“Azərbaycanda iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri olan milli sahibkarlıqda qadınların iştirak səviyyəsi də davamlı olaraq artmaqdadır. Xüsusilə kiçik və orta biznes sahəsində qadınların fəallığının yüksəlməsi inklüziv iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir”.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sahibkarlıq Gününə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı qeyd edib.
O, kənd təsərrüfatı sahəsində qadınların və gənclərin iştirakının genişləndiyi, ailə təsərrüfatlarının güclənməsi üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.
Qeyd edilib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma proqramları çərçivəsində kənd təsərrüfatı, turizm, xidmət və sənaye sahələrində yeni biznes subyektləri formalaşır, yerli və xarici investisiyalar üçün əlverişli mühit yaradılır. Bu proses həm iqtisadi dirçəlişə, həm də sosial reinteqrasiyaya xidmət edir.
B. Muradova vurğulayıb ki, sahibkarlar sosial məsuliyyəti artırmalı, qadınlar üçün şərait genişləndirilməlidir. Sahibkarlar iş yerlərində çalışanların, xüsusilə qadınların rahat və təhlükəsiz fəaliyyətini təmin etməlidir. Əgər qadınların əmək bazarında iştirakını artırmaq istəyiriksə, müəssisələrdə uşaq baxımı xidmətləri, səhiyyə imkanları, iş və ailə öhdəliklərini uzlaşdırmağa şərait yaradan mühit formalaşdırılmalıdır.
Bu, seçim məsələsidir və dövlət tərəfindən bu hüquqlar təmin olunmalıdır: “Lakin paralel olaraq işəgötürənlər belə fəaliyyət üçün zəruri təhlükəsizlik və sosial şəraiti yaratmalıdır. İnklüziv və dayanıqlı əmək mühitinin formalaşdırılması üçün sahibkarların sosial məsuliyyətə yanaşması daha da gücləndirilməlidir” – deyə Komitə sədri əlavə edib.
Komitə sədri çıxışında dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və sahibkarlar assosiasiyaları arasında əməkdaşlığın qadınların iqtisadi fəallığının artırılması baxımından mühüm rol oynadığını qeyd edib.
B. Muradova bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən qadınların iqtisadi fəallığının artırılması, ailə bizneslərinin inkişafı və sosial rifahın gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu çərçivədə regionlarda qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün təlimlər, maarifləndirici görüşlər və dəstək proqramları həyata keçirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта



