Hörmüz boğazının bağlanması səbəbindən Türkiyənin əlavə xərcləri, neftin qiymətindən asılı olaraq, 13,6 milyard dollardan 24 milyard dollara qədər yüksələ bilər.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
Nazir jurnalistlərə açıqlamasında böhranın ölkə iqtisadiyyatına təsirini rəqəmlərlə ifadə edib:
"Böhran bizə aşağıdakı şəkildə təsir edə bilər. Əgər neftin qiyməti orta hesabla 100 dollar (bir barel üçün) səviyyəsində qalarsa, bu, ilin sonuna qədər əlavə 13,6 milyard dollar xərc deməkdir. Qiymət 125 dollar olarsa, xərclər 24 milyard dollara qədər artacaq. Bunlar sırf əlavə xərclərdir".
A.Bayraktarın sözlərinə görə, Hörmüz boğazındakı böhran səbəbindən Türkiyə xəzinəsi təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) məbləğində vergi gəlirindən məhrum ola bilər.
Musavat.com