RU

Azərbaycanda yeniyetmə qızlar üçün yeni təhlükə: onlayn manipulyasiya və rəqəmsal cinsi istismar riski artır

Azərbaycanda yeniyetmə qızların internet mühitində üzləşdiyi onlayn manipulyasiya və rəqəmsal cinsi istismar halları yeni sosial risk kimi qiymətləndirilir. Bu barədə Qadın və Müasir Dünya Mərkəzinin nümayəndəsi Südabə Şirəliyeva QHT.az-a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, rəqəmsal texnologiyaların və sosial media platformalarının geniş yayılması yeniyetmələr üçün ünsiyyət imkanlarını artırsa da, eyni zamanda onları görünməyən təhlükələrlə qarşı-qarşıya qoyur. Xüsusilə qız yeniyetmələr psixoloji manipulyasiya, emosional asılılıq yaratma, şəxsi məlumatların ələ keçirilməsi və intim görüntülərlə şantaj kimi hallarla üzləşirlər.

Bu tip istismar halları əksər hallarda gizli qalır: “Ailələrdə ‘biabırçılıq’ qorxusu, uşaqların günahlandırılmaqdan çəkinməsi və hüquqi prosedurlar barədə məlumatsızlıq səbəbindən hadisələr hüquq-mühafizə orqanlarına çatdırılmır. Bu isə həm qurbanların psixoloji vəziyyətini ağırlaşdırır, həm də cinayətkarların cəzasız qalmasına şərait yaradır”.

Onlayn manipulyasiya edən şəxslər əsasən saxta profillər vasitəsilə yeniyetmələrlə əlaqə qurur, qısa müddətdə etibar qazanaraq emosional bağ yaradır və daha sonra şəxsi məlumat və görüntülər əldə edərək təzyiq göstərirlər. Bu proses mərhələli şəkildə həyata keçirilir və klassik kiberzorakılıqdan fərqli olaraq daha uzunmüddətli psixoloji təsirlərlə müşayiət olunur.

Açıqlamada vurğulanır ki, xüsusilə ailədaxili problemlər yaşayan, emosional tənhalıq hiss edən, valideyn nəzarəti zəif olan və sosial şəbəkələrdə aktiv olan yeniyetmələr risk qrupuna daxildir.

Mütəxəssis bu halların qurbanlarda ciddi psixoloji nəticələrə səbəb olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, belə yeniyetmələrdə utanc hissi, depressiya, sosial təcrid, insanlara inamsızlıq və təhsil motivasiyasının azalması kimi problemlər müşahidə olunur.

Südabə Şirəliyeva əlavə edib ki, Azərbaycanda bu sahədə müəyyən institusional boşluqlar da mövcuddur. Bunlara məktəblərdə rəqəmsal təhlükəsizlik üzrə sistemli tədrisin olmaması, valideynlərin kifayət qədər məlumatlı olmaması və psixoloji dəstək mexanizmlərinin zəifliyi daxildir.

Problemin həlli üçün bir sıra təkliflər də irəli sürülüb. Bunlar arasında valideyn maarifləndirilməsi, məktəblərdə rəqəmsal təhlükəsizlik dərslərinin təşkili, anonim psixoloji dəstək xidmətlərinin yaradılması, hüquqi prosedurların sadələşdirilməsi və dövlət – QHT əməkdaşlığının gücləndirilməsi yer alır.

Sonda vurğulanıb ki, yeniyetmələrin rəqəmsal təhlükəsizliyi artıq təkcə texnoloji məsələ deyil, eyni zamanda insan hüquqları, uşaq müdafiəsi və sosial təhlükəsizlik məsələsidir.

Zəhra Ağayeva

Избранный
46
qht.az

1Источники