RU

Sel və daşqınlara qarşı ayrılan vəsait: Şəffaflıq əsas şərtdir

Azərbaycan Prezidenti tərəfindən sel və daşqınların təsirlərinə qarşı mübarizə məqsədilə 85 milyon manatdan artıq vəsaitin ayrılması mühüm və vaxtında verilmiş qərar kimi qiymətləndirilir. İqlim dəyişikliklərinin təsirlərinin getdikcə artdığı bir dövrdə bu addım həm əhalinin təhlükəsizliyinin təmin olunması, həm də mümkün iqtisadi itkilərin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı QHT.az-a açıqlama verən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib ki, əsas məsələ ayrılan vəsaitin necə və hansı mexanizmlərlə xərclənəcəyidir. Onun sözlərinə görə, şəffaflıq və səmərəlilik təmin edilmədən gözlənilən nəticələrə nail olmaq çətin olacaq.

R.Əliyev vurğulayıb ki, bu prosesdə ictimai nəzarətin rolu xüsusilə önəmlidir. QHT-lər layihələrə aktiv şəkildə cəlb olunmalı, görülən işlər barədə məlumatlar açıq şəkildə paylaşılmalı, mütəmadi monitorinqlər aparılmalı və hesabatlılıq təmin edilməlidir.

O, əlavə edib ki, sel və daşqınlardan daha çox zərər görən bölgələrdə dövlət–QHT əməkdaşlığı formal xarakter daşımamalı, real və davamlı mexanizmlər üzərində qurulmalıdır. Yerli icmaların maarifləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin tətbiqi bu istiqamətdə prioritet məsələlər hesab olunur.

Uzun illər ictimai nəzarət sahəsində fəaliyyət göstərdiyini qeyd edən Ramil Əliyev hesab edir ki, ayrılan vəsait düzgün idarə olunarsa, bu, yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, eyni zamanda gələcəkdə risklərə qarşı daha dayanıqlı sistemin qurulmasına da töhfə verə bilər.

Zəhra Ağayeva

Избранный
41
qht.az

1Источники