
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil edib.
Mərkəzi Bankdan Missiya.Az-a bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 12 faiz artıb, kredit kartlarının sayı isə 9 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz artıb.
2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,560 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 6,3 faiz, POS-terminalların sayı 46 faiz artıb.