AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat cərimələyib.
"Cebheinfo.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna Misli Premyer Liqasının XXIX turunda "İmişli" ilə matçda yaşananlar səbəb olub.
"Gənclik şəhəri" təmsilçisinin formasında qüsurlar olduğu üçün görüş gec başlayıb. Klub buna görə 1 500 manat ziyana düşüb.
Komandanın azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə kluba 8 000 manat cərimə kəsilib. Bu hal mövsümdə dördüncü dəfə təkarlanıb. Bundan əlavə, "kimyaçılar"ın fanatları pirotexniki vasitədən istifadə etdiyinə görə klub 3 000 manat ödəməli olacaq.
"İmişli" isə beş nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. "Kəpəz" də "Şamaxı" ilə qarşılaşmada beş nəfər sarı vərəqə ilə cəzalandığına görə eyni məbləği ödəyəcək.
İntizam Komitəsi "Sabah" klubunu 7 500 manat cərimələyib. "Karvan-Yevlax"la qarşılaşmanın 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə görən Aleksey İsayev 2 oyunluq cəza ilə üzləşib və "bayquşlar"ı 1 000 manat ziyana salıb. Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna və bu hal mövsümdə üçüncü dəfə təkrarlandığına görə "Sabah" əlavə olaraq 6 500 manatından keçəcək.
"Karvan-Yevlax"da ikinci sarı vərəqəni alaraq meydandan qovulan Qavi Tompsona 1 matçlıq cəza, bölgə təmsilçisinə isə 500 manat cərimə tətbiq olunub.
"Cebheinfo.az"