RU

Azad olunmuş ərazilərdə tikinti bumu regionların iqtisadi dirçəlişinə və dayanıqlı inkişafına güclü təkan verir

Bakı, 29 aprel, AZƏRTAC

Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tikinti üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, dövlətin vahid strategiya əsasında həyata keçirdiyi layihələr bölgədə sistemli və uzunmüddətli inkişaf modelinin formalaşmasına xidmət edir: “Azad olunmuş ərazilərdə aparılan tikinti işləri yalnız dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır. Burada paralel şəkildə müasir şəhərsalma prinsipləri tətbiq olunur, innovativ həllər və yeni texnologiyalar əsasında yaşayış məntəqələri qurulur. Bu isə həmin əraziləri gələcək üçün dayanıqlı və cəlbedici edir”.

Ekspert bildirib ki, həyata keçirilən layihələrdə yerli və xarici şirkətlərin iştirakı tikinti sektorunda rəqabət mühitini gücləndirir: “Bu, həm keyfiyyət standartlarının yüksəlməsinə, həm də tikinti proseslərinin daha çevik və səmərəli təşkilinə gətirib çıxarır. Eyni zamanda, iri layihələrin icrası üçün beynəlxalq təcrübənin ölkəyə gətirilməsi təmin olunur ki, bu da ümumi inkişaf səviyyəsinə müsbət təsir göstərir”.

Onun sözlərinə görə, 2021-ci ildən başlayaraq məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün genişmiqyaslı yaşayış layihələri icra olunur: “Yeni şəhər və qəsəbələr müasir şəhərsalma tələblərinə uyğun şəkildə planlaşdırılır. Sosial infrastruktur – məktəblər, xəstəxanalar, inzibati binalar, parklar və digər ictimai məkanlar kompleks şəkildə qurulur. Bəzi kəndlərin birləşdirilərək daha böyük yaşayış məntəqələrinə çevrilməsi isə idarəetməni asanlaşdırmaqla yanaşı, xidmətlərin keyfiyyətini artırır”.

Ekspertin fikrincə, tikinti sektorunda müşahidə olunan canlanma ölkə daxilində istehsal sahələrinin inkişafına da ciddi təkan verir: “Tikinti materiallarına olan tələbatın artması nəticəsində sement, metal konstruksiyalar, izolyasiya materialları və digər məhsulların istehsalı genişlənir. Bu isə yeni sənaye müəssisələrinin yaradılmasına, mövcud istehsal güclərinin artırılmasına və minlərlə yeni iş yerinin açılmasına səbəb olur”.

O vurğulayıb ki, azad olunmuş ərazilərdə həyata keçirilən layihələr yalnız iqtisadi deyil, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır: “İnsanların doğma torpaqlarına qayıdışı üçün yaradılan şərait onların həyat səviyyəsinin yüksəlməsinə, sosial rifahın təmin olunmasına xidmət edir. Müasir kommunikasiya xətləri, enerji təminatı, su və kanalizasiya sistemləri bu ərazilərdə rahat və təhlükəsiz yaşayışı mümkün edir”.

E.Fərzəliyev bildirib ki, yaxın perspektivdə bu ərazilərin tam şəkildə bərpa edilərək istifadəyə verilməsi regionlararası iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq: “Azad olunmuş ərazilər strateji coğrafi mövqeyə malikdir. Burada yaradılan infrastruktur nəqliyyat-logistika imkanlarını artırır, bu isə həm daxili, həm də beynəlxalq ticarət əlaqələrinin inkişafına şərait yaradır”.

Ekspert turizm potensialına da xüsusi diqqət çəkib: “Qarabağ və ətraf ərazilər zəngin təbiətə, unikal landşaftlara və tarixi-mədəni irsə malikdir. Artıq bu bölgələrə turist axını müşahidə olunur. Mövcud hotellərin və istirahət obyektlərinin sayına baxmayaraq, artan tələbat yeni turizm layihələrinin həyata keçirilməsini zəruri edir. Bu isə investisiya cəlbediciliyini daha da artırır”.

Onun sözlərinə görə, hazırda bölgəyə səfər edənlərin böyük hissəsini yerli turistlər təşkil edir və bu, daxili turizmin inkişafına ciddi töhfə verir: “Gələcəkdə beynəlxalq turistlərin də bu ərazilərə marağının artacağı gözlənilir. Bunun üçün artıq müvafiq infrastruktur və xidmət sektoru formalaşdırılır”.

Ekspert əlavə edib ki, azad olunmuş ərazilərdə təhsil və sənaye potensialının inkişafı da prioritet istiqamətlərdəndir: “Yeni təhsil müəssisələrinin, peşə məktəblərinin və sənaye zonalarının yaradılması yalnız yerli əhali üçün deyil, ölkənin digər regionlarından olan insanlar üçün də geniş imkanlar açacaq. Bu isə daxili miqrasiyanı stimullaşdırmaqla yanaşı, regionların sosial-iqtisadi balansını gücləndirəcək”.

O vurğulayıb ki, həyata keçirilən layihələr paytaxtdan asılılığın azalmasına xidmət edir: “Regionların paralel inkişafı ölkə üzrə iqtisadi aktivliyin daha bərabər bölüşdürülməsinə gətirib çıxarır. Bu isə uzunmüddətli perspektivdə dayanıqlı inkişafın əsas şərtlərindən biridir”.

Ekspert, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinin əhəmiyyətinə toxunub: “Bu yanaşma müasir texnologiyaların tətbiqi ilə idarəetməni daha effektiv edir, enerji və digər resurslardan səmərəli istifadəni təmin edir. Rəqəmsal həllər insanların gündəlik həyatını asanlaşdırır, xidmətlərə çıxışı sürətləndirir və ümumilikdə həyat keyfiyyətini yüksəldir”.

E.Fərzəliyev qeyd edib ki, azad olunmuş ərazilərdə aparılan quruculuq işləri yalnız bugünkü tələbatları deyil, gələcək nəsillərin ehtiyaclarını da nəzərə alan kompleks inkişaf modelinə əsaslanır: “Bu proses təkcə bərpa deyil, həm də Azərbaycanın yeni iqtisadi və sosial inkişaf xəritəsinin formalaşdırılmasıdır”.

Müxbir - Vüqar Qurbanoğlu

Избранный
52
1
azertag.az

2Источники