələlər hələ müharibə səviyyəsinə çatmayıb və ümid edirəm ki, bundan sonra da çatmayacaq. Digər tərəfdən, miqrasiya ilə bağlı münaqişələr ehtimalı var. Su qıtlığı və digər iqlim faktorları səbəbindən bir ölkədən digərinə miqrasiya arta bilər və bu da müəyyən gərginliklər yarada bilər”. O bildirib ki, hazırda “iqlim müharibələri” termini də məhz bu kontekstdə su qıtlığı, miqrasiya və digər əlaqəli proseslər fonunda formalaşdırılır:“Əsas diqqət ətraf mühitə həssaslığın artırılmasına yönəlməlidir. Xüsusilə böyük sənaye dövlətləri, inkişaf etmiş ölkələr ətraf mühitə vurduqları ziyanı azaltmalıdırlar. Bu halda təbiət müəyyən dərəcədə özünü bərpa edə bilər və nə iqlim, nə də su müharibələrinə ehtiyac yaranmaz. Eyni zamanda, iqlim dəyişiklikləri fonunda ada dövlətlərinin yoxa çıxma ehtimalı artır. Dünya okeanının səviyyəsinin qalxması ciddi risklər yaradır. Bu baxımdan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bu məsələ üzərində ciddi şəkildə düşünməlidirlər. O cümlədən, bizim ölkədə də ekoloji mədəniyyətin və maarifçiliyin formalaşdırılması, genişləndirilməsi və dərinləşdirilməsi vacibdir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
86
demokrat.az

1Источники