RU

Xviça Kvaratsxeliya PSJ-nin tarixinə düşdü – ARENA.AZ

UEFA Çempionlar Liqasının “Bayern”lə yarımfinal oyunu PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, Paris klubunun tarixində yeni rekordçuya çevrilib.

Belə ki, gürcüstanlı futbolçu UEFA Çempionlar Liqasında klub rekordunu yeniləyib. Xviça yarımfinal mərhələsinin “Bayern”lə ilk oyununda dubla imza atıb. Bununla da o, cari mövsümdə turnirdə 15 məhsuldar göstəriciyə (10 qol, 5 assist) imza ataraq PSJ tarixində bir mövsümdə ən yaxşı göstəriciyə sahib olub.

Kvaratsxeliya əvvəlki rekordçu Usman Dembeleni geridə qoyub. Fransalı hücumçu 2024/2025-ci illər mövsümündə 8 qol və 6 assist müəllifi olmuşdu.

Xatırladaq ki, PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarın 17-də heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.

Xviça indiyə qədər PSJ-nin heyətində 75 oyuna çıxıb, 26 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 49 oyuna 22 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
8
7
arena.az

10Источники