Podqoritsa şəhərində Azərbaycan və Monteneqro xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isə XİN-in dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, mövcud siyasi dialoqun gücləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.