Neft qiymətləri ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşmasından əvvəlki səviyyələri də aşaraq son dövrün ən yüksək həddinə çatıb.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, İnvestorlar müharibənin dayandırılması və Hörmüz boğazı üzərində məhdudiyyətlərin aradan qaldırılması ehtimalı ilə bağlı İranın təqdim etdiyi təklifə ABŞ-nin verəcəyi cavabı gözləyir.
“Brent” nefti bir barreli 111 dolların üzərindədir. ABŞ xam nefti – Qərbi Texas nefti isə 3,7% artaraq 100 dolların bir qədər altında qərarlaşıb.
ABŞ Prezidenti Donald Tramp sosial media paylaşımında İranın strateji dəniz yolundakı blokadanın qaldırılmasını və Hörmüz boğazının mümkün olan ən qısa müddətdə açılmasını istədiyini bildirib.
İki ölkə arasında yaranmış gərginlik neft, təbii qaz və neft məhsullarının axınını ciddi şəkildə məhdudlaşdıraraq enerji qiymətlərini yüksəldib və inflyasiya risklərini artırıb.
Birləşmiş Ərəb Əmirliklərinin 1 maydan etibarən OPEC-dən ayrılma ehtimalı ilə bağlı dünənki gözlənilməz qərarından sonra qiymətlər qismən geriləyib.
Bazar iştirakçıları bu addımı İranla gərginlik bitdikdən sonra ölkənin hasilatı sərbəst artırmaq potensialı kimi qiymətləndirib.
İran Hörmüz boğazının açılması qarşılığında müvəqqəti razılaşmaya açıq ola biləcəyini bildirib. Lakin nüvə proqramı ilə bağlı daha mürəkkəb danışıqların sonraya saxlanılması nəzərdə tutulur. Tehran həmçinin boğaz üzərindən keçən dəniz nəqliyyatında müəyyən nəzarətin saxlanılmasında israr edir.
CNN-in vasitəçi mənbələrə istinadən yaydığı məlumata görə, Pakistan vasitəçilərinin yaxın günlərdə münaqişənin dayandırılması üçün yenilənmiş təklif alacağı gözlənilir.
Enerji analitikləri hesab edir ki, OPEC+ daxilində parçalanma və əsas istehsalçıların (xüsusilə Səudiyyə Ərəbistanı və Rusiya) hasilatı artırması qlobal neft bazarında əlavə dalğalanmalara səbəb ola bilər.